Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Zəngilanlılar bu tarixi günləri heç vaxt unutmayacaqlar

Bu il oktyabrın 20-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Zəngilan rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüblər. Bu çox səmimi və maraqlı görüşdə 44 günlük Vətən müharibəsi zamanı Ali Baş Komandan İlham Əliyevin liderliyi ilə Milli Ordumuz tərəfindən Zəngilanın erməni işğalından azad edilməsinin əhəmiyyəti, hazırda rayonda görülən geniş bərpa-quruculuq və yenidənqurma işləri, qarşıda duran perspektivlər barədə olduqca dəyərli fikirlər səslənib.

Prezident İlham Əliyev əvvəlcə bütün zəngilanlıları doğma rayonun işğaldan azad edilməsi münasibətilə ürəkdən təbrik edib. Qeyd edib ki, 1993-cü ildə Zəngilanın erməni ya­raqlıları tərəfindən işğalı günü bundan sonra tarixdən birdəfəlik silinəcək. Çağdaş Zəngilanın taleyində artıq yeni tarix var. Bu, 20 oktyabr, Zəngilanın azad olunması günüdür!

Zəngilanlılar bu günü böyük həsrətlə və səbirsizliklə gözləyirdilər. Allaha min şükür ki, onlar artıq bu müqəddəs arzularına çatıblar. Bu, əlbəttə, böyük sədaətdir! Bu xoşbəxtlik müzəffər Ali Baş Komandan İlham Əliyevin yüksək qətiyyəti, rəşadətli Azərbaycan Ordusunun bütün igid əsgər və zabitlərinin qeyri-adi qəhrəmanlıqları və şücaətləri sayəsində mümkün olub. Onlar tarixdə misli-bərabəri olmayan mərdlik nümunəsi nümayiş etdirərək bu torpa­ğın müqəddəsliyini, şərəfini, qürurunu gələcək nəsillərə qaytarıblar.

Zəngilan həm də olduqca gözəl bir məkandır. Möhtərəm Prezidentimiz bu yerlərin qeyri-adi gözəlliyindən söz açarkən deyib: “Zəngilan, doğrudan da çox füsunkar təbiətə malik olan bir diyardır. Mən ilk dəfə Zəngilana keçən ilin sonlarında gəldim, dekabr ayında və o vaxt heyran oldum bu diyara. Əzəmətli dağlar, yaşıl meşələr, çaylar, iqlim - bura doğrudan da Azərbaycanın ən gözəl yerlərindən biridir və məqsədimiz də odur ki, Zəngilanı yenidən quraq. Çünki köhnə Zəngilandan bir şey qalmayıb”.

Dövlətimizin başçısı sonra vur­ğulayıb ki, indi Zəngilanın yeni dövrü başlayır və şəhərin baş planı artıq hazırlanır. Yaxın aylarda baş plan təqdim ediləcək. Zəngilanın bütün təbii gözəllikləri nəzərə alınaraq burada müasir, çox gözəl bir şəhər qurula­caq. Əlamətdar haldır ki, azad edilmiş bütün torpaqlarda birinci “Ağıllı kənd” layihəsi məhz Zəngilan rayonunda həyata keçirilib.

Bu gün Zəngilanda, bütövlükdə işğaldan azad edilmiş bütün ərazilərdə dövlətimiz tərəfindən görülən işləri müşahidə etdikcə, hər birimizin qəlbi dağa dönür. Bu geniş miqyaslı işlər tez, sürətlə, üstəlik incə bir zövqlə həyata keçirilir. Bütün işlər Prezident İlham Əliyevin nəzarətindədir. Deməli, hər bir layihə vaxtından və yüksək keyfiyyətlə icra olunacaq.

Görünən budur ki, bu gün dövlətimiz və xalqımız yağı düşmənin vəhşicəsinə dağıtdığı yurd yerlərimizi, şəhər və kəndlərimizi, bütün yaşayış məskənlərimizi əl-ələ verib dünya­nın ən gözəl məkanına çevirmək əzmindədir.

Zəngilanın gələcəyi isə daha par­laq olacaq. Zəngəzur nəqliyyat dəhlizi açılandan sonra, Zəngilan regionun böyük nəqliyyat-logistika mərkəzinə çevriləcək. Burada yeni müəssisələr, xidmət obyektləri işə düşəcək. İn­sanlar üçün yeni iş yerləri açılacaq. Zəngilanlılar öz doğma torpaqlarına qayıdaraq, rahat və firavan ömür sürəcəklər.

Bir daha vurğulamaq istəyirəm. 2020-ci ilin 20 oktyabr tarixi biz zəngilalanlıar üçün son dərəcə əziz gündür. Düşünürəm ki, bu, Prezident İlham Əliyevin Zəngilana və zəngilanlılara olduqca dəyərli payı və çox böyük ərməğanıdır.

Möhtərəm Prezidentimiz, biz Sizə ürəkdən minnətdarıq. Dünya durduq­ca, var olun. Azərbaycan xalqı Sizinlə, hörmətli Mehriban xanım Əliyeva ilə fəxr edir!

Ənvər MƏMMƏDOV,

Zəngilan rayonundan olan pedaqoq

26 Oktyabr 2021 00:32 -

Köhnə versiyamızdan xəbərləri izlə