Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Türkiyə Azərbaycanın ədalətli mübarizəsinə daim siyasi, mənəvi dəstək göstərib

 

 

Azərbaycan–Türkiyə əlaqələri ulu öndər Heydər Əliyevin vurğuladığı kimi, “Bir millət, iki dövlət” tezisinə əsaslanıb. Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Bakıya hər səfəri çərçivəsində səsləndirdiyi fikirlərlə, imzaladığı çox sayda sənədlərlə də bütün dünyaya göstərir ki, Azərbaycan–Türkiyə qardaşlığı sarsılmazdır, mühüm geosiyasi və geoiqtisadi potensiala malik bu iki ölkənin strateji əməkdaşlığı regionda sülhün, təhlükəsizliyin gerçəkləşməsinə, habelə bölgədə iqtisadi inkişafın gücləndirilməsinə, rifahın daha da yaxşılaşmasına yönəlib.

Yüksək səviyyəli əməkdaşlıq əsasında qurulan Azərbaycan–Türkiyə münasibətləri daim güclənir, inkişaf edir. Eyni soykökünə, dilə, dinə, mədəniyyətə və bir çox digər qarşılıqlı bağlara malik olması Azərbaycan və Türkiyə xalqları arasında əlaqələrin daim inkişaf etməsinə əlverişli şərait yaradır. Ümumiyyətlə, Azərbaycan–Türkiyə dövlətləri arasındakı münasibətlər hər iki qardaş, dost ölkə rəhbərliyinin real­laşdırdığı müdrik, uzaqgörən siyasət nəticəsində davamlı inkişaf edir, iki xalq arasında əlaqələrin səviyyəsini keyfiyyətcə yeni mərhələyə keçirir.

Burada bir məqamı xüsusi xatırlat­maq istərdim. Rəcəb Tayyib Ərdoğan Türkiyə Respublikasının Prezidenti olaraq hər zaman Azərbaycanın haqq mübarizəsini, ədalətli möv­qeyini dəstəkləyib. Hələ Vətən müharibəsindən səkkiz ay əvvəl qardaş ölkənin dövlət başçısı respub­likamıza səfəri çərçivəsində paytaxtı­mızda keçirilən Azərbaycan–Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının VIII iclasında çıxış edərək cənab İlham Əliyevin “Dağlıq Qara­bağ Azərbaycandır və nida” sözlərinin Türkiyə olaraq altına imza qoyduğunu bir daha təkrarlayıb.

Cənab Rəcəb Tayyib Ərdoğan Türkiyə rəhbəri olduğu illərdə hər zaman Qarabağ probleminin Azərbaycanın suverenliyi və ərazi bü­tövlüyü çərçivəsində həll edilməsinin ən böyük arzularından biri olduğunu vurğulayb, Azərbaycana bu haqlı mübarizəsində verdiyi dəstəyi daim davam etdirib.

Qırx dörd günlük Vətən müharibəsi zamanı Türkiyənin Azərbaycana verdiyi güclü siyasi və mənəvi dəstək buna bariz nümunədir. Belə ki, savaş dövründə ilk günlərdən etibarən Türkiyə Prezidenti açıqla­malar verirdi ki, Azərbaycan yalnız deyil, Türkiyə Azərbaycanın yanın­dadır. Əslində, bu, bir çox ölkələr və beynəlxalq təşkilatlar üçün bir mesaj idi, yəni, “kənarda durun, müdaxilə etməyin, Azərbaycana mane olmayın” anlamını ifadə edirdi. Başqa sözlə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın açıq, birmənalı və sərt açıqlamaları Azərbaycan xalqını hədsiz sevindirirdi.

Burada bir məqamı xatırlada­raq qeyd edim ki, ötən il oktyabrın 9-da Azərbaycan Prezidenti İlham Əliyev “CNN International” televi­ziya kanalına verdiyi müsahibədə jurnalistin–“Mən Ermənistan prezi­denti ilə danışdım və o, mənə dedi ki, bu münaqişə əvvəlki toqquşma­lardan kəskin şəkildə fərqlənir. Çünki Türkiyə Azərbaycana açıq şəkildə dəstək göstərir. Üstəlik, o, mənə dedi ki, Türkiyə öz zabitləri, generalları, muzdluları, terrorçu cihad döyüşçüləri ilə Dağlıq Qarabağda döyüşmək üçün Azərbaycana minlərlə adam gətirib...” – sözlərinə cavabında da bildirirdi ki, bəli, Azərbaycan Silahlı Qüvvələrində türk avadanlığı var, amma türk qüvvələri yoxdur: “Səmimi desəm, Ermənistan prezidentinin dünya­ya mesaj ünvanlamaq üçün CNN vasitəsilə şayiə yaymaq məqsədilə bu imkandan istifadə etməsi məni təəssüfləndirir. Mən bunu başqa cür adlandıra bilmirəm, çünki onun sizdən eşitdiyim sözləri tamamilə yanlışdır, bu, yanlış informasiyadır. Türkiyə bizə dəstək göstərir, lakin bu, siyasi dəstəkdir, bu, diplomatik dəstəkdir...”.

Bəli, qardaşlıq missiyasını layiqincə yerinə yetirən Türkiyə İkinci Qarabağ müharibəsində olduğu kimi, savaş bitəndən indiyədək daim Azərbaycanın yanında olub, hər zaman ölkəmizə siyasi, diplomatik və mənəvi dəstək göstərib. Bakıda keçirilən möhtəşəm Zəfər paradında da sevincini, fərəhini xalqımızla bölü­şüb. Ümumiyyətlə, Prezident Rəcəb Tayyib Ərdoğanın həmin paradda iştirakı Azərbaycan xalqını qələbə müjdəli gələcəyə ruhlandırıb.

Vətən müharibəsində Türkiyənin müdafiə və xarici işlər nazirləri, digər yüksək vəzifəli rəsmiləri tərəfindən də Azərbaycana birmənalı olaraq siyasi, diplomatik və mənəvi dəstək göstərildi. Bu, xalqımıza çox böyük siyasi və mənəvi güc vermək demək idi.

Cəlil BAXŞIYEV,

YAP Lerik rayon təşkilatının sədr əvəz

27 Oktyabr 2021 08:09 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə