Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Koronavirusun AY.4.2 növünün qonşu ölkələrdə geniş yayılması buster doza ilə peyvəndləmənin sürətləndirilməsini zəruri edir

Hazırkı vəziyyətdə vətəndaşların daha intensiv vaksinasiya olunması vacibdir. Çünki yeni növ koronavirus (COVID-19) infeksiyasının AY.4.2 növü qonşu ölkələrdə geniş yayılmağa başlayıb. Bu, 3-cü doza vaksinasiyanın sürətləndirilməsini zəruri edir. İki doza vaksin vurduranların üçüncü doza vaksin alması şiddətlə tövsiyə edilir. Xüsusilə tibb işçiləri, yanaşı xəstəliyi olan vətəndaşlar, 18 yaşdan yuxarı, lakin xroniki xəstəliklərdən əziyyət çəkənlər, yaşı 50-dən yuxarı olanlar buster doza ilə peyvəndlənməlidirlər. Çünki həmin qruplara daxil olan vətəndaşlar koronavirusun risk qrupu hesab edilirlər.

 "Xalq qəzeti" AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Kliniki Tibbi Mərkəzin baş infeksionisti Fərrux Sədirov məlumat verib.

Buster dozanın əhəmiyyəti barədə danışan həkim-infeksionist bildirib ki, vaksinasiyanın üçüncü mərhələsində iştirak vətəndaşları virusla yoluxmaqdan və yoluxduğu halda xəstəliyi ağır keçirməkdən qoruyacaq.

F.Sədirov qeyd edib ki, virusun orqanizmdən-orqanizmə keçdikdə yeni mutasiyalar üçün şərait yarandığını nəzərə almaq lazımdır: “Ona görə də peyvənd olunanların sayı nə qədər çox olarsa, virusun digər orqanizmə keçmək şansı qalmaz və yeni mutasiyalar yaranmaz. Bunun üçün vaksinasiyada iştirak edərək kütləvi immuniteti formalaşdırmaq lazımdır. COVID-19-dan xilas olmağın yeganə yolu budur”.

Həkim-mütəxəssis bildirib ki, COVID-19 infeksiyasının AY.4.2 növü mövcud virusun ikiqat dəyişilmiş formasıdır: “AY.4.2 yoluxmanın daha sürətli, inkubasiya dövrünün isə daha qısa olması ilə fərqlənir. Digər ştamlarda olduğu kimi, uşaqların da bu ştamla yoluxması müşahidə oluna bilər. Çünki AY.4.2 daha sürətlə yayılma xüsusiyyətinə malikdir. Lakin AY.4.2 növünün uşaqları daha çox yoluxdurduğuna dair fakt yoxdur, bu, sadəcə mülahizədir. Koronavirusun bütün ştamlarının əlamətləri, demək olar ki, eynidir və müalicə zamanı eyni üsul tətbiq edilir”.

 

25 Oktyabr 2021 11:57 - SƏHİYYƏ
SƏHİYYƏ

Köhnə versiyamızdan xəbərləri izlə