Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Dünyaya qardaşlıq, birlik, həmrəylik mesajı

İki qardaş ölkənin – Azərbaycan və Türkiyənin dostlu­ğunun tarixi kökləri çox qədimdir. Bu dostluq və qardaşlıq xalqlarımızın dili, dini, adət və ənənələrindən rişələnir. Eyni zamanda, Türkiyə haqq işi uğrunda mübarizədə də Azərbaycanı tək buraxmır, daim dəstək verir, köməyini əsirgəmir.

Bu, 44 günlük Vətən müharibəsində özünü daha qabarıq nəzərə çarpdırdı. Belə ki, savaş dövründə ilk günlərdən etibarən Türkiyə Prezidenti Azərbaycanın yalnız olmadığını, ölkəmizin yanında dayandığını bildirdi. Bu, Azərbaycanı ədalət mübarizəsini daha fəal aparmağa ruhlandırdı. Eyni zamanda, kənar güclərin Vətən müharibəsinə müdaxilə etməsinə imkan vermədi. Başqa sözlə, Türkiyə Prezidenti “Azərbaycan tək, yalnız deyil” deməsi işğalçı Ermənistanın havadarlarına bir mesaj, Azərbaycanın haqq işini dəstəkləmək oldu. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bu şəkildə açıq, birmənalı və sərt açıqlamaları Azərbaycan xalqını hədsiz sevindirirdi, zəfərə inamını gücləndirdi.

Dövlətimizin başçısı İlham Əliyev çıxışlarında dönə-dönə İkinci Qarabağ müharibəsi başlanan gündən, ilk saatlardan Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğanın Azərbaycana birmənalı, dəqiq və açıq dəstək ifadə etdiyini, tək olmadığını xatırladıb. “Bu, həm bizi ruhlandırdı, eyni zamanda, müdaxilə etmək fikrində olan bütün qüvvələri, dairələri dayandırdı, durdurdu. Dedi ki, Türkiyə Azərbaycanın yanındadır və müharibənin ilk saatlarından son dəqiqələrinə qədər əziz qardaşımın və Türkiyə Cümhuriyyətinin, qardaş türk xalqının dəstəyi bizə əlavə güc verirdi. Bu siyasi və mənəvi dəstək bizi ruhlandırırdı. Türkiyənin bütün yerlərindən gələn mesajlar, təbriklər, dəstək, həmrəylik ifadələri bir daha bütün dünyaya bizim birliyimizi nümayiş etdirmişdir”, – deyə dövlətimizin başçısı bildirib.

Prezident İlham Əliyev çıxışında Azərbaycanın Vətən müharibəsi getdiyi günlərdə Türkiyənin mətbuatının haqq işimizi obyektiv, qərəzsiz işıqlandırdığını, qardaş ölkənin mətbuat nümayəndələrinin savaşın ən təhlükəli anlarında belə real vəziyyəti əks etdirmək, tamaşaçılara və dünyaya çatdırmaq üçün öz həyatlarını risk altına atdıqlarını da diqqətə çatdırıb: “Mən özüm şəxsən müharibə dövründə bir çox hallarda Türkiyə televiziya kanallarında gedən reportajları izləmişdim və bir daha görürdüm ki, burada təkcə peşəkarlıq məsələləri deyil, burada həmrəylik, sevgi ilə dolu reportajlar verilir. Azərbaycanın haqq səsi, Azərbaycanın haqlı olması dünyaya çatdırılır və ən təhlükəli yerlərdən, bombalar düşdüyü yerlərdən Türkiyənin mətbuat nümayəndələri dərhal oraya gəlmişlər, reportajlar hazırlamışlar”.

İkinci Qarabağ müharibəsində qardaşlıq missiyasını layiqincə yerinə yetirən Türkiyə və onun rəhbəri savaş bitəndən sonra da daim Azərbaycanın yanında olub, hər zaman ölkəmizə siyasi, diplomatik və mənəvi dəstək göstərib. Bakıda keçirilən möhtəşəm Zəfər paradında da sevincini, fərəhini xalqımızla bölüşüb. Prezident Rəcəb Tayyib Ərdoğanın həmin paradda iştirakı isə Azərbaycan xalqını qələbə müjdəli gələcəyə ruhlandırıb.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Şuşada “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında” Şuşa Bəyannaməsini imzalaması da dərin köklərə əsaslanan qardaşlığın sarsılmazlığının bariz ifadəsidir.

Bəli, Vətən müharibəsindən sonra Azərbaycan–Türkiyə əməkdaşlığında yeni dövr başlayıb. Regionda yeni vəziyyət, geosiyasi reallıq yaranıb. Qarabağın bərpasına başlanılıb.

Burada onu da deyək ki, Prezident İlham Əliyev ayrı-ayrı çıxışlarında azad edilən ərazilərin bərpası prosesindən danışarkən, bu məsələdə dost ölkələrin fəaliyyətinə daha çox diqqət yetiriləcəyini xüsusi vurğulayıb. Ölkə rəhbəri bu zaman qardaş Türkiyənin Azərbaycana münasibəti barədə xüsusi danışıb, bu ölkənin müharibənin ilk günlərindən haqq işimizə böyük dəstək verdiyini xatırladıb. Bütün bunlardan sonra təbii ki, qardaş ölkə Qarabağın bərpasında da köməyini əsirgəməyib. İlk müqavilələrin Türkiyə şirkətləri ilə imzalanması da bunun bariz ifadəsidir.

Hazırda türk şirkətləri Azərbaycan üçün strateji önəm daşıyan Füzuli–Şuşa avtomobil yolunun inşasında, eyni zamanda, Göygöl bölgəsindən Kəlbəcərə magistralın çəkilişində səmərəli fəaliyyət göstərirlər.

Türkiyə şirkətlərinin Qarabağda tikinti-quruculuq, yenidənqurma işlərində səmərəli iştirakından bəhs edən Prezident İlham Əliyev deyib: “Ümumilikdə, Türkiyə şirkətləri Azərbaycanda təqribən 10 milyard dollardan çox dəyəri olan layihələrdə, müxtəlif inşaat layihələrində iştirak ediblər. Əlbəttə ki, işğaldan azad edilmiş torpaqlarda da bir çox sahələrdə Türkiyə şirkətləri uğurlu fəaliyyət göstərəcəklər”.

Şuşa Bəyannaməsinin imzalanmasından sonra Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da bəyanatında Qarabağın bərpasına qardaş köməyi barədə danışarkən, deyib: “Türkiyə olaraq, azadlıq mübarizəsində olduğu kimi, bərpa işlərində də qardaşlarımıza hər cür dəstəyi veririk, verməkdə də davam edəcəyik. Ən qısa müddətdə evlərinə qayıtmalarını gözlədiyimiz azərbaycanlı qardaşlarımız üçün də hər cür səy göstərəcəyik. Təbii ki, bu məsələdə hörmətli qardaşımın xüsusi fəaliyyəti var. Yetər ki, buranın əsl sahibləri evlərinə, məskənlərinə qayıtsın. Onlara istər maliyyə köməyi, istərsə də iş imkanı ilə bağlı hər cür dəstəyi verməklə azərbaycanlı qardaşlarımızın öz evlərinə, öz məkanlarına geri qayıtmaları buraları ciddi mənada zənginləşdirəcək”.

Füzuli Beynəlxalq Hava Limanının rəsmi açılış mərasimində iştirak üçün qardaş Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın ölkəmizə səfərə gəlməsi də tarixi hadisədir. Bu səfər bir daha Azərbaycan–Türkiyə qardaşlığının, birliyinin göstəricisidir.

Sonda onu da qeyd edək ki, indiki səfərində qardaş ölkənin Prezidenti təyyarə ilə məhz Füzuli Beynəlxalq Hava Limanına endi və Prezident, Ali Baş Komandan İlham Əliyev tərəfindən qarşılandı. Prezidentlər hava limanının rəsmi açılışını bildirən qırmızı lenti kəsdilər. Bütün bunlar isə dünyaya verilən qardaşlıq, birlik, həmrəylik mesajları kimi diqqət çəkdi.

“Xalq qəzeti”

27 Oktyabr 2021 08:57 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə