Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Qubadlıların doğma yurda qayıdacaqları günə az qalıb

 

 

Bir il bundan əvvəl müzəffər Azərbaycan Ordusu Qubadlını işğaldan azad etdi. Ali Baş Komandan İlham Əliyev ötən il dekabrın 23-də Qubadlıdakı çıxışında dedi: “Bu gün səhərdən yağış yağırdı, biz Qubadlıya çatanda gün çıxdı. Təbiət də bizi salamlayır, bizi alqışlayır. Qubadlıya öz sahibləri qayıdıb. Qubadlının işğaldan azad edilməsi tarixi hadisə idi. Oktyabrın 25-də Qubadlı şəhərinin azad edilməsi bizim qələbəmizi yaxınlaşdırdı”.

Həmin günlərdə Azərbaycan əsgərinin dilindən televiziyada səslənən bu sözlər də hər birimizin qəlbində qürur hissi doğurdu : “Möhtərəm Prezi­dent! Cənab Ali Baş Komandan! Sizin əmrinizə əsasən Qubadlı şəhəri işğal­dan azad olunmuşdur. Hazırda Qubadlı şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağı dalğalanır. Yaşasın Azərbaycan! Yaşasın Ali Baş Koman­dan! Yaşasın Qubadlı şəhəri! Qubadlı Azərbaycandır!” Bu, tariximizin ən şərəfli günlərindən biri idi.

Tarixdə Bərgüşad mahalı kimi tanınan Qubadlı rayonu XVIII əsrin ortalarına qədər Zəngəzur mahalının tərkibində inzibati ərazi vahidi kimi Qarabağ xanlığının tabeçiliyində idi. Qa­rabağ xanı Pənahəli xanın uzaqgörən, müdrik siyasəti və əzmkarlığı sayəsində Zəngəzurun ayrılmaz hissəsi kimi Qara­bağ xanlığının idarəçiliyinə verilmişdir. Azərbaycan xalqının tarixi faciəsi kimi yaşanan 1921-ci ildə daşnak–bolşe­vik ittifaqı mahalı iki yerə böldü. Qərbi Zəngəzur Ermənistana verildi, Qubadlı, Laçın və Zəngilan Azərbaycanın inzibati ərazisində qaldı.

Qubadlı rayonu 1930-cu ildə təşkil olunub. Rayon şimaldan Laçın, cənubdan Zəngilan, şərqdən Xocavənd və Cəbrayıl rayonları, qərbdən Ermənistanın Qafan və Gorus rayonları ilə həmsərhəddir. Bazarçay (Bərgüşad) və Həkəri rayonun bol sulu çayları­dır. Rayon, əsasən, dağlıq ərazidən ibarətdir. Meşələrində fıstıq, palıd, vələs, göyrüş ağacları bitir. Meşənin sahəsi 13.2 min hektardır, faunası və florası çox zəngindir.

1993–cü il avqustun 31–də Qubad­lı Ermənistan tərəfindən işğal olundu və rayon əhalisi 27 il köçkünlük həyatı yaşadı. Artıq o ağır günlər geridə qalıb. Vətən müharibəsinin 29-cu günündə bu ağır yükdən qurtulduq. Ali Baş Komandan və onun əmrini canla–başla yerinə yetirən igid oğullarımızın - əsgər və zabitlərimizin, şirin canlarından keçən şəhidlərimizin, cəsur qazilərimizin hünəri, rəşadəti sayəsində üzümüz gül­dü, qamətimiz dikəldi. İndi azad Qaraba­ğımızın digər bölgələri kimi, Qubadlıda da abadlıq–quruculuq işləri gedir. İndi Bərgüşad, Həkəri çayları da əvvəlki kimi, şaqraq axır. Hərtiz dağı sanki bir qədər də ucalmaq, göylərə baş çəkmək istəyir. Yazı düzü doğma sakinlərini əkib-biçməyə səsləyir.

Doğrudur, erməni vandalları rayo­nun bütün kəndlərini, tarixi binalarını, memarlıq abidələrini söküb, dağıdıb, daşıyıb aparıblar. Zəfər tariximizin me­marı, Prezident İlham Əliyevin müdrik siyasəti nəticəsində Qubadlı əvvəlkindən daha gözəl olacaq. Bunu həm dövlət başçımızın, həm birinci xanım Mehriban Əliyevanın Ağdamda, Füzulidə, Cəbrayılda, Zəngilanda başladığı quru­culuq, abadlıq işləri deməyə əsas verir.

Ərazisi 802 min kvadratkilometr olan rayonda işğala qədər 30 minə yaxın əhali yaşayırdı. Qubadlı Azərbaycana böyük oğullar bəxş edib. Böyük övliya Mir Sədi ağa, Azərbaycan qaçaqçılıq hərəkatının öncülləri Qaçaq Nəbi və Həcər, Azərbaycan ədəbiyyatında ilk epopeya müəllifi Süleyman Rəhimov, Ə. Vəliyev görkəmli ictimai xadim Kamran Hüseynov, SSRİ EA-nın ilk azərbaycanlı müxbir üzvü Ə.Əmiraslanov, Birinci Qarabağ savaşında imzasını təsdiqləmiş Milli Qəhrəman Əlyar Əliyev, İkinci Qara­bağ savaşının əfsanəvi komandiri gene­ral–mayor Mais Bərxudarov, şəhid Milli Qəhrəman, polkovnik Şükür Həmidov və başqaları bu yurdun tanınmış simalarıdır.

Məlumat üçün bildirək ki, 1988-ci ildən başlayaraq, Ermənistanla (120km) və Dağlıq Qarabağla (45 km) sərhəddə yerləşən Qubadlı rayonuna hər iki tərəfdən təcavüzkar hücumlar başlamış, dinc əhaliyə qarşı terror törədilməsi sistemli şəkildə davam etmişdir.

Birinci Qarabağ müharibəsi zamanı Qubadlı rayonunda 238 nəfər şəhid olmuşdur. Hazırda rayonda 11 Milli Qəhrəman var.

Qubadlının işğalı nəticəsində 445 min kvadratmetr mənzil fondu, 4 tibb ocağı, 6 uşaq bağçası, 61 ümumi təhsil məktəbi, 10 mədəniyyət evi, 24 klub, 1 tarix-diyarşünaslıq muzeyi, 60 kitab­xana dağıdılıb, işğalçılar 94 kənd və qəsəbəni, 205 mədəni-məişət obyektini, 12 tarixi abidəni yandırıb, talan ediblər. Aşağı Mollu və Həmzəli kəndlərinin hər birində 9, Əliquluuşağı kəndində 5, “Ga­vur dərəsi” deyilən ərazidə isə IV əsrə aid 1 qədim mağara, 5-ci əsrdə tikilmiş Göy qala, Muradxanlıda “Qalalı” qalası, Xocamsaxlı kəndindəki tarixi abidələrin hamısı düşmən tapdağı altında idi və onlar yerlə-yeksan edilmişdir.

Ermənilər Qubadlıda 205 mədəni – məişət obyektini , 12 tarixi abidəni, 5000-dən çox nadir eksponat saxlanılan Qubadlı tarix-diyarşünaslıq muzeyini yandıraraq talan etmişlər.

İndi Qubadlıda bərpa işlərinə başla­nıb. Cənab Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın Qubadlının işğaldan azad edilməsinin ildönümü ilə bağlı yenidən bu rayona səfər etməsi bu dağlar di­yarının sakinlərində tezliklə öz doğma yurdlarına dönəcəklərinə inamı artırıb.

M.MÜKƏRRƏMOĞLU,

 “Xalq qəzeti”

26 Oktyabr 2021 00:22 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə