Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Doğma Füzulinin dirçəldilməsi qürurvericidir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və birin­ci xanım Mehriban Əliyevanın Füzuli şəhərinin erməni işğalından azad edilməsinin birinci ildönümündə bu bölgəyə səfəri, rayon ictimaiyyətini təmsil edən nümayəndələrlə görüşü çox mühüm tarixi anlarla yaddaşlara həkk olundu. Qarabağın mənfur düşməndən azad edilməsindən dərhal sonra dövlət başçısının irəli sürdüyü “ağıllı kənd” və “ağıllı şəhər” strategiyasına uyğun olaraq dağıdılmış şəhər və kəndlərimizin qısa müddət ərzində bərpası, daha doğrusu, ən yüksək standartlara uyğun şəkildə yenidən inşası istiqamətində mühüm addımlar atılmasına başlanmışdır. Həmin gün dövlət başçısı, qalib Azərbaycan Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandanı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Dövlətyarlı kəndində də yeni “ağıllı kənd”in təməlini qoydular.

“Ağıllı kənd” konsepsiyasına uyğun olaraq Dövlətyarlı kəndində böyük yaşa­yış məntəqəsi yaradılacaqdır. Beş kəndi birləşdirən bu layihənin reallaşdırılması gedişində gələn ilin sonuna qədər 450, sonrakı il 300 yaşayış evinin inşası və öz yurduna dönən sakinlərin istifadəsinə verilməsi planlaşdırılır. Həm də burada yaşayacaq insanların bütün ehtiyaclarını qarşılayacaq müvafiq infrastrukturun da yaradılması nəzərdə tutulmuşdur.

Səfər zamanı Füzuli şəhərinin yüksək zövqlə tərtib edilmiş baş planı təqdim olundu. Erməni vandalları tərəfindən viran qoyulan, daşı daş üzərində qalma­yan Füzuli şəhərinin yerində qısa müddət ərzində 50 min sakini olan “ağıllı şəhər” salınacaqdır. Müasir standartlar və memarlıq xüsuiyyətlərinə uyğun şəkildə inşa ediləcək Füzuli işğaldan azad olu­nan Qarabağımızın ikinci böyük şəhəri olacaqdır. Yeni Füzuli şəhərinin ərazisi iş­ğaldan əvvəlki şəhər ilə müqayisədə 2,5 dəfədən çox böyüyəcək və 1936 hektara çatacaqdır. Əsasən, yaşıl park və xiya­banlardan ibarət olan şəhər mərkəzində Memorial Kompleksi və ona bitişik ərazidə Zəfər parkı inşa ediləcək, şəhərin ən yüksək hissəsində Bayraq meydanı yaradılacaqdır. Həmçinin 21 hektarlıq sahədə eldar şamı, həmişəyaşıl sərv, zeytun, şərq çinarı, ağcaqayın və digər növ ağaclardan ibarət böyük meşə-park salınacaqdır. Şəhərin daxilində 46 km uzunluğunda avtomobil yolları, bundan əlavə piyadalar və velosiped üçün 85 km uzunluğunda ayrıca yollar çəkiləcəkdir.

Baş planın təqdimatından sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tərəfindən Füzu­li şəhərində ilk yaşayış məhəlləsinin əsası qoyuldu. 17,8 hektar ərazini əhatə edəcək bu yaşayış məhəlləsində 1, 2, 3 və 4 otaqlı mənzillərdən ibarət 65 mənzilli 4–5 mərtəbəli yaşayış binaları inşa ediləcəkdir. Məhəllədə çoxfunksi­yalı binalar, iaşə obyektləri də olacaq­dır. Ümumilikdə, məhəllədə 2 min 860 nəfərin yaşaması nəzərdə tutulmuşdur.

Baş plana görə, Füzuli şəhərində 2–3 mərtəbəli çoxmənzilli binalar, həmçinin həyətyanı bağ sahələri olan fərdi yaşayış evləri də tikiləcəkdir. İlkin hesablama­lara görə, qarşıdakı 2 il ərzində Fü­zuli şəhərində və rayonunun işğaldan azad olunan digər ərazilərində ilkin məskunlaşma mümkün olacaq, ata-baba yurdlarına qayıtmağı həsrətlə gözləyən həmyerlilərimiz yeni inşa edilən abad evlərdə yaşamaq imkanı qazanacaqlar.

Azərbaycan xalqı öz torpaqları­nı düşməndən azad edən qəhrəman xalqdır, Vətənimiz xəyalları çox qısa zaman kəsiyində gerçəkliyə çevirən ölkədir. Azərbaycan dövləti yeniləşməni, modernləşməni həyata keçirdiyi siyasətin təməl prinsipi kimi irəli sürmüş, işğal­dan azad edilmiş ərazilərimizdə yüksək sürətlə, ən müasir texnologiyalar tətbiq etməklə bərpa, quruculuq işlərinə baş­lamışdır. Dövlət başçısı İlham Əliyevin iradəsi ilə atılan bu addımlar ölkəmizin gücünün və qüdrətinin göstəricisi, dövlətimizin öz vətəndaşlarının həyatını yaxşılaşdırmaq, doğma Qarabağımızı cənnətə çevirmək üçün həyata keçirdiyi böyük planların gerçəkləşməsidir.

Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın işğaldan azad edilmiş torpaqlarımıza, o cümlədən Füzuli rayonuna dalbadal səfərləri aydın göstərir ki, Qarabağın bərpası və insanların ən qısa müddət ərzində öz yurdlarına qayıtmasının təmin edilməsi dövlət siyasətinin prioritet istiqamətidir. Hər bir belə səfər mühüm tarixi hadisə olmaqla yanaşı, soydaşlarımızın doğ­ma yurd-yuvalarına qovuşmalarını yaxınlaşdıran addımdır. Mənim üçün həyatımın ən xoşbəxt anlardan biri bu il oktyabrın 17-də Füzuli şəhərində Böyük Zəfərin memarı, möhtərəm Prezidentimiz İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı qarşılamaq, Füzuli şəhərinin təməl qoyma mərasimində onlarla birgə iştirak etmək olmuşdur.

Qabil ƏLİYEV,

Bakı Dövlət Universitetinin professoru, tarix üzrə elmlər doktoru

26 Oktyabr 2021 00:09 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə