Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Qorxunc açıqlama: “Duz gölünü 30 ilə itirə bilərik”

Türkiyənin ikinci ən böyük gölü olan Duz Gölü qlobal istiləşmə və buraya axan çaylardan əkinçilik üçün düzgün istifadə edilməyən suvarma nəticəsində 30 faiz kiçilib. Konya Texniki Universitetinin Mühəndislik və Təbiət Elmləri Fakültəsi Geologiya Mühəndisliyi bölümünün professoru Muazzez Çelik Karakaya qeyd edib ki, tədbirlər görülməsə, göl 30 ilə qədər yox olacaq.

Konya, Ankara və Aksaray sərhədləri içərisində yerləşən və qapalı göl olan Duz Gölü başda flaminqo olmaqla yüzlərlə quşa evsahibliyi edir. Həmçinin, Türkiyənin duz ehtiyacının yarıdan çoxu­nu qarşılayan göl turizm baxımından da əhəmiyyətlidir. Sahəsi 1600 kvadratkilo­metr olan göl əsasən Peçen və Melen­diz, eləcə də ətrafındakı digər çaylarla qidalanır. Bölgədəki iqlim dəyişikliyi və bu çaylardan düzgün istifadə edilməyən suvarma səbəbiylə Duz Gölü quruyur və günü-gündən kiçilir.

Türkiyə Elmi-Texnoloji və Araş­dırmalar İnstitutunun dəstəyi ilə Duz Gölündə araşdırma aparan professor Muazzez Çelik Karakaya hövzədə 1700 metrə qədər qazma işləri apardıqlarını və müqayisələr apardıqlarını bildirib. Gölün əvvəllər Karapınar və Ereğliyə qədər uzandığını bildirən Karakaya qeyd edib ki, Duz Gölü təxminən, 5-8 milyon il əvvəl Aralıq dənizinin bölgəyə doğru irəliləməsi nəticəsində meydana gəlib. Onun sözlərinə görə, bu hadisə irəliləyən dəniz suyunun daha sonra yüksəlməsi və buxarlandıqdan son­ra burada duz yataqlarını meydana gəlməsi nəticəsində baş verib. Karakaya qeyd edib ki, göldəki duz 30 sahədə, xüsusilə qida, kimya sənayesi və kənd təsərrüfatında istifadə olunur. Gölün gündən-günə kiçildiyini qeyd edən Karakaya bildirib ki, 1930-cu ildən bəri burada təxminən 30 faiz daralma baş verib. O həmçinin bu daralmanın bundan sonra da artacağını istisna etməyərək bildirib ki, qlobal istiləşmə səbəbindən su azaldıqca duz yağıntıları da azalacaq. Bu vəziyyət duz yataq­larından fəaliyyət göstərən şirkətlərə iqtisadiyyat baxımından mənfi təsir göstərəcək. Eyni zamanda vəziyyət belə davam edərsə, ərazidə böyük bir quş köçü də baş verəcək.

Professor qeyd edib ki, problem bununla məhdudlaşmyacaq: “Əgər su azaldıqca duzlu yağıntı baş verməzsə, gölün səthində gilli çöküntü sahəsi əmələ gələcək və nəticədə burada çoxlu toz yaranacaq, bu da bir çox tənəffüs yolu xəstəliklərinə yol aça bilər”.

Qlobal istiləşmənin təsirinin artdı­ğını bildirən professor Karakaya qeyd edib ki, əgər tədbir görülməsə 20-30 ilə qədər yavaş-yavaş Duz Gölünü itirə bilərik. Professor həmçinin qeyd edib ki, Duz Gölündə aparılan geofiziki tədqiqatlar nəticəsində bəlli olub ki, gölün altında çox böyük mağaralar və mənfi anomaliyalar mövcuddur: “Buna görə də, hövzəni səthdən su basdıqda, bu suyun bir hissəsini itirə bilərik. Bəs Duz Gölü necə xilas edə bilərik? Kənd təsərrüfatı ərazilərində gölə bağlı kiçik axınlardan daha az su istifadə etməklə gölə su nəql edilə bilər”.

Duz Gölü hövzəsinin 2000-ci ildə mühafizə altına alındığını xatırladan Karakaya qeyd edib ki, gölün quruyan hissələrində abadlıq işləri aparılarsa, kənd təsərrüfatına yararlı hala gətirilə bilər.

Rövşən TOĞRUL,

“Xalq qəzeti”

24 Oktyabr 2021 00:58 - XARİCİ XƏBƏRLƏR
XARİCİ XƏBƏRLƏR
1 Dekabr 2021 | 10:10
Avtomobil istehsalı azalıb
1 Dekabr 2021 | 10:01
Krımda qasırğa

Köhnə versiyamızdan xəbərləri izlə