Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Möhtəşəm Qələbədən Böyük Qayıdışa doğru

Dövlətimizin başçısı İlham Əliyev Vətən müharibəsində Azərbaycanın möhtəşəm qələbəsini şərtləndirən amillərdən bəhs edərkən, ilk növbədə, xalq-ordu-Prezident birliyini vurğulayaraq deyib: “Mənə güc verən məhz xalqımızın əzmkarlığı idi. Bu torpaqları görməyən cavanlarımız bu torpaqlar uğrunda ölümə gedirdilər. Bu, xalqımızın böyüklüyünü bir daha göstərir”.

Dövlət başçısı çıxışlarında uzun illər ərzində xalqımızın bir arzu, bir fikirlə yaşadığını, nə vaxtsa haqq-ədalətin bərpa ediləcəyini, “məğlubedilmiş” sözünə son qoyulacağını, bundan sonra isə qürurlu, müzəffər xalq kimi ömür sürəcəyinə əminliyini də dəfələrlə xatırladıb. Prezident İlham Əliyev “əgər xalqımız buna inanmasay­dı, əgər cəmiyyətimiz bizim o sahədəki siyasətə dəstək olmasay­dı müharibəni bu nəticələrlə başa vurmaq çox çətin olardı. Ona görə bu, bizim hamımızın qələbəsidir, hamımızın təntənəsidir”,- deyə vurğulayıb.

Azərbaycan Ordusu elə bu inam və əminliklə də ötən il sent­yabrın 27-də işğalçı Ermənistan ordusunun hücumuna qarşı əks-həmlə əməliyyatlarına başladı. Qırx dörd günlük İkinci Qarabağ müharibəsində Silahlı Qüvvələrimiz qəsbkarın 30 illik işğalına son qoydu. Beləliklə, Azərbaycanın sa­vaşda əldə etdiyi parlaq zəfərdən sonra Cənubi Qafqazda yeni geo­siyasi reallıq yarandı, respublika­mızın dünyada öz sözü, mövqeyi, müstəqil xarici siyasəti olan ölkə imici daha da möhkəmləndi, bütün istiqamətlər üzrə inteqrasiya və inkişafın, xüsusən də uzunmüddətli sülh və təhlükəsizliyin əsası qoyuldu. Respublikamız, sözün əsl mənasında, bölgənin yeni güc mərkəzinə çevrildi. Prezident İlham Əliyevin həyata keçirdiyi düşünül­müş və uzaqgörən, eyni zaman­da, qətiyyətli siyasət nəticəsində Azərbaycan dövləti bu uğurlara nail olmağı bacardı.

Prezident İlham Əliyev oktyabrın 17-də Füzuli rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə bildirdiyi kimi, hazırda xalqımız gələcəyə inamla ba­xır, gələcəyi yaradır: “Əminəm ki, bütün planlarımız, - bu günə qədər bəyan edilən bütün hədəflər necə təmin edilmişdisə, - növbəti dövr üçün nəzərdə tutulmuş hədəflər də təmin ediləcək. Biz bu hədəflərə çatacağıq, ölkəmizi gücləndirəcəyik, ordumuzu yenə də gücləndirəcəyik və Azərbaycan xalqının təhlükəsiz həyatını təmin edəcəyik. Əlbəttə ki, 30 il ərzində əziyyət içində, o cümlədən mənəvi əzab içində yaşamış köçkünləri maksimum qısa müddət ərzində öz doğma torpaqlarına qaytaraca­ğıq…”.

Dövlətimizin başçısının rəhbərliyi ilə əsgər və zabitlərimiz 44 gün ərzində cəbhədə necə uğurlar əldə etmişlərsə, han­sı qəhrəmanlıqlar, igidliklər göstərmişlərsə, erməni faşizmi­nin torpaqlarımıza vurduğu dərin yaraların da eləcə sürətlə sağaldı­lacağına, bu istiqamətlərdə önəmli nəticələrə nail olunacağına hazır­da heç kim şübhə etmir. Qarbağ və Şərqi Zəngəzurun uğurla bərpa olunmasına, dünyanın ən gözəl, yaraşıqlı məkanlarından biri kimi tanınmasına hamı inanır.

Vətən müharibəsindən ötən bir il ərzində nəzərdə tutulan layihələrin uğurla reallaşması da bunu deməyə əsas verir.

Bu gün Azərbaycan bölgədə davamlı sülhün gerçəkləşməsi üçün əsas vasitəni əməkdaşlıqda görür və buna görə də Zəngəzur dəhlizinin yaradılmasını və nəqliyyat əlaqələrinin bərpasını qətiyyətlə dəstəkləyir.

Yeri gəlmişkən, Azərbaycan, Rusiya və Ermənistan arasında imzalanan üçtərəfli bəyanatda vurğulanan yol-nəqliyyat infrastruk­turunun bərpası hazırda prioritet istiqamət kimi xüsusi diqqət çəkir. Bu, təsadüfi deyil. Çünki Cənubi Qafqaz regionunun nəqliyyat və iqtisadi əlaqələrinin yüksək səviyyədə qurulması, bu yöndə siyasi, iqtisadi münasibətlərin möhkəmlənməsi üçün başlıca amillərdən biridir. Bu yol-nəqliyyat infrastrukturu layihəsinin icrası regional inteqrasiya və iqtisadi inki­şafın yeni mərhələyə daxil olmasını şərtləndirir. Ona görə də adı çəkilən üçtərəfli bəyanatda növbəti mərhələ üçün konkret icraedici struktu­run yaradılması, onun fəaliyyət istiqamətlərinin və vəzifələrinin dəqiq müəyyənləşdirilməsi qarşı­dakı mərhələdə regionun nəqliyyat-kommunikasiya infrastrukturunun tezliklə bərpa ediləcəyindən xəbər verir.

Bu mühüm məsələ ilə bağ­lı Prezident İlham Əliyev oktyabrın 20-də Zəngilan rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə deyib: “Aprel ayında gələndə hava limanının təməli qoyuldu. İndi oraya baş çəkdim, artıq zolağın torpaq işləri hazır­lanır. Bilirsiniz ki, sovet vaxtında Zəngilanda hava limanı yox idi. Amma indi nəinki hava limanı, beynəlxalq hava limanı olacaq və Zəngilan ölkəmizin nəqliyyat-logistika mərkəzinə çevriləcək. Çünki Zəngəzur dəhlizi bura­dan keçir, dəmir yolu, Horadiz-Ağbənd avtomobil yolu tikilir. Zəngəzur dəhlizinin açılması ilə bağlı son hadisələr onu göstərir ki, istədiyimizə nail oluruq. Birin­ci mərhələdə Ermənistan tərəfi müqavimət göstərsə də, indi özləri artıq buna razılaşıblar. Burada, əlbəttə ki, yumşaq desək, bizim rolumuz az deyil. Ona görə artıq avtomobil yolunun açılışı məsələsi həll olunur, dəmir yolu məsələsi həll olunur...”.

Bəli, Qarabağ və Şərqi Zəgəzurda İkinci Qarabağ müharibəsində qazanılan qələbənin nəticəsində yaranan mü­asir logistika-nəqliyyat mərkəzini əhatə edəcək aeroportlar, dəmir yolu qovşaqları, avtomobil yolla­rı şəbəkəsi nəinki bu bölgənin, eləcə də regionun inkişafını sürətləndirəcək.

Bu gün işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurun bərpası, gələcək inkişafının təmin olunması, zəruri infrastrukturun yaradılması və əhalinin doğma torpaqlarına qayıdışı istiqamətində genişmiqyaslı tədbirlər həyata keçirilir. Düşməndən təmizlənən ərazilərin zəngin iqtisadi poten­sialından, təbii sərvətlərindən və geniş turizm imkanlarından səmərəli istifadə etməklə onla­rın eyni səviyyədə dirçəldilməsi nəzərdə tutulur. Bunun üçün bütün işlərin vahid proqram əsasında gerçəkləşdirilməsi diqqət mərkəzində saxlanılır. Bütün bunlar Qarabağın bərpası ilə bağlı verilən vədin, qarşıya qoyulan vəzifələrin uğurla reallaşacağı əminliyi yaradır.

Prezidenti İlham Əliyev çı­xışlarının birində Qarabağın bərpasından bəhs edərkən, bu məsələnin təkcə maliyyə vəsaiti ilə həllinin kifayət etmədiyini vurğula­yaraq, deyib: “Gərək bu genişmiq­yaslı layihələri icra etmək üçün tex­niki imkanlar olsun, kadr potensialı olsun, daxili resurslar olsun. Biz bütün bu gücləri səfərbər etmi­şik və bu gün erməni vəhşiliyinin fəsadlarını aradan qaldırırıq. Mən demişdim, biz Qarabağı və Şərqi Zəngəzuru cənnətə çevirəcəyik. Biz bunu edəcəyik. Necə ki, bu günə qədər verilən bütün vədlər həyatda öz əksini tapdı, bir dənə də olsun vəd yerinə yetirilməmiş qalmadı və İkinci Qarabağ müharibəsindəki parlaq Qələbəmiz buna əyani sübutdur”.

Dövlətimizin başçısı tərəfindən Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında fərman imzalaması və bu sənəddə Şərqi Zəngəzur və Qara­bağ iqtisadi rayonlarının yaradılma­sı da düşməndən təmizlənən adları çəkilən bölgələrdə bərpa, tikinti-qu­ruculuq işlərinin sürətlə aparılması­na əlverişli zəmin hazırlayıb.

Ekspertlərin təhlilinə əsasən, Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonunun yaradılması ilə Azərbaycan iqtisadiyyatı artıq bir neçə dəfədən çox böyüyüb, iqtisadiyyatın regional və sektoral strukturu dəyişib, habelə Qaraba­ğın iqtisadi dövriyyəyə qayıtması və regional kommunikasiyaların, o cümlədən, Zəngəzur dəhlizinin açılması perspektivi yeni reallıqlar üzə çıxarıb. Yuxarıda adı çəkilən fərmanda göstərildiyi kimi, Qara­bağ bölgəsinin sürətli inkişafına əlverişli zəmin yaranıb.

Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarının yaradılma­sının Azərbaycanın, eləcə də, Qarabağın iqtisadiyyatına müsbət təsiri barədə danışarkən, bir məqamı xüsusilə qeyd etmək istərdik. Əvvəla Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına daxil edilən ərazilərin yeraltı-ye­rüstü sərvətləri erməni vandalları tərəfindən 30 il ərzində talan edilib, oğurlanaraq Ermənistana daşınıb. Məsələn, işğal dövründə qəsbkar düşmən Laçın rayonu­nun ərazisində yerləşən iki xüsusi mühafizə olunan təbiət ərazisinə– Qaragöl Dövlət Təbiət Qoruğu və Laçın Dövlət Təbiət Yasaqlığına böyük ziyan vurub. Azərbaycanın işğal olunmuş ərazilərində ekoloji əhəmiyyətə malik 7 relikt göldən Laçındakı Zalxagöl, Qaragöl, Can­lıgöl, İşıqlı Qaragöl böyük antropo­gen təsirə məruz qalıb. Rayonun meşə fondunun əhəmiyyətli hissəsi Ermənistan tərəfindən məhv edilib.

Yeri gəlmişkən, Azərbaycanda 2022-2025-ci illər üçün xərclərin əsas prioritetlərindən biri müharibənin nəticələrinin ara­dan qaldırılması, düşməndən təmizlənən ərazilərin bərpası, yenidənqurulması və ölkə iqtisa­diyyatına reinteqrasiyası olacaq. Maliyyə Nazirliyinin 2022-2025-ci illər üçün makrofiskal çərçivə və 2022-ci il üçün icmal və dövlət büdcələrinin ilkin göstəricilərinə dair açıqlamasında da bu barədə ətraflı qeyd olunub. Bildirilib ki, Ermənistanın Azərbaycan dövlətinə və xalqına qarşı təcavüzü, 30 ildən bəri davam edən işğal nəticəsində rayon və şəhərlərimiz, o cümlədən yüzlərlə yaşayışməntəqəsi, yaşayışevləri, dövlət əmlakı və xüsusi əmlak, çoxsaylı infrast­ruktur obyektləri məhv edilərək tam yararsız hala salınıb. Döyüşəməliyyatları başa çatdıqdan dərhal sonra işğaldan azad edilmişbütün ərazilərimizdə Azərbaycan Ordusunun, Sərhəd Qoşunlarının, daxili işlər, təhlükəsizlik orqanları­nın fəaliyyətinin təmin edilməsinə, minatəmizləmə tədbirlərinin təşkil olunmasına, habelə su, elektrik enerjisi, qaz təchizatı, rabitənin bərpası, həmçinin yol infrastruktu­runun qurulması ilə əlaqədar işlərin icrasına başlanılıb.

Cari ildən başlayaraq, növbəti illər ərzində də bu tədbirlərin daha genişmiqyasda davam etdirilməsi, öz doğma yurdları­na qayıdan vətəndaşlarımızın yaşayışı və işgüzar fəaliyyəti üçün şəraitin təşkil edilməsi, sözügedən ərazilərdə iqtisadi fəaliyyətin bərpa olunması istiqamətində tədbirlərin maliyyələşdirilməsinə ehtiyac vardır. Bununla yanaşı, döyüşbölgəsindən kənarda yerləşən və düşmən silahlı qüvvələrinin davamlı atəşi altında dağıntılara məruz qalan yaşayışməntəqələrində mülki əhaliyə, dövlət əmlakına, infrastruktur obyektlərinə, sahibkarlıq fəaliyyəti subyektlərinə dəymişzərərin dövlət vəsaiti hesabına qarşılanması nəzərdə tutulub. Eyni zaman­da, hərbi qulluqçuların və şəhid ailələrinin maddi-sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində dəstəyin göstərilməsi, onların zəruri ehtiyaclarının təmin edilməsi, maddi, tibbi vədigər sosial xərclərinin ödənilməsi dövlətin diqqət mərkəzində saxlanılacaq. Belə ki, ortamüddətli dövrdə dövlət büdcəsi investisiyalar üçün kifayət qədər imkan yaradacaq. Bu əsasda, dövlət investisiya proqramı xətti ilə, xüsusilə, azad edilmiştorpaqlarda görüləcək işlərə dəstək vermək üçün müvafiq vəsait nəzərdə tutulub. İşğaldan azad edilmişərazilərdə görüləcək işlərin səmərəliyinin artırılması, o cümlədən mərkəzləşdirilmişqayda­da həlli məqsədilə nəzərdə tutulan bütün tədbirlər Strateji Fəaliyyət Planı üzrə vahid konsepsiya əsasında həyata keçiriləcək.

Göstərilən məqsədlərə dövlət büdcəsindən ayrılacaq vəsaitlə yanaşı, yerli şirkətlərin rolunun artırılması, o cümlədən xari­ci investorların bu işlərə cəlb edilməsi də öz müsbət töhfəsini verəcək. Ümumilikdə, azad edilmişərazilərimizin vahid konsepsiya əsasında bərpası ölkənin iqtisa­di potensialının genişlənməsinə səbəb olacaq. Bu ərazilərin reinteqrasiyası ölkə iqtisadiyyatına müsbət təsir göstərəcək, iqtisadi artımı şərtləndirəcək. Qarabağın bərpa prosesi çoxşaxəli olduğu üçün nəinki həmin ərazilərdə, ümumilikdə ölkə iqtisadiyyatının bir çox sektorlarının inkişafı üçün yeni imkanlar yaranacaq.

V.BAYRAMOV, “Xalq qəzeti”

26 Oktyabr 2021 00:14 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə