Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Zəngilan – Qarabağın bərpasının pilot meydanı

Ermənilərin Azərbaycan ərazilərində həyata keçirdikləri ekoloji terror təkcə xalqımızın əleyhinə yox, bütün bəşəriyyətə qarşı ağır cinayətdir və bu cinayəti törədənlər mütləq öz əməllərinə görə cavab verməli olacaqlar.

Prezident İlham Əliyevin Zəngilan rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdə kəskin şəkildə yenidən gündəmə gətirdiyi Ermənsitanın vaxtilə işğal altında saxladığı Azərbaycan ərazilərində həyata keçirdiyi ekoloji cinayətlərin bir hissəsi də Zəngilan rayo­nunun ərazisində gerçəkləşdirilib. Oxçu­çayın təbii fəlakət zonasına çevrilməsi, çaydakı zəhərli maddələrin həcminin normadan 10, bəzən isə 20 dəfədən çox olması çox ağır fəsadlara yol açan ekoloji cinayətdir.

Xatırladım ki, Beynəlxalq Cinayət Məhkəməsi (Haaqa Məhkəməsi) 2016-cı ildən başlayaraq, ətraf mühitə zərər vuran hərəkətlərin, o cümlədən ekoloji cinayətlərin məhkəmə istintaqını öz yurisdiksiyasına daxil edib. Bu sıraya təbii ehtiyatların qanunsuz istismarı ilə bağlı məsələlər də daxildir və bu da öz növbəsində ermənilərin Vejnəli qızıl ya­tağında törətdikləri cinayətkar əməllərin Beynəlxalq Cinayət Məhkəməsinin təhdiqatına təqdim edilməsinə hüquqi əsaslar verir.

Dövlət başçımızın qeyd etdiyi kimi, Azərbaycan artıq bu istiqamətdə mü­vafiq hüquqi prosedurların həyata keçirilməsinə başlayıb. Prosesə beynəlxalq hüquqşünaslar cəlb edilib və əminəm ki, Ermənistanın Azərbaycan ərazilərində törətdiyi bütün vəhşiliklər, o cümlədən ekoloji cinayətlər cəzasız qalmayacaq.

O ki qaldı Zəngilanın bərpa və inkişaf perspektivinə, bu rayon coğrafi mövqeyinə görə strateji əhəmiyyətli bir ərazidə yerləşir. Hazırda beynəlxalq logistika dairələrinin də diqqət mərkəzinə çıxmış Zəngəzur dəhlizi Zəngilan ərazisindən keçəcək. Bu beynəlxalq layihənin gerçəkləşməsi Zəngilanın iqtisadi və strateji əhəmiyyətini artır­maqla yanaşı, rayonu qlobal nəqliyyat dəhlizlərinin ayrılmaz və önəmli bir par­çasına çevirəcək. Bu isə həm rayonun, həm də ətraf yaşayış məntəqlərinin inki­şafı üçün yeni perspektivlərə yol açacaq.

Hazırda Azərbaycan dövləti, onun rəhbəri işğaldan azad edilən ərazilərimizin gələcəyinə ölkəmizin və bölgənin inkişafı kontekstindən yana­şır. Görülən işlərin əsasında məhz bu amil dayanır. Zəngilanın Qarabağın bərpasında pilot meydanına çevrilməsi onun məskunlaşmasını sürətləndirdiyi kimi, Zəngəzur dəhlizinin gerçəkləşməsi də bu bölgəyə strateji önəm və üstün inkişaf imkanları qazandıracaq.

Azər KƏRİMLİ,

Milli Məclisin deputatı,

Avronest Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri

26 Oktyabr 2021 00:16 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə