Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Füzuli Beynəlxalq Hava Limanı mühüm sosial-iqtisadi və strateji əhəmiyyətə malikdir

Füzuli rayonunda artıq icra edilən layihələr bizim həm niyyətimizi, həm potensialımızı göstərir. Cəmi 8 ay ərzində Füzuli Beynəlxalq Hava Limanı inşa edilib. Bu gün hazır hava limanı ilə tanış olarkən mən bir daha gördüm ki, bəlkə də dünya praktikasında, dünya tarixində bu qısa müddət ərzində, minalanmış ərazidə beynəlxalq hava limanları tikilməmişdir.

İlham ƏLİYEV

Azərbaycan Respublikasının Prezidenti

 

Qarabağ və ətraf rayonlar işğaldan azad ediləndən son­ra bölgədə abadlıq-quruculuq işlərinə başlandı. Burada, ilk növbədə, nəqliyyat-logistika layihələrinin gerçəkləşməsinə xü­susi önəm verildi, yol-tikintisi, aeroportların salınması məsələləri prioritet vəzifə kimi qarşıya qoyuldu. Məhz bu diqqətin nəticəsi idi ki, Vətən müharibəsindən ötən bir il ərzində Qarabağ və Şərqi Zəngəzurda uzunluğu 700 kilometrə yaxın 10 yol infrast­rukturu layihəsinin–“Zəfər”, Əhmədbəyli-Füzuli-Şuşa, Toğanalı-Kəlbəcər-İstisu, Kəlbəcər-Laçın, Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd, Talış-Tapqaraqoyunlu-Qaşaltı, Xudafərin-Qubadlı-Laçın, Şükürbəyli-Cəbrayıl-Hadrut, Füzuli-Hadrut, Bərdə-Ağdam avto­mobil yollarının sürətlə reallaşdırılması istiqamətində mühüm nəticələr əldə edildi.

 

Bərpa çərçivəsində gerçəkləşdirilən layihələr sırasında Qarabağın hava qapısı olan Füzuli Beynəlxalq Hava Limanı ilə yanaşı, Laçın və Zəngilan rayonlarında da ae­roportların tikintisi həm sosial-iqtisadi, həm də strateji cəhətdən olduqca bö­yük önəm daşıyır. Azərbaycan dövləti mövcud imkanlardan səmərəli yarar­lanaraq, bu prosesi qısa müddətdə yekunlaşdırmağa çalışır.

Prezident İlham Əliyev bir müddət bundan əvvəl Laçında olarkən, burada hava limanının təməlqoyma mərasimində çıxış edərək, dedi: “Bu gün azad edilmiş torpaqlarda böyük infrastruktur obyektinin təməli qoyulur. Laçın rayonunda beynəlxalq hava li­manının tikintisinə start verilir. Bu hava limanının tikintisi mənim tərəfimdən bir müddət əvvəl elan edilmişdir. Demiş­dim ki, azad edilmiş torpaqlarda üç beynəlxalq hava limanı tikiləcək. Artıq Füzulidə və Zəngilanda bu işlərə start verilib…”.

Beləliklə, Zəngilan, Laçın və Füzuli hava limanlarının inşa edilməsi və istismara hazırlanması bölgənin canlanmasına, həm yük, həm sərnişin daşımasına, həm də Azərbaycanın öz hərbi gücünü artırmağa, hərbi infrastrukturu yaratmağa böyük töhfə verəcək.

Yeri gəlmişkən, Prezident İlham Əliyev Zəngilan rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə bildirdi ki, Qarabağ və Şərqi Zəngəzurda nəqliyyat-logistika layihələrinin icrası xüsusi əhəmiyyət daşıyır. Zəngilanda, Laçında hava limanları, dəmir yolu və Horadiz-Ağbənd avtomobil yolunun tikilməsi, Zəngəzur dəhlizinin açılması diqqətdə saxlanılır, Füzuli Beynəlxalq Hava Limanının inşası beynəlxalq norma və standartlara uyğun şəkildə həyata keçirilir. Bütün bunlar coğrafi yerləşmə və mövcud imkanlar baxı­mından bölgənin beynəlxalq nəqliyyat-logistika mərkəzinə çevirilməsində böyük rol oynayır.

Xatırladaq ki, Füzuli hava limanının tez bir zamanda istismarı üçün bütün qüvvələr səfərbər olundu. Bu il sent­yabrın 5-də Füzuli Beynəlxalq Hava Limanının istifadəyə verilməsindən əvvəl, Bakıdan uçan “Azərbaycan Hava Yolları”na məxsus ən böyük “Airbus A340-500” tipli və simvolik ola­raq “Qarabağ” adını daşıyıan sərnişin təyyarəsi sınaq reysi həyata keçirərək, işğaldan azad olunan Qarabağın ilk hava limanında eniş icra etdi. Bun­dan əlavə, Azərbaycanın “Silk Way” aviaşirkətinə məxsus ən böyük yük təyyarələrindən biri olan “Boeing 747-400” tipli hava gəmisi də Füzuli aero­portuna endi. Bu təyyarə ilə Qarabağa ilk dəfə hava yolu vasitəsilə yüklər çatdırıldı. Bakı-Füzuli marşrutu üzrə sərnişin təyyarəsi ilə uçuş müddəti 35 dəqiqə çəkdi.

Füzuli hava limanına beynəlxalq status verilib, bu barədə müvafiq qərar Azərbaycanın Baş naziri Əli Əsədov tərəfindən imzalanıb. Beləliklə, Füzuli aeroportu beynəlxalq uçuşlar üçün açıqdır və Qarabağın turizm poten­sialının inkişafına töhfə verəcək. Beynəlxalq statusun reallaşması haq­qında qərar Füzulidə yerləşən hava li­manında bütün tikinti-quraşdırma işləri başa çatdıqdan sonra qəbul edilib.

“Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) mətbuat xidmətinin məlumatına görə, bundan əlavə, hava limanına Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyası (IATA) tərəfindən latın əlifbasının üç hərfindən ibarət FZL kodu verilib. Bu fərdi kod hava limanı­nın yerləşdiyi şəhərin adı - Füzuli ilə bağlıdır.

Hava limanlarının IATA kodla­rı sərnişin daşımaları üçün böyük əhəmiyyət kəsb edir, bu kodlar aviaşirkətlər, aviabilet satışı üzrə agentliklər, biletləri beynəlxalq təxsisetmə sistemləri və s. tərəfindən istifadə olunur.

Daha əvvəl Füzuli hava limanına Beynəlxalq Mülki Aviasiya Təşkilatı (ICAO) tərəfindən UBBF kodunun verilməsi təsdiq edilib.

Füzuli hava limanında ICAO-nun bütün tələblərinə əsasən uçuşların təhlükəsizliyinin təmin edilməsi üçün cihazlar üzrə enmə və naviqasiya, işıq-texniki, əsas və ikinci dərəcəli radiolokasiya sistemləri ilə tam təchiz edilən 3 min metr uzunluğunda və 60 metr enində uçuş-enmə zolağı istifadəyə verilib.

Perronun sahəsi 60 min kvad­ratmetrdir və 8 hava gəmisinin dayanacağı üçün nəzərdə tutulub. Avtomatlaşdırılmış sistemlərlə təchiz edilmiş hava hərəkətini idarəetmə qülləsinin inşası başa çatıb. Bu, Füzuli Beynəlxalq Hava Limanına ICAO və IATA standartlarına uyğun uçuşların başlanılmasını şərtləndirib.

Xatırladaq ki, Füzuli hava lima­nından əlavə, hazırda Azərbaycanda altı beynəlxalq hava limanı– Bakıda (GYD), Gəncədə (GNJ), Naxçıvanda (NAJ), Qəbələdə (GBB), Lənkəranda (LLK) və Zaqatalada (ZTU) fəaliyyət göstərir. Sadalanan aeroportlardan başqa, Azərbaycanda Yevlax hava li­manı və Zabrat qəsəbəsində yerləşən “ASG Helicopter Services” (ZXT) he­likopter aviaşirkətinin bazası aviasiya xidmətləri göstərir.

Prezident İlham Əliyevin tapşı­rığı ilə Füzuli rayonunda belə qısa müddətdə bu cür ən müasir stan­dartlara cavab verən Beynəlxalq Hava Limanının inşasının həyata keçirilməsi, sözün əsl mənasında, misli görünməmiş hadisədir və bu, bir daha Azərbaycan Prezidentinin mənfur düşməndən azad olunmuş torpaqlarımızda böyük yenidənqurma və tikinti işlərinin aparılması barədə fikirlərinin bariz nümunəsidir.

Füzuli Beynəlxalq Hava Limanı­nın salınması Vətən müharibəsində Azərbaycanın əldə etdiyi möhtəşəm qələbədən sonra ən böyük uğur və ölkəmizin nəyə qadir olduğunun parlaq göstəricisidir. Çünki burada tikinti işlərinə başlayarkən, ərazi demək olar ki, erməni faşizmi tərəfindən dağılmış vəziyyətdə idi, inşaat əməliyyatlarının görülməsi üçün heç bir infrastruktur yox idi. Qısa müddətdə aerovağzal kompleksinin elektrik enerjisi ilə təmin edilməsi üçün nəzərdə tutulan əsas transformator yarımstansiyaları və elektrik ötürücü xətləri çəkildi. Qa­zanxana və digər köməkçi binalar tikildi. Hava Limanını “Zəfər yolu” və Şuşa şəhərinə aparan magistral yol ilə birləşdirən avtomobil yolunun inşası­na başlandı. Bütün bunlar ərazinin minalardan təmizlənmə əməliyyatı ilə bərabər gerçəkləşdirildi.

Füzuli Beynəlxalq Hava Limanının inşası üzrə layihə meneceri Selim Akbay bildirib ki, bu layihədə fəaliyyət göstərən minə yaxın şəxs öz işini ürəklə yerinə yetirdi: “Burada çalışan heç bir kəsə “Yaxşı işlə, tez işlə” kimi sözlər deyilmədi. Layihənin icrasında Türkiyə və digər ölkələrdə hava lima­nında çalışan təcrübəli mütəxəssislər tərəfindən fədakarlıq göstərildi.

Füzuli Beynəlxalq Hava Lima­nı Qarabağ və Şərqi Zəngəzurun bərpası, inkişafı üçün mühüm önəm daşıyır. Aeroportun bu iqtisadi bölgələrdə istehsal olunacaq sənaye məhsullarının dünya bazarlarına çıxa­rılması və bütövlükdə regionun ixrac imkanlarının genişləndirilməsi baxı­mından böyük əhəmiyyəti var.

Milli Məclisin deputatı Vüqar Bayramovun sözlərinə görə, bu ilin may ayında Füzuli Beynəlxalq Hava Limanının inşası ilə tanış olan za­man çoxumuza bu gün limanın artıq təyyarələri qəbul edəcəyi bəlkə də bir arzu kimi görünürdü. Lakin ölkəmiz belə bir nəhəng və önəmli layihəni qısa müddətdə gerçəkləşdirməklə bütün dünyaya güc-qüdrətini bir daha nümayiş etdirdi.

Prezident İlham Əliyev Füzuli Beynəlxalq Hava Limanını “Qara­bağın hava qapısı” elan edib. Bu isə ondan xəbər verir ki, sözügedən aeroportun istifadəyə verilməsi Qarabağın və digər bölgələrimizin dünya ilə əlaqələrinin daha da genişləndirilməsinə imkan verəcək. Bu, Qarabağımızın Azərbaycan iqtisadiyyatına reinteqrasiyası baxı­mından xüsusilə vacibdir. Bərpa və yenidənqurma mərhələsindən sonra işğaldan azad olunan ərazilərimizin Azərbaycan iqtisadiyyatının 8 faizini formalaşdıracağı gözlənilir. Bu, əlavə 5 milyard manat yeni dəyərin yaradıl­ması deməkdir. Bu baxımdan Füzuli Beynəlxalq Hava Limanı Qarabağ iqtisadiyyatının region bazarları üzrə şaxələnməsinə xüsusi töhfə verəcək.

Füzulidə hava limanının tikilməsi turistlərə daha sərfəli və qısa yolla iş­ğaldan azad olunan ərazilərimizə səfər etmək imkanı verəcək. Bu amil işğal­dan azad edilmiş ərazilərimizə, eləcə də Füzuli rayonuna gələcək turistlərin sayına müsbət təsir göstərəcək və daha çox turistin ölkəmizə gəlməsinə imkan yaradacaq. Eyni zamanda, hava limanı yükdaşımalar, xüsusən də beynəlxalq yükdaşımalar üçün vacib əhəmiyyət kəsb edir. İşğaldan azad edilmiş ərazilərimizin sənaye potensialını nəzərə alsaq, Füzulidə açılacaq hava limanı, həm də həmin ərazilərdə istehsal olunacaq sənaye məhsullarının dünya bazarına çı­xarılması və bütövlükdə regionun ixrac imkanlarının genişləndirilməsi baxımından vacibdir. Hava limanının inşası və yaxın gələcəkdə istifadəyə verilməsi yeni iş yerlərinin yaradılma­sına da xidmət edəcək. Bu, xüsusən işğaldan azad olunmuş ərazilərimizdə məskunlaşan vətəndaşlarımızın məşğulluğunun təmin olunması baxı­mından önəmlidir.

V.BAYRAMOV, “Xalq qəzeti”

26 Oktyabr 2021 00:26 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə