Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azad olunmuş rayonlarda insanların rahat yaşaması üçün hər cür şərait yaradılır

 

 

Bir ilə yaxındır ki, Azərbaycanın işğaldan azad olunmuş şəhər və kəndlərində tikinti-quruculuq işləri aparılır. Azərbaycan Prezidenti İlham Əliyev, demək olar ki, hər bir çıxışında bütün ərazilərimizin bərpa olunacağı ilə bağlı məlumat verir. Dövlət başçısı bu barədə Cəbrayıl, Füzuli, Zəngilan və Qubadlı rayonlarına səfərləri zamanı da geniş söhbət açıb. Qubadlıya səfərlə bağlı fikirlərini bildirən “Soydaş” İctimai Birliyinin sədri Kamran Ramazanlı dedi:

– Prezident Qubadlıda da bütün kəndlərin, eləcə də mərkəzi şəhərin dağıdıldığını, bir dənə də olsun salamat kənd qalmadığını bəyan etdi. Odur ki, Qubadlı camaatını yerləşdirmək üçün rayonda çox böyük işlər görülməlidir. Təbii ki, bərpa-quruculuq işləri zamanı infrastruk­tur işləri birinci sıradadır. Hazırda rayona çox geniş, dördzolaqlı yol çəkilir. Bu, bir həqiqətdir ki, Qubadlıda heç zaman bu ölçüdə yol olmayıb. Vaxtilə Zəngilandan Qubadlıya dar bir yol gəlib. Dövlət başçısı fərəh hissi ilə bildirdi ki, indi Zəngilandan Qubadlıya, Laçına dördzolaq­lı yol çəkilir ki, insanlar ondan rahat istifadə etsinlər. Yeni yol çəkiləndən sonra Qubadlı sakinləri istehsal edəcəkləri məhsulları bazarlara vaxtlı-vaxtında, itkisiz çatdırmaq imkanı qazanacaqlar.

Bunları nəzərə alaraq Prezident dedi ki, Zəngilan Hava Limanı gələn il istifadəyə veriləcək. Zəngilan, Qubadlı faktiki olaraq bir zonadır, məsafə də çox böyük deyil. Ona görə qubad­lılılar da bu limandan istifadə edəcəklər. Əlbəttə, Qubadlı rayonunun iqtisadi inkişaf planı ayrıca hazırlanmalıdır. Çünki infrastruktur layihələri təsdiq edilib. Sosial infrast­rukturla bağlı Baş planda bü­tün məsələlər əhatə olunacaq – məktəblər, xəstəxanalar və digər sosial obyektlər, yaşayış binaları. Qubadlı şəhərində yaşayış binaları tikiləcək.

Azərbaycan liderinin sözlərinə görə, sovet vaxtı Qubadlıda daha çox fərdi evlər olub, cəmi bir neçə beşmərtəbəli ev olub. İndi isə Qubadlı şəhər kimi inkişaf etməlidir. Əlbəttə ki, düzgün planlaşdırma aparılarkən burada insanların rahat yaşaması üçün bütün şərait yaradılacaq. İqtisadi inkişaf təmin olunacaq. Əlbəttə, rayon ictimaiyyəti də burada çox fəal iştirak etməlidir–həm bərpa işlərində, həm də Qu­badlının düzgün inkişaf kon­sepsiyasının işlənməsində. Çünki rayon böyük potensi­ala malikdir, zəngin təbiəti, təbii sərvətləri var. Qubadlı rayonu ərazisindən iki böyük çay keçir, Bazarçay düz şəhərin ortasından keçir. Həkəri çayı nəinki Qubad­lının, bütün Azərbaycanın böyük sərvətidir: “Biz bu çaylardan məhrum idik. Həkəridən də, Bazarçaydan da, Bəsitçaydan da, Tərtər çayından da məhrum idik. Ermənilər bizi məhrum etmiş­di. Bu, böyük sərvətdir… Ona görə düzgün planlaşdırma aparılmalıdır, iqtisadi inkişaf, hansı sahələr inkişaf edəcək. Əlbəttə ki, biz bura yerli, xari­ci investorları cəlb edəcəyik. Yəni, böyük planlarımız var, konseptual yanaşma möv­cuddur”.

Torpaqlarımızın azadlığı uğrunda canından keçmiş igid oğullarımızı daim yüksək qiymətləndirən Prezident İlham Əliyev onu da qeyd etdi ki, azad olunmuş bütün şəhər və kəndlərimizdə bərpa işləri başa çatandan sonra şəhidlərimizin adına küçələr qoyulacaq, onların adı məktəblərə veriləcək. Artıq bu prosesə başlanıl­mışdır. Ölkəmizin müxtəlif bölgələrində, o cümlədən, Qarabağ – Zəngəzur bölgəsində bütün bərpa işləri başa çatandan, küçələr salı­nandan, məktəblər tikiləndən sonra bu məsələ də həll olunacaq.

Paşa ƏMİRCANOV,

“Xalq qəzeti”

27 Oktyabr 2021 07:53 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə