Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Biz qurucu xalqıq və Qubadlını yenidən quracağıq”

25 oktyabr müharibənin gedişatında önəmli yer tutub. Çünki Qubadlı azad olunandan sonra Laçın istiqamətində yolumuz açıldı və bir neçə gündən sonra biz Laçının cənub hissəsində yerləşən kəndləri də azad etdik. Beləliklə, Laçın dəhlizini nəzarətə götürdük və artıq müharibənin taleyi həll edilmişdi. Düzdür, hələ Şuşa uğrunda şiddətli döyüşlər qabaqda idi, digər yaşayış məntəqələrimizin azad olunması ilə bağlı əməliyyat planları hazırlanırdı, ancaq artıq həm bütün dünya, həm də düşmən gördü ki, bizim qabağımızda heç bir qüvvə dayana bilməz. Biz Qubadlıdan sonra öz Zəfər yürüşümüzü, Zəfər missiyamızı şərəflə davam etdirdik və noyabrın 8-də Şuşada dövlət bayrağını ucaltdıq.

İlham ƏLİYEV

Azərbaycan Respublikasının Prezidenti

Ötən ilin oktyabrın 25-i Vətən müharibəsinin ən əlamətdar, unudulmaz günlərindən biridir. Həmin gün Qubadlı 27 illik işğaldan xilas oldu. Rayonun düşməndən təmizlənməsi savaşın gedişinə önəmli təsir göstərdi, ordumuzun irəliləməsini sürətləndirdi və bir neçə gündən sonra silahlı qüvvələrimiz Laçının cənub hissəsində yerləşən kəndləri azad etdi. Bununla da, Laçın dəhlizi Azərbaycanın nəzarətinə keçdi və artıq müharibənin taleyi, demək olar ki, həll olundu.

Beləliklə, Qubadlının azad edilməsindən sonra dövlətimizin başçısının vurğuladığı kimi, Azərbaycanın Zəfər yürüşü, Zəfər missiyası uğurla davam etdi və noyabrın 8-də Şuşada dövlət bay­rağımız ucaldıldı.

Prezident İlham Əliyev ok-tyabrın 25-də Qubadlı rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə İkinci Qarabağ müharibəsində hər bir yaşayış məntəqəsinin azad edilməsinin tarixi hadisə olduğunu qeyd edərək bildirdi ki, döyüşlərdə Azərbaycan Ordusu ancaq irəli gedirdi. İlk gün 4 kəndin azad olunması xalqımıza çox böyük sevinc bəxş etdi. Bu, uzun illərdən sonra hamımızın yaşadığı qələbə xoşbəxtliyi idi. Bununla belə, o zaman heç kim müharibənin nə qədər davam edəcəyini deyə bilməzdi: “Hətta, ötən il no-yabrın 8-də Şuşa işğaldan azad edəndən sonra da mən şəxsən deyə bilməzdim müharibə nə qədər davam edəcək. Çünki bizim planlarımız işğalda olan bütün torpaqları azad etmək idi. Ancaq bilmirdik, düşmən nə vaxt təslim olacaq. Halbuki, müharibə zamanı mən dəfələrlə öz çıxışlarımda, xalqa müraciətlərimdə və xarici jurnalistlərə müsahibələrdə deyir­dim ki, əgər düşmən bizə torpa­ğımızdan çıxması ilə bağlı tarix versə, biz müharibəni dayandır­mağa hazırıq və bu sözə də əməl etdik. Bildiyiniz kimi, noyabrın 9-da artıq Ermənistan tərəfi də öz məğlubiyyətini qəbul edib, etiraf edib, bu məğlubiyyətlə barışıb və noyabrın 9-dan 10-na keçən gecə kapitulyasiya aktına imza atdı. Biz isə Zəfər Gününü məhz 8 Noyabr tarixində qeyd edirik. Çünki 8 no­yabrda erməni ordusu artıq təslim olmuşdu”.

Yeri gəlmişkən, burada onu da deyək ki, dövlətimizin başçısı bü­tün çıxışlarında, görüşlərində Qa­rabağ uğrunda şəhadətə yüksələn şəhidlərimizin xatirəsini yad edir, onlara Allahdan rəhmət diləyərək, fədakarlıqları, qəhrəmanlıqları sayəsində tarixi ədalətin bərpa olunduğunu diqqətə çatdırır.

Azərbaycan Prezidenti görü­şü zamanı da şanlı qələbədən danışarkən, ilk növbədə, şəhidlərimizin xatirəsini yad etdi. Ölkə rəhbəri şəhidlərimizin qəlbimizdə əbədi yaşayacaqla­rını, xalqımızın, eləcə də, indiki və gələcək nəsillərin onlarla hər zaman fəxr edəcəklərini vurğuladı. Ölkə rəhbəri həmin şəhidlərdən biri–Şükür Həmidov haqqında dedi: “Şükür Həmidov bizim ən istedadlı və cəsarətli hərbçilərimizdən biri idi. O, Aprel döyüşlərində böyük qəhrəmanlıq göstərmişdi. Məhz bu qəhrəmanlığa görə mən ona Milli Qəhrəman adını verdim və özüm də şəxsən onu bu mükafatla təltif etdim... Eşidəndə ki, Şükür həlak olub, bizim hamımızın ürəyi ağrıdı. Şükürün həlak olması bizim üçün böyük itkidir, onun ailəsi, onun yaxınları, atası üçün, hamımız üçün. Ona görə bu gün Qubadlının azad olunmasının birinci ildönümündə mən Şükürün əziz xatirəsini xüsusilə yad etmək istəyirəm. O, bütün hərbçilərimiz üçün, gənc nəsil üçün nümunədir, öz canını doğma diyar uğ­runda fəda edib və şəhadət zirvəsinə ucalıb. Şəhidlərimizin xatirəsi əbədiləşdirilir və əbədiləşdiriləcəkdir”.

Dövlətimizin başçısı çıxışında erməni faşistləri təfərindən Qu­badlının tamamilə dağıdıldığını, yerlə-yeksan edildiyini, bir sala­mat bina belə saxlanılmadığını bildirdi. Ölkə rəhbəri düşmənin bu barbarlığı, vəhşiliyi üzündən bərbad vəziyyətə düşən yaşa­yış sahələrimizin yenidən bərpa ediləcəyini, tikilib qurulacağını da qeyd etdi: “Qubadlı şəhərinin Baş planı hazırlanır və yəqin ki, yaxın aylarda təqdim ediləcək, o cümlədən, Qubadlı ictimaiyyətinə təqdim ediləcəkdir. Əlbəttə ki, bu Baş plan ən müasir normalara uy­ğun olacaq və Qubadlının təbiəti və tarixi keçmişi də memarlıqda nəzərə alınacaq. Amma, eyni zamanda, artıq bu gün Qubadlı ra­yonunun gələcək inkişafı ilə bağlı əməli-praktiki işlər aparılır. Bu gün biz yeni yarımstansiyanın açılışını qeyd etdik və bu, azad edilmiş torpaqlarda yeddinci yarımstansi­yadır. Bu infrastruktur layihəsi Qu­badlının 2050-ci ilə qədərki inkişaf dinamikasını nəzərə alır”.

Dövlətimizin başçısı çıxışında Qubadlı rayonunun gələcək sosi­al-iqtisadi inkişafı ilə bağlı fikirlərini də diqqətə çatdırdı:

–sovet vaxtında Qubadlı rayo­nunun ümumi istehlakı 12 meqa­vat idi. Ancaq indiki yarımstansiya 40 meqavata hesablanıb və lazım olarsa, onun gücü iki dəfə artırıla bilər;

–çox geniş, dördzolaqlı yol çəkilir. Heç vaxt bu ölçüdə yol olmayıb. Zəngilandan Qubadlı­ya, Laçına dar bir yol var idi. İndi həmin yol dördzolaqlı magistralla əvəz edilir. Belə bir müasir infrastruktur burada istehsal olunacaq məhsulları bazarlara vaxtlı-vaxtın­da, itkisiz çatdırmaq üçün əlverişli imkan yaradır;

–Zəngilan hava limanı gələn il istifadəyə veriləcək. Qubadlı­lılar da bu aeroportdan istifadə edəcəklər;

–Qubadlı rayonunun iqtisadi in­kişaf planı ayrıca hazırlanmalıdır. Çünki infrastruktur layihələri təsdiq edilib. Sosial infrastrukturla bağlı Baş planda bütün məsələlər əhatə olunacaq-məktəblər, xəstəxanalar və digər sosial obyektlər, yaşayış binaları;

–Qubadlının zəngin təbii po­tensialı, su resursları var, bunlar­dan səmərəli istifadə üçün düzgün planlaşdırma aparılmalıdır;

–rayonun dirçəlişi istiqamətində reallaşdırılacaq layihələrin icrasına yerli, xarici investorları cəlb ediləcək.

Görüşdə Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sakinlərlə söhbət etdilər. Ata-baba yurdlarına geri dönən keçmiş məcburi köçkünlər torpaq­larımızın işğaldan azad olun­masına görə minnətdarlıqlarını bildirdilər.

Qubadlılılar doğma Vətən torpağında Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva ilə bir yerdə olmaq­dan böyük sevinc, fərəh hissi yaşadıqlarını, bu günü önəmli bir tarixi gün kimi heç zaman unutmayacaqlarını vurğuladılar. Onlar bu torpaqları əsl sahiblərinə qaytardığı, belə bir xoşbəxtliyi yaşatdığı üçün dövlətimizin baş­çısına, Ali Baş Komandana dərin minnətdarlıqlarını dilə gətirdilər.

Prezident İlham Əliyev görüşdə Qubadlının və digər azad edilən rayonların iqtisadi inkişafı ilə bağlı bir daha qeyd etdi ki, Azərbaycanda regionların sosi­al-iqtisadi inkişafı ilə bağlı çox müsbət təcrübə əldə edilib. Artıq bu istiqamətdə bir neçə proq­ram icra olunub və o təcrübədən faydalanaraq bu bölgədə, əlbəttə, çox düzgün planlaşdırma aparıl­ması nəzərdə tutulub. Ölkə rəhbəri daha sonra deyib: “İnfrastruktur layihələri ilə bağlı, evlərin tikin­tisi ilə bağlı, kəndlərin bərpası ilə bağlı artıq ilkin təkliflər var. Əsas budur ki, buraya qayıdacaq insanlar yaxşı yaşasınlar, yəni, onların rifahı yüksək olsun. Bunun üçün də əlbəttə ki, şərait yara­dılacaq, amma onların məşğul olacağı sahələr düzgün müəyyən edilməlidir. Bu məqsədlərə çatmaq üçün atılacaq addımlar düzgün qoyulmalıdır. Hökumətə tapşırıq verildi, müxtəlif nazirliklər fəaliyyət göstərir və əminəm ki, Milli Məclis də bu işlərə öz töhfəsini verəcək. Belə səfalı torpaqlarda ancaq yaxşı dolanışıq olmalıdır”.

Prezident İlham Əliyev işğal dövründə erməni faşistləri tərəfindən törədilən vəhşi, barbar əməllər haqqında bəhs edərək bildirdi ki, düşməndən təmizlənən ərazilərdə bir dənə də yeni bina yoxdur, hamısı dağıdılıb, yeniləri isə demək olar ki, tikilməyib.

Dövlətimizin başçısı qeyd edib ki, düşmən işğal dövründə Qubad­lıda guya məskunlaşma aparmaq istəyirdi. Xanlıq qəsəbəsində bir erməni fondu evlər tikdirmişdi. İndi adam gedib o evlərə baxanda görür ki, bu evlərdə də heç bir şərait yoxdur: “İndi oranı bir az düzəltdik, bizim hərbçilər orada yerləşir. Yəni, onlar bu torpaqla­ra yad bir torpaq kimi baxırdılar. Sadəcə olaraq, bu torpaqları istis­mar edib, ağacları qırıb, bizim təbii sərvətlərimizi talayıb, çaylarımızı zəhərləyib öz mənfur xislətlərini göstərirdilər. Amma bu gün bütün dünya bunu görür, bütün dünya. Çünki bunu gizlətmək mümkün deyil. Gələn hər bir insan bu da­ğıntıları görür və erməni faşizminin bax, bu sübutlarını görür. Amma biz qurucu xalqıq və Qubadlını yenidən quracağıq”.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birin­ci xanım Mehriban Əliyevanın Qubadlıya səfərləri çərçivəsində bir neçə önəmli layihənin icrasına start verilib.

Dövlətimizin başçısı və birinci xanım Xudafərin–Qu­badlı–Laçın avtomobil yolunun 10-cu kilometrliyindən Qubadlı şəhər mərkəzinə gedən Xan­lıq–Qubadlı yolunun təməlqoyma mərasimində, “Azərenerji” ASC-nin sistem əhəmiyyətli 110/35/10 kV-luq “Qubadlı” ya­rımstansiyasının, Dövlət Sərhəd Xidmətinin yeni hərbi hissə kompleksinin açılışlarında iştirak ediblər.

Vaqif BAYRAMOV,

“Xalq qəzeti”

27 Oktyabr 2021 07:00 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə