Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

"Azərkosmos" Beynəlxalq Astronavtika Konqresində təmsil olunur

Azərbaycan Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Respublikasının Kosmik Agentliyinin (Azərkosmos) nümayəndə heyəti 25-29 oktyabr tarixlərində Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Dubay şəhərində keçirilən Beynəlxalq Astronavtika Konqresində iştirak edir.

Nazirlikdən verilən məlumata görə, Beynəlxalq Astronavtika Federasiyası tərəfindən hər il ənənəvi olaraq keçirilən və qlobal səviyyədə kosmik sahənin nümayəndələrini bir araya toplayan konqres bu il “Bəşəriyyət naminə addım ataq, yenilik edək və kəşf edək” mövzusuna həsr olunub. Bu mövzu ətrafında konqresə kosmik sahədə fəaliyyət göstərən ölkələrin hökumət rəsmiləri, dövlət və qeyri-hökumət qurumları, beynəlxalq təşkilatlar, nüfuzlu tədqiqat və inkişaf mərkəzlərinin nümayəndələri, astronavtika sahəsi üzrə elm adamları və kosmonavtlar qatılıblar.

“IAC 2023 Baku” və “Azərkosmos” stendləri ilə konqresdə təmsil olunan “Azərkosmos”un nümayəndə heyəti tədbir iştirakçılarına Azərbaycanın kosmik sənayesinin tarixi, ölkəmizdə həyata keçirilən kosmik proqramlar və peyklərin rolu barədə ətraflı məlumat verib.

Açılış mərasimində dünyanın aparıcı kosmik agentlikləri və inkişaf etməkdə olan ölkələrin bu sahədə təcrübəsi, onların inkişaf yolu, həmçinin dünya peyk sənayesində baş verən yeniliklər, tədqiqat və inkişaf üzrə innovativ texnologiyaların tətbiqində kiçikölçülü peyklərin istifadəsi və imkanları barədə panel çıxışları olub.

Panel çıxışlarında auditoriyaya ölkəmizin son 10 ildə kosmik sahədə əldə etdiyi nailiyyətlər, Azərbaycan Kosmik Agentliyinin fəaliyyəti, qlobal və regional səviyyədə kosmik diplomatiya və tərəfdaşlığın qurulması, kosmik elm, təhsil və sənaye sahələrində davamlı formada bilik və bacarıqların artırılması, habelə telekommunikasiya və Yer müşahidəsi xidmətləri üzrə qurulan əməkdaşlıqların ölkəmiz üçün əhəmiyyətindən bəhs olunub.

Beynəlxalq Astronavtika Konqresi 70 illik tarixində ilk dəfə ərəb regionunda keçirilir. Konqres BƏƏ-nin Mars planetinə gediş-dönüş missiyaları, “Global Networking Forum” kimi maraqlı və zəngin proqramları ilə bu həftə dünyanın yeni kosmik tendensiyalarını gündəmdə saxlayacaq.

Tədbirin növbəti günlərində keçiriləcək plenar iclas və texniki sessiyalarda kosmik sahə üzrə süni intellektin istifadəsi, müasir peyk həlləri, elm və innovativ texnologiyaların əhəmiyyəti, insan kapitalının möhkəmləndirilməsi və həyata keçirilən təşəbbüslər haqqında fikir mübadiləsi aparılacaq. Builki konqres kosmik sahədə artıq öz sözünü demiş, habelə inkişaf etməkdə olan ölkələr arasında beynəlxalq əlaqələri gücləndirməklə kosmosun imkanlarını və yeni tendensiyalarını hər kəs üçün əlçatan və faydalı hala gətirmək üçün mühüm platformadır.

Qeyd edək ki, Azərbaycan Respublikasının Kosmik Agentliyinin bu konqresdə təmsil olunması 2023-cü ildə Bakı şəhərinin ev sahibi olacağı 74-cü Beynəlxalq Astronavtika Konqresinə hazırlıq prosesinin sürətlə davam etdiyinin göstəricisidir. Ölkəmizdə keçiriləcək konqres kosmik sektorun ekosistemini daha da inkişaf etdirmək, gələcək nəsillərə kosmosun əhəmiyyətini aşılamaq və ölkəmizdə kosmik sahədə təşəbbüslərə töhfə vermək baxımından yeni imkanlar açacaq.

Tərlan YUSİF

"Xalq qəzeti"

26 Oktyabr 2021 10:48 - TEXNİKA
TEXNİKA
1 Dekabr 2021 | 17:34
“SpaceX” müflis ola bilər

Köhnə versiyamızdan xəbərləri izlə