Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Aşıq Ələsgər və Azərbaycan folkloru” yaradıcılıq müsabiqəsinin məktəb mərhələsi davam edir

“Aşıq Ələsgər və Azərbaycan folkloru” mövzusunda yaradıcılıq müsabiqəsinin məktəb mərhələsi davam edir.

Bu barədə "Xalq qəzeti"nə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib. Bildirilib ki, ümumi təhsil məktəblərinin VII-X sinif şagirdləri arasında təşkil olunan müsabiqənin I mərhələsində (məktəb mərhələsində) hər məktəbdən nominasiyalar üzrə ən yaxşı şeir, mahnı ifaçıları və yaradıcı iş müəllifləri seçilərək onlar barədə məlumat [email protected] ünvanına göndərilir.

Müsabiqənin birinci mərhələsi noyabrın 1-dək davam edəcək.

Qeyd edək ki, iki mərhələdən ibarət müsabiqə “Şeir”, “Mahnı” və “Yaradıcı iş” olmaqla 3 nominasiya üzrə keçirilir. Hər bir iştirakçı müsabiqəyə yalnız bir nominasiya üzrə qatıla bilər.

Noyabrın 2–dən 25-dək keçiriləcək müsabiqənin ikinci - şəhər mərhələsində qaliblər münsiflər heyəti tərəfindən müəyyənləşdiriləcək.

Müsabiqənin final mərhələsində hər nominasiya üzrə bir nəfər I, bir nəfər II, bir nəfər isə III yer olmaqla, ümumilikdə 9 şagird qalib kimi müəyyənləşdiriləcək. Həmçinin müsabiqənin nominasiyaları üzrə 5 nəfər həvəsləndirici yerə layiq görüləcək, 15 şagirdə isə fəal iştiraka görə “Tərifnamə” təqdim olunacaq.

Qaliblərə BŞTİ tərəfindən diplom və hədiyyələr veriləcək, şagirdləri müsabiqəyə hazırlaşdıran müəllimlər isə tərifnamə ilə təltif ediləcək.

Müsabiqənin əsas məqsədi təhsil nazirinin əmri ilə təsdiq olunmuş “Aşıq Ələsgərin 200 illik yubileyinin qeyd edilməsi ilə bağlı Təhsil Nazirliyinin tədbirlər planı”nın icrasını təmin etmək, təhsilalanları ustad sənətkarın həyat və yaradıcılığı, Azərbaycan folkloru və xalq ədəbiyyatının mühüm hissəsi olan aşıq sənəti ilə tanış etmək, xüsusi istedada malik şagirdləri üzə çıxarmaq, onların bədii-estetik zövqünü formalaşdırmaq və məktəblilərin yaradıcılıq səviyyələrinin yüksəldilməsinə dəstək verməkdir.

25 Oktyabr 2021 11:34 - CƏMİYYƏT
CƏMİYYƏT

Köhnə versiyamızdan xəbərləri izlə