Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Qələmini silaha dəyişən Mədət”

Bugünlərdə Ağdam rayonunun Qu­zanlı qəsəbəsində 44 günlük Vətən müharibəsində ölməzlik zirvəsinə ucalmış ağdamlı şəhid Mədət Qənbərov barədə yerli ziyalı Tahirə İmanovanın yazdığı “Qələmini silaha dəyişən Mədət” kitabının təqdimatı və igid şəhidin xatirəsinə yaradılmış bulağın açılışı keçirilib. Hər iki mərasimdə şəhidin doğmaları, kitabın müəllifi, rayon rəhbərliyi və ictimaiyyət nümayəndələri iştirak ediblər.

“Qələmini silaha dəyişən Mədət” kitabının Heydər Əliyev mərkəzində keçirilən təqdimat mərasimində Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov bildirib ki, Azərbaycan tarixinin ən möhtəşəm qələbəsi– Qarabağ sa­vaşında qazanılmış zəfər Prezident, Ali Baş Komandan İlham Əliyevin sonsuz Vətən sevgisindən, sarsılmaz iradəsindən, məqsədyönlü siyasətindən, yaratdığı ordu– xalq– hakimiyyət birliyindən qaynaqlanıb. Dövlət başçısı bu müzəffər fəaliyyətini Qarbağın dirçəldilməsi ilə bağlı irimiqyaslı, çoxsaylı layihələri sürətlə gerçəkləşdirməklə, şəhidlərin xatirəsini əbədiləşdirməklə, onların ailələrinə və qazilərə yüksək diqqət və qayğı göstərməklə davam etdirir.

I Qarabağ müharibəsinin acısını başqa bölgələrdən artıq yaşamış, 6 minədək şəhid vermiş Ağdamın Vətən müharibəsində 53 ən yaxşı övladı döyüşlərdə igidliklə həlak oldu . Biz Mədət kimi şəhidlərimizin nakam taleyinə balamız kimi yanırıq, lakin həm də qürur duyuruq. Gənc müəllim Mədət Qənbərov öz hünəri ilə ağdamlıların başını uca etmiş igidlərdən biridir. Biz birliyimizi daha da möhkəmləndirməli, şəhidlərin müqəddəs qanı hopmuş bu torpağı bütün varlığımızla sevməliyik, onu qoruyub abadlaşdırmalıyıq.

Çıxış edənlər ötən il sentyabrın 27-də başlanan və tarixə "44 günlük savaş" kimi düşən Vətən müharibəsindən, Azərbaycan Ordusunun qəhrəmanlığından, şəhid Mədət Qənbərovun şərəfli ömür və döyüş yolundan danışıblar. Doğma Vətəni, torpağı uğrunda öz canını əsirgəməyən oğullarımızın şərəfli ömür yolunun gənc nəslin vətənpərvərlik, qəhrəmanlıq, torpağa bağlılıq ruhunda tərbiyə olunmasında canlı örnək olduğu bildirilib.

Şəhidin anası Bəsti Vəliyeva ailəsi adın­dan kitabın müəllifinə, tədbirin təşkilatçılarına və iştirakçılara minnətdarlıq edib. O, Vətən uğrunda canlarından keçən qəhrəman övladlarımızın qanının yerdə qalmadığını, düşməndən qisas alındığını, torpaqlarımızın 30 illik işğaldan azad edilməsinin ağrı-acıları­mıza məlhəm olduğunu bildirib.

Sonra iştirakçılar İmamqulubəyli kəndində yaradılmış “Şəhid Mədət Qənbərov” bulağı­nın açılışınmda iştirak ediblər.

Müəllifi olduğu "Qələmini silaha dəyişən Mədət" kitabını redaksiyamıza təqdim edərkən Ağdamdan məcburi köçkün Tahirə İmanova bütün bunlar barədə ətraflı məlumat verdi. Tahirə xanım söhbətinə davam edərək bildirdi:

– Mədət Qənbərovun ailəsi 1993-cü ildə Ağdam rayonunun Mollalar kəndindən məcburi köçkün düşüb. Mədət ata-baba yurdunda doğulmasa da, həmişə doğma torpaqların həsrəti ilə yaşayıb. Gəncə Dövlət Universitetinin filologiya fakültəsinin məzunu olan Mədət Qənbərov ötən ilin payızında II Qarabağ savaşı zamanı torpaqlarımızın azadlığı uğrunda döyüşlərə qatılıb, Suqovu­şan–Talış istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb. Azərbaycan Res­publikası Prezidentinin sərəncamı ilə əsgər Mədət Qənbərov ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilib.

Şəhid Mədət Qənbərov haqqında kitab yazılması, adına bulaq ehsan edilməsi, bu münasibətlə onun doğulub-böyüdüyü ra­yonda xatirə tədbirləri keçirilməsi ölkəmizdə Vətən yolunda canını qurban vermiş igid övladlarımızın xatirəsinə xalqımızın sonsuz ehtiramının, dövlətimizin böyük diqqətinin göstəricisidir. Şəhidin xatirə kitabının təqdimatında səslənən fikirlər məni daha çox duyğulandırdı. Bir daha inandım ki, məcburi köçkün ailəsi çadırında doğulub tərbiyə alan mənim qəhrəmanım Mədətin içində boy atdıqca bir qisas hissi də böyüyürmüş.

“Vətən müharibəsində qazanılmış tarixi zəfər dövlət başçımız İlham Əliyevin ağıllı siyasətinin və igid oğullarımızın yenilməzliyinin nəticəsidir” – söyləyən Tahirə İmanova sonda dedi:

– Qarabağ savaşının baş sərkərdəsi Prezident İlham Əliyevin bu ilin Novruz bayramında ailəsi ilə birlikdə Şuşada, igidlik meydanı Cıdır düzündə yandırdığı tonqalın işığı bütün qaranlıq yurdlarımızı işıqlandır­dı. Qələbəmizi qısqanan, həzm etməyən ermənipərəst qüvvələrin üstünə zülmət çökdü. Azadlığı qanla əldə etdik, torpaqları qanla aldıq. Viran edilmiş yurd yerlərimizi isə ağılla, daha gözəl, daha abad quracağıq. Bu xoşbəxtliyi bizə daddıran şəhidlərimizin, qazilərimizin qanı-canı bahasına alınan bu torpaqları gülüstana çevirib, göz bəbəyimiz kimi qorumalıyıq.

Hazırladı: Tahir AYDINOĞLU,

“Xalq qəzeti”

24 Oktyabr 2021 00:40 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Köhnə versiyamızdan xəbərləri izlə