Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Qarabağ müharibəsində Azərbaycan öz böyüklüyünü göstərdi

Zəngilanın da tarixi keşməkeşli olub. Rus imperiyası Qafqazı istila edəndə hansı səbəblərə görəsə, yeni inzibati ərazi bölgüsü yaratdı. Ərazisi şərqdən Həkəri çayından Mehri dağ silsiləsinə qədər olan Zəngəzur qəzası Gəncə quberniyasına tabe edildi. 1920-ci ilin 28 aprel işğalından sonra bolşeviklərin köməyi ilə qədim türk torpaqları hesabına ilk dövlətlərini quran ermənilər Zəngəzurun bir hissəsinə də sahibləndilər. Bolşevik Rusiyasının təklifi ilə qəzanın yuxarı hissəsi Ermənistana verildi, Laçın, Qubadlı və Zəngilan bölgələri isə Azərbaycanın tərkibində qaldı...

Ötən əsrin sonlarında Ermənistan elan etmədən Azərbaycana qarşı müharibəyə başladı. Ayrı-ayrı rayon­larda yerli ərazi özünümüdafiə tabor­ları yaradıldı. Zəngilan taboru əhalinin iştirakı ilə ərazini mərdliklə müdafiə edirdi. Zəngilan taboru Ermənistan ərazisinə hücum edərək bir neçə kəndi ermənilərdən təmizləmişdi. Bu, Azərbaycanın Ermənistan ərazisində apardığı ilk hərbi əməliyyat idi. Bu əməliyyat taborun şəxsi heyətinin mənəvi-psixoloji hazırlığında son dərəcə əhəmiyyətli olmuş, Ermənistan ordu­sunun şəxsi heyəti arasında müəyyən mənada qorxu da yaratmışdı...

1992-ci ilin yayında Zəngilan alayına məxsus yeganə “Qrad” qurğu­sunun Beyləqana aparılması rayonun müdafiəsini ciddi şəkildə çətinləşdirdi. Cəbrayılın, Qubadlının işğalı Zəngilanın müdafiəsini çıxılmaz vəziyyətə salmışdı. Amma əhali də, alay da döyüşürdü.

Oktyabrın ilk ongünlüyündə Zəngilnda vəziyyət xeyli gərginləşmişdi. Bakıdan lazımi kömək göndərilmədi. Zəngilana olmayan artilleriya qurğu­su üçün mərmilər və 100 nəfər təlim keçməmiş əsgər göndərilmişdi. Bunların heç biri Zəngilanın müdafiəsində nəyisə dəyişməyə, yaxşılaşdırmağa qadir deyildi.

Zəngilan işğal ərəfəsində olanda yeganə çarə kimi əhalinin İran ərazisi vasitəsilə ölümdən, əsirlikdən qurtarma­sına qərar verildi. Bu müddət ərzində alay müdafiə döyüşləri aparırdı.

Oktyabr ayının 30-da Zəngilan alayı Koroğlu daşı istiqamətində sonuncu müdafiə döyüşləri apararkən əhali Araz çayından İran ərazisinə keçirdi.

Beləliklə, Zəngilanda işğal olundu.

1 şəhər, 5 qəsəbə və 83 kənd ermənilərin əlinə keçdi. 730 kvadratkilo­metr sahəsi, 45 mindən çox əhalisi olan rayonun bütün infrastrukturu dağıdıldı. İşğaldan sonra Zəngilan rayonunun əhalisi məcburi olaraq respublikanın 43 rayonunda müvəqqəti məskunlaşdı. Ermənistan Zəngilanın ərazisində onlarca tarixi abidəni dağıtdı. XVII əsrə aid İmam Hüseyn məscidi, Yəhya ibn Məhəmməd əl-Hoca məqbərəsi – Məmmədbəyli kəndi IX-XVI əsrlərə aid Şərifan abidələri, XIII əsrə aid sərdabə, XIV əsrə aid Qız qalası və s. belə tarixi abidələrdəndir...

Otuz ilə qədər bir müddətdə Azərbaycanın münaqişəni sülh yolu ilə həll etmək üçün göstərdiyi bütün cidd-cəhdlər nəticə vermədi. Dünya gücləri, nüfuzlu beynəlxalq qurumlar Ermənistan silahlı qüvvələrinin işğalı altında saxladıqları Azərbaycan ərazisini qeyd-şərtsiz tərk etməsi barədə çox­lu sayda qərar və qətnamələr qəbul etsələr də, dünyada baş alıb gedən ikili standartlar və islamofobiya bu sərhədlərin icra olunmasına imkan vermədi.

Özünü haqq-ədalətin, demokra­tik prinsiplərin carçısı kimi təqdim edən Qərbin və Avropanın bir sıra dövlətlərinin, habelə mötəbər təşkilatların Ermənistanın beynəlxalq hüquq normalarına göz yumması işğalçı ölkəni daha da azğınlaşdırırdı.

Ermənistan danışıqlar prosesindən yayınır, regionda status-kvonu sax­lamağa çalışırdı. Azərbaycan Res­publikasının Prezidenti Cənab İlham Əliyev qətiyyətlə demişdi: "Azərbaycan xalqı, Azərbaycan dövləti heç zaman Azərbaycan ərazisində ikinci erməni dövlətinin yaranmasına imkan verməz". Bu bəyanat Ermənistanı işğalçılıq niyyətindən daşındırmadı. İşğalçı dövlət atəşkəsi pozmaqla irimiqyaslı təxribatlar törətməyə cəhd göstərirdi.

Nəhayət, 2020-ci il sentyab­rın 27-də Ermənistan ordusu müxtəlif istiqamətlərdən, həm dövlət sərhədlərindən, həm də işğal etdiyi ərazilərdən hücuma keçdi. Azərbaycan Ordusunun hissələri düşmənin hücu­munun qarşısını qətiyyətlə aldı. Cənab Ali Baş Komandanın döyüş əmri ilə əks-hücum əməliyyatı başladı. Bu, Vətən müharibəsi idi...

Azərbaycan Ordusunun hissələri düşmənin illərlə yaratdığı, yenilədiyi, təkmilləşdirdiyi müdafiə şəbəkəsini darmdağın etdi. Qələbə qələbə dalınca qazanıldı, Silahlı Qüvvələrimiz döyüşə-döyüşə irəlilədi, bir-birinin ardınca şəhər və kəndlərimizi azad etdi.

Cəbrayıl rayonunda düşmən qüvvələrinə sarsıdıcı zərbə vurulma­sı, 30-dan çox yaşayış məntəqəsinin işğaldan azad edilməsi, Azərbaycan Silahlı Qüvvələrinin Zəngilan rayonunun inzibati hüdudlarına çatmasına şərait yaratdı. Ordumuz 2020-ci il oktyab­rın 18-də Zəngilan rayonunun azad edilməsi uğrunda əməliyyata başladı. Oktyabrın 20-də Azərbaycan Prezidenti İlham Əliyev xalqa növbəti müraciətində Zəngilan rayonunun Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı və Zəngilan şəhərinin işğaldan azad olunduğunu elan etdi. Zəngilan döyüşləri nəticəsində Azərbaycan Silahlı Qüvvələri tərəfindən Zəngilan şəhəri, ra­yonun 4 qəsəbəsi və 49 kəndi işğaldan azad edildi.

Şuşa işğaldan azad edildi. Bu, Vətən müharibəsində mühüm bir mərhələ oldu, Azərbycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə no­yabrın 8-i Zəfər Günü kimi tarixləşdi...

Azərbaycan Prezidentinin sərəncamı ilə 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin sərəncamları ilə Zəngilan rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət göstərmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 6974 hərbi qulluqçusu “Zəngilanın azad olun­masına görə” medalı ilə təltif edildi.

Birinci Qarabağ müharibəsi iştirakçı­ları da, Vətən müharibəsi iştirakçıları da bu qələbəni xalqın, Azərbaycan Ordu­sunun və müzəffər Ali Baş Komandanın qələbəsi hesab edir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Birinci vit­se-prezident Mehriban xanım Əliyevanın işğaldan azad edilmiş rayonlara səfərləri həm Vətən müharibəsində qazanılan Zəfərin qürurunu həmin rayonda yaşat­maq istəyidir, həm də həmin yaşayış məskənlərinin yenidən qurulacağına əminlik yatarmaq üçündür. Ölkə başçı­sının Zəngilan rayonuna səfərlərində də bu duyğular yaşanılır.

Qələbədən sonra Zəngilan rayo­nuna dörd səfər etmiş Prezident İlham Əliyev aparılan bütün bərpa və quru­culuq işlərini bilavasitə nəzarətində saxlayır. İşğaldan azad edilmiş rayon­larda icra olunan layihələr regionun sosial-iqtisadi inkişafında çox mühüm rol oynayacaqdır. Prezident İlham Əliyevin işğaldan azad edilmiş rayon­lara səfərləri təsdiqləyir ki, əhalinin ərazilərə qayıdışı dövlətin nəzarəti altında həyata keçiriləcək. Ölkə başçı­sının bu səfərləri insanların, bu sıradan gənc nəslin vətənpərvərlik duyğularını gərəkli səviyyədə formalaşdırır. Zəngilan rayonuna yaxın vaxtlarda köçkünlərin bir hissəsi qayıdacaqdır.

Ermənilər dünya müharibələr tarixində misli görünməyən vəhşilikləri ediblər. İşğal dövründə bütün evlər, tarixi abidələr, infrastruktur darmadağın edilib. Bu, bütün bəşəriyyətə düşmənçilikdir. Bu gün ermənilərin dağıtdığı kəndlərin bərpası sürətlə davam edir. Zəngilanın Birinci Ağalı, İkinci Ağalı, Üçüncü Ağalı kəndləri bərpa edilir. Bu kəndlər “Ağıllı kənd” pilot layihəsi çərçivəsində yenidən qurulur. Ərazidə ilk olaraq tam izolyasiya olunmuş və innovativ tikinti materiallarından istifadə olunmaqla 200 fərdi ev tikilməkdədir. Evdaxili mühəndis kommunikasiya, isitmə sistemi də ağıllı texnologiyalar əsasında qurulacaq. Bu kəndlərdə müasir məktəb, uşaq bağçası, poliklinika tikiləcək, iş yerləri yaradılacaqdır. Elektron idarəetmə olacaq. Zəngilandakı Ağalı kəndi Qafqazda müasir standartlara cavab verən ilk kənd kimi tarixə düşəcək. Kənddə layihənin icrası əsasən 5 komponent üzrə aparılacaq: yaşayış, istehsal, sosial xidmətlər, “ağıllı kənd təsərrüfatı”, alternativ enerji sahələri. Burada inşa ediləcək 200 evdən ibarət kəndin enerjiyə olan tələbatı yalnız alternativ enerji mənbələrindən əldə olunacaq. Layihələrin icrasında Türkiyə, Çin, İsrail, İtaliya şirkətləri iştirak edirlər. Texnologiyalar sahəsində dünyanın ən qabaqcıl kampaniyaların­dan olan “Huawei-Azərbaycan” şirkəti Qarabağda “Ağıllı kənd” üzrə qabaqcıl texnologiyaları təmin etmək üçün ən son məhsul və texnologiyaları bölgədə yerləşdirəcək. “Ağıllı kənd” layihəsinin birinci mərhələsində Qarabağda təhlükəsiz yaşayış mühiti yaradaraq “ağıllı tədris”, “ağıllı səhiyyə” və “ağıllı kənd təsərrüfatı” sistemlərini də həyata keçirəcək.

Vətən müharibəsinin sonunda Azərbaycan, Rusiya və Ermənistan rəhbərlərinin imzaladıqları birgə Bəyanatda Zəngəzur dəhlizinin açılması da müddəa kimi qeyd edilib. Dəhlizin açılması isə uzun illər blokadada olmuş Naxçıvan Muxtar Respublikasını bu vəziyyətdən çıxarmaqla yanaşı, xalqımı­zın tarixi ərazisi olan qədim Zəngəzura 101 ildən sonra yenidən qayıdışını təmin edəcək. Zəngilanı Naxçıvanla ayıran cəmi 40 kilometrlik Zəngəzur dəhlizidir. Dəhlizin bərpa olunması yeni iqtisadi perspektivləri yaradacaqdır. Şərqi Zəngəzur bölgəsində yerləşən Zəngilanı qədim torpağımız olan Qərbi Zəngəzurla, ondan sonra Ordubad vasitəsilə Naxçıvanla və Türkiyə ilə birləşdirmək Azərbaycanın növbəti tarixi nailiyyəti olacaqdır...

Zəngilan da yenidən qurulur. Azərbaycan Vətən müharibəsində qalib gəldi. İndi qarşıda böyük vəzifələr durur. Dövlətimizin başçısı bu barədə xalqa müraciətində demişdir: “Bu gün buraya bu torpaqların sahibləri kimi qayıtmı­şıq, azad edilmiş bütün torpaqlarda Azərbaycan bayrağı dalğalanır. Bu gün mən müzəffər Ordumuzun Ali Baş Komandanı kimi Hadrut qəsəbəsində milli bayrağımızı qaldırdım. Bu bay­raq burada əbədi dalğalanacaq. Biz azərbaycanlılar bundan sonra öz dədə-baba torpaqlarımızda əbədi yaşayaca­ğıq. Bütün dağılmış şəhərləri, kəndləri yenidən quracağıq, həyat qayıdacaq, insanlar qayıdacaq və biz bütün dün­yaya bir daha xalqımızın böyüklüyünü göstərəcəyik”.

Səbinə XASAYEVA,

Milli Məclisin deputatı

26 Oktyabr 2021 00:24 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə