Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Bərpa-quruculuq işləri Qələbəmizə layiq aparılır

Əlbəttə, işğaldan azad edilmiş torpaqlarda mövcud olan mənzərə böyük çətinliklər yaradır. Çünki hər tərəf dağıdılıb, infrastruktur dağıdılıb, binalar sökülüb, inzibati binalar sökü­lüb. Hazırda o yerlərdə yaşamaq üçün şərait yoxdur. Ancaq biz o bölgələri, bütün rayonları bərpa edəcəyik, vətəndaşlarımızın normal həyatı üçün bütün addımları atacağıq. Bildiyiniz kimi, ilk layihələr artıq icra edilməyə başlanmışdır. Prezidentin ehtiyat fondundan müvafiq vəsait ayrılmışdır.

İlham ƏLİYEV

Azərbaycan Respublikasının Prezidenti

 

Azərbaycan xalqı bir ildir ki, II Qarabağ müharibəsində qazanılan Zəfərin sevincini yaşayır. Bu bir il ərzində respublika ərazisində baş verən hadisələr, aparılan islahatlar onu göstərir ki, Vətən müharibəsindəki Qələbə, torpaqlarımızın işğaldan azad olunması son deyil, başlanğıcdır. Azərbaycan xalqı qalib xalqdır. Biz 30 ilə yaxın müddət ərzində düşmən tapdağı altında qalan torpaqlarımızı işğaldan azad edərək, təkcə ərazi bütövlüyümüzü bərpa etməmişik, həm də torpaq intizarı ilə böyüyüb boya-başa çatan, ata-baba yurdunun daşına-qayasına qovuşmaq istəyən nəsillərin həsrətinə son qoymuşuq. Bu müharibə bir sıra problemin sonu olduğu kimi, həm də başlanğıcdır. Hələ müharibənin davam etdiyi günlərdə Prezident İlham Əliyev çıxışlarında qeyd edirdi ki, işğaldan azad edilən torpaqlarda törədilən vəhşiliklərin miqyası hətta biz təsəvvür etdiyimizdən də qat-qat böyükdür. Belə olan halda, quruculuq işlərinin miqyası da böyük olmalıdır.

Ötən günlərdə aradan keçən otuz il ərzində ermənilərin bu torpaqlar­da özlərini heç vaxt xoşbəxt hiss edə bilməməsinin səbəbinin məntiqi əsaslarla diqqətə çatdırıldığı bir məqalə oxudum. Məlum olduğu kimi, düşmən hər zaman iddia edirdi ki, erməni xalqı xoşbəxt xalqdır, erməni xalqı “Dağlıq Qarabağ”da əbədi yaşayacaq. Amma tarix sübut etdi ki, ah-nalə üzərində xoşbəxtlik qurmaq mümkün deyil. Onlar bu torpaqlarda nəinki daş üstünə daş qoyub, hətta mövcud olanı da dağıdıb, məhv ediblər. Təsəvvür edin, 30 il bir ərazidə yaşaya­san, heç bir qurucu işlə məşğul olmaya­san. Əlbəttə, bunun bir çox səbəbi var. Birincisi, ona görə ki, ermənilər öz yalan dolu nağıllarına bürünüb qəflət yuxu­sunda yatsalar da, çox yaxşı bilirdilər ki, bu torpaqlarda əbədi yaşamayacaqlar. Bilirdilər ki, gec-tez haqq-ədalət bərpa ediləcək və onlar gəldikləri kimi də geri qayıdacaqlar. Belə də oldu. İkinci səbəb ondan ibarətdir ki, onların gözünü elə əvvəldən qorxu bürümüşdü. Onlar 44 gün ərzində Azərbaycan Ordusu tərəfindən dağıdılan istehkamları, hərbi hissələri, “keçilməz” beton divarları qurmaq üçün 30 il vaxt sərf etmişdilər. Ona görə də, məğlubiyyətlərinin yanğısı təkcə qa­nunsuz yollarla işğal etdikləri torpaqları itirməklə bağlı deyil, həm də öz xalqları­na, ordularına, ələlxüsus da, nağıllarına olan inamı itirmək ağrısıdır. Üçüncü və bəlkə də, ən önəmli səbəb isə budur ki, ermənilərdə hər hansı bir torpağı abad­laşdırmaq, yaşamaq üçün əlverişli mühit yaratmaq qabiliyyəti yoxdur. Müxtəlif xarici qüvvələrin dəstəyi ilə işğal etdikləri torpaqlarımızda törətdikləri vəhşiliklər, mədəniyyət ocaqlarına, ibadətgahlara etdikləri hörmətsizliklər onu göstərir ki, bu zavallı millətin heç özünə də hörməti yoxdur.

Əvvəldə qeyd etdiyimiz kimi, bir il ərzində ölkəmizdə əsas diqqət işğaldan azad olunmuş ərazilərin bərpa edilməsinə, yenidən qurulmasına yönəlib. Təbii ki, bu işlərin görülməsi üçün əvvəlcə ərazilərin minalardan təmizlənməsi, təhlükəsizliyin təmin edilməsi labüddür. Prezidentimizin tez-tez dilə gətirdiyi kimi, erməni tərəfinin mina xəritələrini bizə təhvil verməməsi insanlıq cinayətidir. Bu da onu göstərir ki, düşmən hələ də yaşa­nanlardan dərs almayıb. İkinci bir məsələ Qarabağa – işğaldan azad edilən tor­paqlarımıza aparan yolların çəkilməsi idi. Yol mədəniyyətin başlanğıcı hesab edilir. Hansısa bir şəhərin müasirliyi, inkişafı ona aparan yolların vəziyyəti ilə müəyyənləşir. Bu fikrə əsaslanaraq deyə bilərik ki, hər şey yoldan başlayır. Qarabağın bərpası prosesi də məhz yollardan başladı.

Burada nəzərdə tutulan təkcə iş­ğaldan azad edilən əraziləri bir-birinə birləşdirən yollar deyil, həm də respub­likanın digər ərazilərindən Qarabağa aparan yollardır. Bu mənada yeni salı­nan və bərpa edilən bir çox yolu misal göstərmək olar. Toğana–Kəlbəcər–İstisu, Horadiz–Qubadlı–Zəngilan–Ağbənd, Xudafərin–Qubadlı–Laçın, Kəlbəcər–Laçın, Füzuli–Hadrut, Bərdə–Ağdam, Şükürbəyli–Cəbrayıl–Hadrut və s. çəkilən yollardan bəziləridir. Əlbəttə, bütün bu yol­ları qazandığımız Zəfər yolu açmışdır, – desək yanılmarıq. Lakin onların arasında məhz bir yol var ki, həmin yol qələbəmizin rəmzlərindən biri sayılan Zəfər yoludur. Bu, Füzulidən Şuşaya uzanan yoldur.

Ümumiyyətlə, bu yollar separat­çı rejimin fəaliyyət göstərdiyi ərazini dörd tərəfdən mühasirəyə alır, eləcə də yolların əksəriyyəti Laçın və Şuşa­ya çıxdığı üçün bu qondarma qurumun Ermənistanla əlaqə qura biləcəyi bölgədə mökəmlənmək deməkdir.

Prezident İlham Əliyev çıxışlarından birində vurğuladı ki, biz bərpa işlərini elə görməliyik ki, qələbəmizə layiq olsun. Əlbəttə, bu, çox mənalı ifadədir. Burada işlərin keyfiyyəti, sürəti, miqyası və başqa bir çox amil nəzərdə tutulur. Məlum oldu­ğu kimi, bərpa işlərinin start götürdüyü vaxtdan etibarən birinci məqsəd insanlar üçün rahat, təhlükəsiz və dövrün standart­larından geri qalmayan həyat şəraitinin yaradılmasıdır.

Ölkə başçısının bu ifadəsi həm də indiyədək görülən işləri əhatə edir. Təbii ki, ən mühüm məsələlərdən biri də bölgənin elektrik enerjisi ilə təmin olun­masıdır. Məlum məsələdir ki, dövrün tələblərinə uyğun olaraq, elektrik olmadan heç bir işi tam görmək mümkün deyil. Bu mənada, həyatın bərpa edilməsi üçün mühüm olan ən önəmli şərtlərdən birinin elektrik enerjisi olduğunu qeyd etmək lazımdır. İşğaldan azad edilən bütün rayonlarda yarımstansiyalar yaradılıb ki, bunlar əhalinin ehtiyaclarını tam şəkildə qarşılayacaq. Ölkə başçısı hər dəfə xüsusi vurğulayır ki, yaradılan şərait işğaldan əvvəlki dövrdə mövcud olan şəraitdən dəfələrlə yaxşı olacaq. Əlbəttə, bu, sadəcə dövrün texnologiyası ilə bağlı məsələ deyil.

Məlum olduğu kimi, işğaldan azad olunmuş ərazilərdə “ağıllı kənd”, “ağıllı şəhər” layihələri icra edilir. Bu layihələrdə müasir məktəb, bağça, polikilinika və elektron idarəetmə mərkəzləri tikiləcək, turizm infrastrukturu yaradılacaq. Bütün yaşayış evləri, sosial obyektlər, inzibati və ictimai iaşə binaları, kənd təsərrüfatı məhsullarının emalı və istehsalı prose­si alternativ enerji mənbələri ilə təmin ediləcək. Bu da öz növbəsində qeyri-neft sektorunun inkişafı deməkdir.

Layihələrin icrasında Türkiyə, İtaliya, Çin və İsrail çirkətləri də iştirak edəcək. “Ağıllı kənd təsərrüfatı” özündə kooperativ idarəetmə sistemini, müasir texnologiyalar əsasında qurulmuş tarla, bağ və fermaları, dronlar vasitəsilə idarəetmə və nəzarəti ehtiva edir. “Ağıllı” təsərrüfatlar kəndlərdə meyvə, tərəvəz, ət və süd məhsulları istehsalını artırmağa, emal prosesini müasir tələblərə uyğun qurmağa imkan verir. Bu, təkcə kənd təsərrüfatı ilə bağlı deyil. Müasir şəhərsalma standartlarının tətbiqi, küçələrin “ağıllı” işıqlandırılması, isti və soyuğadavamlı ekoloji evlərin inşası, məişət tullantılarının idarə olun­ması, su elektrik stansiyalarının, Günəş paneli stansiyalarının quraşdırılması, bioqaz enerjisindən istifadə kimi amillər bu konsepsiyanın əsas komponentləri sırasındadır.

Dövlətimizin başçısı bildirib ki, azad edilmiş bütün şəhər və kəndlərimizdə bərpa işləri sürətlə davam etdirilir. Bu işlər başa çatandan sonra buradakı küçələrə, məktəblərə şəhidlərimizin adları veriləcək. Prezidentimizin sözlərinə görə bu proses artıq başlanıb.

Yeri gəlmişkən, ölkəmizin başçısı Qu­badlıda səfərdə olarkən burada görülən işlər barəsində də danışıb. Bildirib ki: “Qu­badlı şəhəri demək olar ki, yerlə-yeksan edilib, bir salamat bina yoxdur. Sadəcə olaraq, erməni hərbçiləri öz məqsədləri üçün bir neçə binadan istifadə etmişdir, onlar da bərbad vəziyyətdə idi. Mən bura keçən il dekabr ayında gələndə gördüm ki, onlar da bərbad vəziyyətdədir. Ona görə də biz Qubadlı rayonunun bütün kəndlərini, o cümlədən, Qubadlı şəhərini yenidən quracağıq. Qubadlı şəhərinin baş planı hazırlanır və yəqin ki, yaxın aylarda təqdim ediləcək, o cümlədən, Qubadlı ictimaiyyətinə təqdim ediləcəkdir. Əlbəttə ki, bu baş plan ən müasir normalara uy­ğun olacaq və Qubadlının təbiəti və tarixi keçmişi də memarlıqda nəzərə alınacaq. Amma, eyni zamanda, artıq bu gün Qu­badlı rayonunun gələcək inkişafı ilə bağlı əməli-praktiki işlər aparılır. Bu gün biz yeni yarımstansiyanın açılışını qeyd etdik və bu, azad edilmiş torpaqlarda yeddinci yarımstansiyadır. Bu infrastruktur layihəsi Qubadlının 2050-ci ilə qədərki inkişaf dinamikasını nəzərə alır”.

Ümumiyyətlə, bərpa prosesi çox sürətlə davam etdirilir. Şəhərlərin baş planları hazırlanır, layihələr icra edilir. Bundan əlavə, Zəngilan, Füzuli və Laçın rayonlarında hava limanları tikiləcək. Fü­zuli Beynəlxalq Hava Limanı cari ilin sentybar ayından istifadəyə verilib. Zəngilan Hava Limanı isə gələn il istifadəyə veriləcək. Məlumdur ki, Zəngilan və Qubadlı rayonları faktiki olaraq bir zo­nadır. Əlbəttə, ətraf rayonların sakinləri də bu hava limanlarından rahat istifadə edəcəklər. Hava limanlarının yerləşdiyi ərazilər də məhz bu amil nəzərə alınaraq seçilmişdir. Yəni aparılan bərpa-quruculuq işlərinin hamısı şanlı Qələbəmizin adına layiq reallaşdırılır.

İmran ƏLİYEV,

“Xalq qəzeti”

27 Oktyabr 2021 08:11 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə