Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Zəfər tarixinin xronikası: 26 oktyabr 2020-ci il

Həmin gün:

– Prezident İlham Əliyev xalqa müraciət edib. Dövlətimizin başçısı müraciətində deyib: “Zəngilan, Cəbrayıl, Qubadlı rayonunun sakinlərinə, bu kəndlərdə yaşamış sakinlərə xoş xəbər çatdırmaq mənim üçün böyük şərəfdir. Düzdür, o kəndlərdən bir şey qalma­yıb. Eybi yoxdur, bərpa edəcəyik. Azərbaycan xalqının da, dövlətinin də buna gücü çatacaq. Təki torpağımız azad olsun. Təki bayrağımız bütün işğal edilmiş torpaqlarda qaldırılsın”.;

– Ali Baş Komandan xalqa müraciətində daha sonra Azərbaycanın yaşayış məntəqələrinin azad edilməsi haqqında məlumatı diqqətə çatdırıb: “Zəngilan rayonun­da azad edilmiş kəndlər: Birinci Alıbəyli, İkinci Alıbəyli, Rəbənd, Yenikənd. Cəbrayıl rayonu­nun azad edilmiş kəndləri: Qovşudlu, Sofulu, Dağ Maşanlı, Kürdlər, Hovuslu, Çələbilər. Qubadlı rayonunun dünən azad edilmiş yaşa­yış məntəqələri: Padar, Əfəndilər, Yusifbəyli, Çaytumas, Xanlıq, Sarıyataq, Mollabürhan və Qubadlı şəhəri!”;

– Ali Baş Komandan, Prezident İlham Əliyev Qubadlı şəhəri və Qubadlı rayonunun bir neçə kəndinin işğalçılardan azad olun­masında fərqlənmiş hərbi birlik komandirləri Yaşar Həsənovu və Zaur Quliyevi təbrik edib. Dövlətimizin başçısı onlara Vətən uğrunda gedən döyüşlərdə yeni uğurlar arzulayıb. Tapşırıb ki, onun təbriklərini və təşəkkürlərini bütün şəxsi heyətə çatdırsınlar.

– Azərbaycan Respublikasının Bi­rinci vitse-prezidenti Mehriban Əliyeva Zəngilan, Cəbrayıl, Qubadlı rayonlarının bir sıra kəndlərinin və Qubadlı şəhərinin işğaldan azad edilməsi ilə əlaqədar rəsmi "Instagram” səhifəsində paylaşım edib: “Zəngilan, Cəbrayıl, Qubadlı rayonlarının bir sıra kəndləri və Qubadlı şəhəri işğaldan azad edildi! Bu münasibətlə bütün xalqımı­za səmimi təbriklərimi çatdırıram! Hər bir yeni qələbənin əldə edilməsi əsgərlərimizin qəhrəmanlığı, şücaəti, cəsarəti, igidliyi və mətanəti sayəsində mümkün olur. Onların hər birinə hədsiz dərəcədə minnətdaram! Uca Tanrı ordumuzu, xalqımızı, Vətənimizi və Prezidentimizi qorusun! Qarabağ Azərbaycandır!”;

– Milli Məclisinin Sədri Sahibə Qafarova Türkiyənin “Milliyet”qəzetinə müsahibə verib. Müsahibədə Sahibə Qafarova bildirib ki, sentyabrın 27-də Ermənistanın Azərbaycana qarşı növbəti hərbi təcavüzünün başladığı ilk anlardan etibarən Türkiyənin həm rəsmi şəxsləri, həm də xalqı açıq və birbaşa olaraq ölkəmizə dəstək verib. Türkiyə Böyük Millət Məclisində təmsil olunan 4 siyasi partiya tərəfindən Azərbaycanın haqlı mübarizəsinə verilən dəstək də ölkəmiz üçün çox dəyərlidir. S.Qafarova bu dəstəyə görə həm şəxsən öz adından, həm də Milli Məclisin deputatları adından Türkiyə Respublikasına, Türkiyə Bö­yük Millət Məclisinə və parlamentin üzvlərinə minnətdarlığını bildirib.;

– Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Twitter” səhifəsində bildirib: “Ermənistan silahlı qüvvələri humanitar atəşkəsi kobud şəkildə pozaraq Tərtər rayonuna artilleriya və raketlərdən istifadə etməklə hücum edib. Azərbaycanın yaşayış məntəqələrinə 200-dən çox mərmi atılıb;

– Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib: “Xa­rici kütləvi informasiya vasitələrində kəşfiyyat məlumatlarına istinadən Azərbaycanın işğal olunmuş Şuşa şəhərinə PKK terrorçularının yerləşdirilməsi və onlara Azərbaycan Silahlı Qüvvələrinin hərbi geyimlərinin geyindirilməsi barədə ciddi xəbərlər öz əksini tapıb”.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti açıqlama yayıb

Açıqlamada Ermənistan silahlı qüvvələrinin oktyabrın 26-da saat 08.05-də yeni humanitar atəşkəsi kobud şəkildə pozaraq Azərbaycan Or­dusunun Laçın rayonunun Səfiyan kəndindəki bölmələrini artilleriya atəşinə tutduğu, daha son­ra Tərtər rayonunun Tərtər şəhəri və kəndlərini intensiv atəşinə məruz qoyduğu qeyd edilib.

Müdafiə Nazirliyinin məlumatından:

– oktyabrın 26-da saat 08.00-dan yeni humanitar atəşkəs rejiminin elan olunması­na baxmayaraq, Ermənistan silahlı qüvvələri növbəti dəfə əldə olunmuş razılaşmanı kobud surətdə pozub;

– oktyabrın 26-da saat 08.05-də Ermənistan silahlı qüvvələri yeni humanitar atəşkəs rejimini pozaraq Laçın şəhəri istiqamətindən Laçının Səfiyan kəndində yerləşən Azərbaycan Ordusu­nun bölmələrini artilleriya atəşinə tutub;

– Ermənistan silahlı qüvvələri yeni huma­nitar atəşkəs rejimini kobud şəkildə pozaraq oktyabrın 26-da Tərtər şəhərini və rayonun kəndlərini artilleriya atəşinə tutub.

– yeni humanitar atəşkəs rejiminin elan olunmasına baxmayaraq Ermənistan si­lahlı qüvvələri bütün cəbhə boyu, eləcə də Ermənistan-Azərbaycan dövlət sərhədində yerləşən yaşayış məntəqələrimizi və bölmələrimizin mövqelərini müxtəlif növ atıcı silahlar, minaatanlar və toplardan atəşə tutub;

– səhər saatlarından başlayaraq Ermənistanın Berd, Çəmbərək və Vardenis rayonları ərazisindən Azərbaycanın Tovuz, Gədəbəy və Daşkəsən rayonlarının əraziləri düşmən tərəfindən atəşə tutulub. Eyni za­manda Tərtər, Ağdam, Füzuli, Laçın və Qu­badlı istiqamətlərində yerləşən bölmələrimizin mövqeləri də düşmən tərəfindən atəşə məruz qalıb;

– Ağdam rayonunun kəndləri Ermənistan silahlı qüvvələri tərəfindən artilleriya atəşinə tutulub;

– Ermənistanın Berd və Vardenis rayonları ərazisindən Azərbaycanın Tovuz, Ağcabədi, Daşkəsən, Tərtər rayonları, Füzuli və Ağdam istiqamətlərindəki yaşayış məntəqələri, habelə Azərbaycan Ordusu bölmələrinin mövqeləri düşmən tərəfindən atəşə tutulub;

– Ermənistan-Azərbaycan dövlət sərhədinin Daşkəsən rayonu sahəsində bölmələrimizin mövqeləri üzərində uçuş keçirməyə cəhd göstərən düşmən kvadrokopteri atıcı silahlardan açılan atəşlə məhv edilib;

– düşmən “Smerç” yaylım atəşli reaktiv sistemindən Tərtər şəhərini atəşə tutub.

Ermənistanın dinc əhaliyə qarşı törədilən cinayətlərinin son statistikası

Azərbaycan Respublikasının Baş Prokuror­luğu Ermənistanın təxribatları nəticəsində sent­yabrın 27-dən oktyabrın 26-sı saat 12:00-dək dinc əhaliyə qarşı törədilmiş cinayətlərin statisti­kasını təqdim edib.

Baş Prokurorluqdan bildirilib ki, Ermənistan silahlı qüvvələrinin yaşayış məntəqələrimizi ağır artilleriya qurğularından və raket sistemlərindən atəşə tutması nəticəsində indiyədək mülki şəxslərdən 65 nəfər həlak olub, 297 nəfər isə xəsarət alıb. Bundan başqa, Ermənistan ordusunun intensiv ağır artilleriya və raket atəşi nəticəsində 2243 ev, 90 çoxmənzilli yaşayış binası və 402 mülki obyekt yararsız vəziyyətə düşüb.

Ermənistan ordusunun oktyabrın 4-də, 11-də və 17-də raket və ağır artilleriya hücum­ları nəticəsində Gəncədə 10-u qadın, 6-sı uşaq olmaqla 26 nəfər həlak olub, 138 nəfər yarala­nıb. Bundan başqa, şəhərdə mülki infrastruktur obyektlərinə, nəqliyyat vasitələrinə külli miqdar­da ziyan dəyib.

“Xalq qəzeti”

26 Oktyabr 2021 09:00 -

Köhnə versiyamızdan xəbərləri izlə