Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycandan BMT TŞ sədrliyinə uzanan yol

Azərbaycan həmişə BMT-nin fəal üzvü olmuşdur. Biz təqribən on il bundan əvvəl beynəlxalq birliyin böyük dəstəyi ilə hətta Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilmişdik. 155 ölkə bizim namizədliyimizi dəstəkləmişdir və bu da Azərbaycanın beynəlxalq nüfuzunu və fəal xarici siyasətini nümayiş etdirirdi. İkiillik sədrlik dövründə biz mühüm məsələlərlə bağlı təşəbbüslər irəli sürdük və beynəlxalq bir­liyin gündəliyində duran vacib qlobal məsələlərə toxunduq. İndi isə BMT-dən sonra ən böyük beynəlxalq təşkilat olan Qoşulmama Hərəkatının sədri kimi biz beynəlxalq münasibətlər sistemində mü­hüm rol oynayırıq və BMT Baş katibinin təşəbbüslərinə dəstək oluruq, xüsusilə COVID ilə mübarizə sahəsində.

İlham ƏLIYEV

Azərbaycan Respublikasının Prezidenti

Birləşmiş Millətlər Təşkilatının ( BMT) nizamnamələri dünyada beynəlxalq hüququn, sülhün və eyni zamanda, təhlükəsizliyin qorunmasında, bərpa edilməsində mühüm rol oynayır. Qlobal arenada yaranan müxtəlif məhdudiyyətlərə baxmayaraq, BMT ölkələrin qarşılaşdığı problemlərin, yeni çağırışların həllinə kömək edə biləcək böyük nüfuza malik qurumdur.

Təbii ki, insan hüquqlarının pozulma­sı, son illərdə dünyanı ağuşuna alan qlo­bal maliyyə böhranları, vahid ekoloji sis­temin zərər görməsi, müxtəlif bölgələrdə müşahidə edilən silahlı münaqişələr, bununla yanaşı, təcavüzkar ekspansi­onist siyasətlər, terrorçuluq, beynəlxalq mütəşəkkil cinayətkarlıq və s. dünyada milyonlarla insana mənfi təsir edir. Bu cür problemlərin geniş vüsət aldığı bir dövrdə dünyanın beynəlxalq hüquqa ilk növbədə hörmət edən, bu hüququ bərpa etmək iqtidarında olan genişmiqyaslı, qlobal təsisatlara ehtiyacı var.

Ötən il sentyabrın 21-də Azərbaycan Prezidenti İlham Əliyev BMT Baş Assambleyasının 75-ci sessiyası çərçivəsində qurumun 75 illiyinə həsr olunmuş yüksək səviyyəli videofor­matlı iclasında iştirak etmişdir. Bizim üçün böyük fərəh hissi doğuran hal­dır ki, ölkəmizin başçısı bu iclasa həm Azərbaycan Prezidenti, həm də dünyanın ən nüfuzlu beynəlxalq təşkilatlarından biri olan QH-nin sədri qismində qatılmış və hər iki vəzifəni layiqli icra etmişdir. Xatırladaq ki, iclasda ümumilikdə 182 ölkənin dövlət və hökumət başçısı videoformatda nitq söylədi. Dövlət başçımızın çıxışı isə 6-cı idi. 182 ölkə arasında 6-cı çıxış etmək isə həm ölkə başçısının, həm də Azərbaycanın beynəlxalq səviyyədə qazandığı yüksək hörmətin və nüfuzun göstəricisidir.

Qeyd etdiyimiz kimi, ölkəmizin başçısı çıxışı zamanı həm Qoşulmama Hərəkatı, həm də Azərbaycan Respub­likası adından danışmışdı. Bu baxım­dan, əlbəttə, çıxışı iki ayrı aspektdən dəyərləndirmək lazımdır.

Bu çıxışın müxtəlif nüanslarına nəzər salmadan, əvvəlcə Azərbaycanın BMT kimi bir beynəlxalq qurumda qazandı­ğı nüfuzu xatırlatmaq yerinə düşərdi. Belə ki, 2011-ci ildə Azərbaycan BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə 2012-2013-cü illər üzrə Şərqi Avropa Dövlətləri Qrupu üçün ayrılmış bir yer üçün namizədliyini irəli sürmüşdür. Bu yer üçün aparılan səsvermə prosesi 17 raund davam etmiş, birinci raund oktyabrın 21-də başlanmışdır. İlk raundakı səsvermədə Azərbaycan, Sloveniya və Macarıstan iştirak etmiş, ölkəmiz 74 səs toplamış­dır. Səsvermə zamanı Sloveniya 67, Macarıstan isə 54 səslə növbəti yerlərdə qərarlaşmışdır. Lakin yetərsay (129 səs) əldə edilmədiyindən səsvermə ən çox səs toplayan iki ölkə arasında keçirilmişdir. Beləliklə yetərsay əldə edilənə qədər səsvermə 17 raund davam etmiş, oktyabrın 24-də keçirilən sonuncu səsvermədə Azərbaycan 155 səs toplayaraq növbəti iki il üçün BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilmişdir. Azərbaycanın Təhlükəsizlik Şurasına qeyri-daimi üzvlüyü 2012-ci ilin yanvar ayından başlanmışdır.

Qeyd edək ki, ölkəmiz ilk dəfə 2012-ci il yanvarın 4-də qeyri-daimi üzv kimi BMT Təhlükəsizlik Şurasının icla­sında iştirak etmişdir. Həmin il mayın 1-dən isə Azərbaycan Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının sədri olmuşdur. Sədrliyimiz müddətində BMT Təhlükəsizlik Şurasının 59 qapalı iclası keçirilmiş, 7 qətnamə, 3 bəyanat, 13 mətbuat bəyanatı qəbul edilmişdir.

Əvvəldə qeyd edildiyi kimi, BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə namizəd dövlətlər müxtəlif regionlar üçün ayrılmış yerlər əsasında seçilir. Ekspertlər bu məqamı xüsusi vurğulayaraq bildirirlər ki, müxtəlif re­gionlar üzrə hansısa bir ölkənin qeyri-daimi üzvlüyə qəbul edilməsi, həmin ölkənin seçildiyi region üzrə böyük nüfuza malik, istər həmin regionda, istərsə də dünyada baş verən qlobal hadisələrə istiqamət verən dövlətlərdən biri olduğunu göstərir.

Əlbəttə, heç kəs üçün sirr deyil ki, Azərbaycan Cənubi Qafqazın lider dövlətidir. Lakin 2011-ci ildə keçirilən seçkilər prosesi onu göstərir ki, ölkəmiz təkcə Cənubi Qafqaz deyil, Şərqi Avropa dövlətləri arasında da kifayət qədər böyük nüfuza sahibdir. Nəzərə alsaq ki, aradan keçən 10 il ərzində ölkəmiz intensiv inkişaf edib, deyə bilərik ki, hazırda Azərbaycan Avro­panın, eləcə də dünyanın beynəlxalq arenada fikirlərinə hörmətlə yanaşılan, qlobal məsələlərin həllində yaxından iştirak edən ölkələrindən biridir. Təbii ki, ötən il BMT Baş Assambleyasının 75 illiyinə həsr edilən iclasından cəmi 6 gün sonra Ermənistanın növbəti təxribatlarına cavab olaraq başlanan əks-hücum əməliyyatları ilə Azərbaycan Ordusunun işğal altında olan hüquqi torpaqlarımızı düşmən əsarətindən xilas etməsi də ölkəmizin nüfuzunu artırmışdır. Bu sayədə iqtisadiyyatı gündən-günə inkişaf etməkdə olan ölkəmizin, həmçinin hərb sahəsində də necə böyük uğurlar qazandığı dünya ictimaiyətinin diqqətini çəkmiş, dünyanın ən məşhur hərbi ekspertləri Azərbaycan Silahlı Qüvvələrinin planetin ən müasir və güclü ordularından biri olduğunu söyləmişdir.

Azərbaycanın döyüş meyda­nında qazandığı tarixi qələbədən, ədalətin bərqərar olunmasından bəhs edərkən, 2012-2013-cü illər ərzində qeyri-daimi üzvü olduğumuz BMT Təhlükəsizlik Şurasının artıq keçmişdə qalan Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qəbul etdiyi qətnamələri də xatırlamaq yerinə düşərdi. Bildiyiniz kimi şura bu münaqişə ilə bağlı müxtəlif tarixlərdə 4 qətnamə qəbul etmişdir.

Əslində, bu məsələ daha geniş baxış bucağından analiz edilməlidir. Belə ki, keçən əsrin 80-ci illərinin sonu, 90-cı illərinin əvvəllərində başlanan Ermənistan–Azərbaycan münaqişəsi uzun illər dünya dövlətlərinin, beynəlxalq təşkilatların diqqətini çəkmədi. Buna səbəb olan bir çox amil var idi. Həmin amillərdən biri də münaqişənin ilk vaxtlarda SSRİ-nin daxili məsələsi olması idi. Daha sonrakı dövrdə isə münaqişə Sovet İttifqaının parçalanma­sını sürətləndirən məsələlərdən biri kimi dəyərləndirildi və bu da, əlbəttə ki, bir çox ölkənin işinə yarayırdı.

1992-ci ildə terrorçu dövlətin si­lahlı birləşmələri ölkəmizin ərazisində həyata keçirdiyi işğal əməliyyatlarının miqyasını daha da genişləndirdi. Buna baxmayaraq, nə bir xarici dövlət, nə də nüfuzlu beynəlxalq təşkilat bu işğalçılıq siyasətinə lazımi reaksiya göstərdi.

Azərbaycan müstəqillik əldə edəndən sonra bu işğal siyasəti ilə bağlı bütün beynəlxalq təşkilatlara, o cümlədən BMT-yə müraciət etdi. 1992-ci ilin mart ayında ölkəmizin BMT-yə üzv qəbul edilməsindən sonra bu məsələ ilə bağlı təşkilata növbəti müraciət ünvanlandı. Bu müraciətdən sonra BMT hadisələrin baş verdiyi ərazilərə nümayəndə heyəti göndərdi. Lakin bütün bunlar ümumi fonda heç bir məsələni həll etmədi.

Şuşanın işğalı Azərbaycanı yenidən BMT-yə müraciət etməyə məcbur etdi. May ayının 12-də BMT Təhlükəsizlik Şurası Dağlıq Qarabağ münaqişəsini müzakirəyə qoydu, şura bəyanat verməklə kifayətləndi.

Qeyd etdiyimiz kimi, Təhlükəsizlik Şurası Dağlıq Qarabağ münaqişəsi ilə bağlı 4 qətnamə qəbul etmişdir. Bunlar 822, 853, 874 və 884 saylı qətnamələrdir. 822 saylı ilk qətnamə Kəlbəcər rayonunun işğal edilməsindən sonra qəbul olunmuşdu.

Azərbaycan illər sonra qazan­dığı siyasi nüfuz sayəsində həmin Təhlükəsizlik Şurasına qeyri-daimi üzv və sədr seçilmişdir. Əlbəttə, bütün sada­lanan faktlar ölkəmizin ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin rəhbərliyi dövrlərində nə qədər inkişaf etdiyini, tanındığını, hörmət qazandığını göstərir.

Prezidentimizin BMT Baş Assamble­yasının 75 illiyinə həsr edilmiş videofor­matlı iclasındakı çıxışında da bu faktlar öz əksini tapmış, həm QH-nin sədri, həm Vətən müharibəsinin qalibi kimi ölkəmizin nə qədər böyük nüfuza sahib olduğunu bir daha nümayiş etdirmişdir. Belə ki, bir vaxtlar işğala məruz qalan, öz səsini dünyaya çatdırmağa çalışan gənc müstəqil respublikamız indi yüksək tirbunadan təmsil edilərək, dünyanın qarşısında duran qlobal məsələlərin həllində söz sahibinə çevrilmişdi. Bütün bunlar hər bir Azərbaycan vətəndaşının qürur mənbəyi olmaqla yanaşı, həm də dövlət başçısının siyasət meydanında ölkəmizə qazandırdığı böyük nüfuzun, inamın göstəricisidir. Həmin çıxış zama­nı ölkəmizin başçısı demişdir: “Yaran­masının 75-ci ildönümündə biz BMT-nin gücləndirilməsi və müasirləşdirilməsi, Baş Assambleyanın canlandırılma­sı, beynəlxalq sülh və təhlükəsizlik sahəsində təşkilatın demokratik, məsuliyyətli, universal və təmsilçiliyi təmin edən orqanı kimi nüfuzunun möhkəmləndirilməsi, habelə müasir ge­osiyasi reallıqlara cavab verən daha de­mokratik, məhsuldar, səmərəli, şəffaf və təmsilçiliyi təmin edən orqana çevrilməsi üçün BMT Təhlükəsizlik Şurasında isla­hatların aparılmasına çağırırıq.

BMT universal üzvlüyü təmin edən yeganə qlobal təsisatdır və beləliklə də dayanıqlı inkişafa nail olunması məqsədilə qlobal iqtisadi idarəçiliyi əhatə etmək iqtidarındadır. Bu səbəbdən BMT-nin qlobal iqtisa­di idarəçilikdə rolu gücləndirilməlidir. Qlobal iqtisadi idarəçilikdə müvafiq rolu oynamaq üçün təşkilat çərçivəsindəki proseslərə, multilateralizmə və onun təməl dəyərlərinə sadiqlik baxımından bütün üzvlərin siyasi iradəsi olduqca əhəmiyyətlidir.”

İmran ƏLİYEV,

“Xalq qəzeti”

 

26 Oktyabr 2021 00:23 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə