Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Müttəfiqliyin yüksək səviyyəsi

Şuşa Bəyannaməsinin imzalanması bizim münasibətlərimizi daha da yüksək səviyyəyə qaldırdı. Faktiki olaraq biz Şuşa Bəyannaməsinin imzalanması ilə de-fakto olan münasibətlərimizi de-yure səviyyəsinə qaldırdıq, yəni, müttəfiqlik səviyyəsinə. Onsuz da bu, hər sahədə müttəfiqlik əlaqələri idi. Ancaq biz bunu artıq rəsmiləşdirdik və bu, gələcək fəaliyyət üçün bir yol istiqamətidir… Əgər bütün qonşular Türkiyə ilə Azərbaycan kimi münasibətlər qursaydılar, o zaman dünyada heç bir savaş, heç bir müharibə olmazdı.

İlham ƏLİYEV

Azərbaycan Respublikasının Prezidenti

 

Tariximizin, millətimizin dəyərlərini hədəf alan bir çox mövzuda eyni mövqelərlə qarşı-qarşıyayıq. Müdafiə və hərbi məsələlərdə xarici qüvvələrə bel bağlamadığımız kimi, informasiya məsələsini də başqalarına həvalə edə bilmərik. Türk dünyası olaraq bu məsələdə gücümüzü bir yerə qoymalı və əlimizədəki imkanların ən təsirli formasını axtarmalıyıq.

Rəcəb Tayyib Ərdoğan

Türkiyə Cümhuriyyətinin Prezidenti

 

Füzuli Beynəlxalq Hava Limanında qarşılanan ilk dövlət başçısı sayın Rəcəb Tayyib Ərdoğan olacaq

 

Qardaş ölkənin Prezidenti Rəcəb Tayyib Ərdoğanın ölkəmizə səfəri ərəfəsində Türkiyə mətbuatında oxuduq ki, Azərbaycan Prezidenti İlham Əliyev gələn ay Türkiyəyə səfər edəcək. Bunu Türkiyənin Bakıdakı səfiri Cahid Bağçı deyib və əlavə edib ki, İlham Əliyev Rəcəb Tayyib Ərdoğanla oktyabrın 26-da Qarabağda, noyabrın 12-də isə İstanbulda görüşəcək. Belə ki, noyabrın 12-də İstanbulda Türk Şurası Dövlət Başçılarının VIII Zirvə görüşü olacaq.

Bu üç cümlə başqa vaxt­larda adi bir xəbər kimi görünə bilərdi. Amma indi həmin xəbərin əhəmiyyəti çox böyükdür. Çünki dövlət başçımız qardaş ölkənin Prezidentini Bakıda, Gəncədə, Naxçıvanda və ya Qəbələdə deyil, məhz Qarabağda qəbul edəcək. Dünya azərbaycanlıları üçün bu xəbər mükəmməl bir bayram əhval-ruhiyyəsi yaradır. Çünki biz Qara­bağı otuz illik düşmən əsarətindən məhz Türkiyə Cümhuriyyətinin siyasi və mənəvi dəstəyi ilə azad etmişik. Çünki cənab Ərdoğanın bu səfəri bizim Zəngəzurdan keçərək Naxçıvana, oradan Türkiyəyə, oradan isə Avropaya gedən yolu­muzun açılmasına növbəti dəstək olacaq.

Azərbaycanın öz dövlət müstəqilliyini bərpa etdiyi 1991-ci ildən bəri daim yanımızda olan, Xəzərin Azərbaycan sektorundan çıxarılan karbohidrogen ehtiyatla­rının dünya bazarına çatdırılma­sında, Şanxaydan Londona qədər uzanan ən möhtəşəm nəqliyyat –kommunikasiya xəttinin tərkib hissəsinə çevrilmiş Bakı–Tbili­si –Qars dəmir yolunun ərsəyə gəlməsində Azərbaycanın ən etibarlı tərəfdaşı olmuş Türkiyə Cümhuriyyəti bu gün də informasi­ya müharibəsində yanımızdadır. Bu müharibə azadlıq müharibəmizdən heç də az əhəmiyyət kəsb etmir. Cənab Ərdoğan ötən il dekab­rın 10-da Bakıda keçirilən Zəfər paradında demişdi ki, qardaşlarım, müharibə qurtardı, mübarizə isə qabaqdadır.

Qardaş ölkənin rəhbəri hansı mübarizədən danışırdı? Təbii ki, söhbət işğaldan azad edil­miş ərazilərimizin bərpasından, regionda sülh və təhlükəsizliyin təminatından, Avrasiya məkanının iqtisadi imkalarını qovuşduracaq yeni nəqliyyat-kommunikasiya vasitələrinin – Zəngəzur dəhlizinin ərsəyə gəlməsində qüvvələrin birləşdirilməsindən gedirdi. Bunun üçün isə, ilk növbədə, yeni reallıq­lara hamının inandırılması vacibdir. Hamının bu reallıqları qəbul etməsi üçün isə yeni bir informasiya müharibəsi başlanır.

Prezident İlham Əliyevin hələ İkinci Qarabağ müharibəsindən əvvəl dünyanın bir çox ölkələrində işğalçı Ermənistanın yaratdığı miflərin heç bir əsasının olmadığını sübut etmək üçün apardığı infor­masiya müharibəsi hamının yadın­dadır. Doğrudur, dövlət başçımızın həmin hücumlarından sonra ən çox zərərdidə olan baş nazir Nikol Paşinyan idi. Ancaq o da fakt idi ki, Paşinyanın ifşası Ermənistanın məğlubiyyətinə zəmin yaradırdı.

Dövlət başçımız informasi­ya müharibəsi istiqamətində ən kəsərli addımlarını məhz 44 günlük Vətən müharibəsi günlərində atırdı. Onun cəmi ay yarımda 30-dan çox beynəlxalq mətbuat vasitəsinə müsahibə verməsi, dövri olaraq xalqa müraciətlər etməsi həmin günlərin reallıqlarının dünya ictimaiyyətinə çatdırılması baxımından olduqca önəmli idi. Çünki həmin günlər bəzi mətbuat vasitələri dövlət başçımıza müraciət edərkən Ermənistanı müdafiə etmək məqsədi gü­dür, bəziləri isə açıq-aşkar Azərbaycana qarşı ittiham irəli sürməkdən çəkinmirdi. Biz fəxrlə deyə bilərik ki, dövlət başçımızın həmin qərəzli mətbuat vasitələrini öz polad arqumentləri ilə sus­durması ordumuzun Ermənistan hərbi obyektlərinə açdığı artille­riya atəşlərindən az iş görmürdü. Türkiyə Cümhuriyyətinin Xarici işlər naziri Mövlud Çavuşoğlunun dediyi kimi, İlham Əliyev həmin günlərdə üç istiqamətdə – Ermənistan ordu­suna qarşı, diplomatiya sahəsində və informasiya cəbhəsində vuru­şurdu və hər üçündə qalib gəlirdi.

Yeri gəlmişkən, Azərbaycanın erməni təxribatlarına qarşı başla­dığı 44 günlük azadlıq müharibəsi zamanı dünya mətbuatının bizə olan münasibətinin ən yaxşı qiymətini oktyabrın 22-də İstan­bulda öz işinə başlayan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) mediaforumunda eşitdik. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan həmin tədbirdəki videoformatda çıxışı zamanı dedi ki, 44 günlük müharibə zamanı bəzi beynəlxalq media orqanları Ermənistanın rəsmi xəbər agent­liyi kimi davrandılar: “Ermənistan ordusunun mülki insanları hədəf alan qətliam və raket hücumları heç gündəmə gəlmədi”.

Ona görə də cənab Ərdoğanın fikrincə, müdafiə və hərbi məsələlərdə xarici qüvvələrə bel bağlamadığımız kimi, informasiya məsələsini də başqalarına həvalə edə bilmərik. Türk dünyası olaraq bu məsələdə gücümüzü bir yerə qoymalı və əlimizədəki imkanların ən təsirli formasını axtarmalıyıq.

Tədbirdə qeyd edilib ki, qırx dörd günlük Vətən müharibəsi dövründə Türkiyə, eləcə də bir sıra türkdilli dövlətlər daim Azərbaycanın yanında olublar. Bu, bir həqiqətdir ki, başda Prezident Rəcəb Tayyib Ərdoğan olmaqla, qardaş Türkiyənin Azərbaycanın yanında olması, mənəvi, siyasi, diplomatik dəstək verməsi bizim qələbəyə olan inamımızı artırırdı. Həmin dövrdə Türkiyənin nəbzi, ürəyi Azərbaycanla döyünürdü və nəhayət, Azərbaycan xalqının bu həsrətinə son qoyuldu. Eyni za­manda, Türk Şurasına üzv ölkələr və başda şuranın baş katibi ol­maqla 44 günlük Vətən müharibəsi dövründə Azərbaycan xalqına öz dəstəklərini əsirgəmədilər. Vətən müharibəsi dövründə iki qar­daş ölkənin KİV-i də çiyin-çiyinə mübarizə apardılar.

Təbii ki, Vətən müharibəsində əldə edilən Zəfərdən sonra hazırda Azərbaycan Qarabağı yenidən qurmaq və türk-İslam sivilizasiyası­nın mərkəzi bölgəsi kimi bu diyarın tarixi nüfuzunu özünə qaytarmaq əzmindədir. Qardaş türk ölkələri də bu prosesdə Azərbaycanın yanında olacaq və birgə fəaliyyət göstərəcəklər. Necə ki, daim yanı­mızdadırlar.

İstanbulda keçirilən forumun panel gündəliyinə diqqət yetirək: “Ortaq mədəni gələcək”, “Türk dün­yasının 30-cu ildönümü xüsusi icla­sı: Köklü keçmiş, güclü gələcək” və “Keçmişdən gələcəyə türk dünyası birliyi”. Fikrimcə, şərhə ehtiyac yoxdur.

Bu zaman bir faktı xüsusilə vurğulamaq istərdim. Belə ki, bu ilin sentyabrında Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin Anadolu Agentliyinə müsahibə verdi. Müsahibə sentyabrın 27-də agentliyin saytında yayımlandı. Jurnalist xatırladırdı ki, Prezident Ərdoğan BMT-də Azərbaycanın haqlı mübarizəsini başa çatdırdığı­nı ifadə etdi, hər platformada buna bənzər açıqlamalar verdi: “Prezi­dent Ərdoğanın olmadığı yerlərdə Siz Türkiyənin haqlarını müdafiə edirsiniz... Soruşmaq istəyirəm ki, Türkiyə ilə Azərbaycanın münasibətlərinin gələcəyi ilə bağlı nə düşünürsünüz?”

Bu suala dövlət başçımızın cavabını şərh etmədən təqdim edir və yazını da nikbin tonda yekun­laşdırmaq istəyirik: “Prezident Rəcəb Tayyib Ərdoğan əvvəlki illərdə də yüksək platformalardan Azərbaycanın haqq işi haqqında çox geniş məlumatlar verirdi. Hər zaman bu məsələ onun xari­ci siyasət kursunda bir nömrəli məsələ olub. Bu dəfə artıq sa­vaşdan, Zəfərdən sonra orada bu sözləri deməsi, əlbəttə, bizi çox se­vindirir və bir daha onu göstərir ki, Rəcəb Tayyib Ərdoğan hər zaman Azərbaycanın yanındadır. Necə ki, savaşın ilk saatlarında o bildirmişdi ki, Azərbaycan yalnız deyil, Türkiyə Azərbaycanın yanındadır. Bu, bizə əlavə güc və mənəvi güc verdi.

İkinci Qarabağ savaşından sonra bizim münasibətlərimiz daha da yüksək pilləyə qalxdı. Bilmirəm, siz bilirsiniz, yoxsa yox, Türkiyədə bunu bir çoxları bilir ki, mən savaş bitəndən sonra hörmətli Prezidenti Şuşaya dəvət etdim. O vaxt demiş­dim ki, o, Şuşaya gəlməyənə qədər oraya heç bir başqa ölkədən heç kim gəlməyəcək. Hətta Türkiyədən gələnlər olmuşdu, oraya getmək istəyənlər olmuşdu. Mən onlara dedim ki, sağ olun, amma gözləyin, Qardaşım gəlsin getsin, ondan sonra yolunuz açıqdır”.

İttifaq MİRZƏBƏYLİ,

“Xalq qəzeti”

26 Oktyabr 2021 00:06 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə