Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ermənistana və havadarlarına gözdağı

 

Müsahibimiz Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru, tarix elmləri doktoru Havva Məmmədovadır

– Havva xanım, torpaqlarımız işğaldan azad edildikdən sonra dövlət başçımız və birinci xanım Mehriban Əliyevanın səfərləri intensiv xarakter alıb. Məhz bu səfərlərin nəticəsidir ki, yenidənqurma və abadlıq işləri sürətlənir. Bir qarabağlı kimi sizin də fikrinizi bilmək istərdik.

– Nüfuzlu beynəlxalq təşkilatların və dün­yanın ən qüdrətli dövlətlərinin 30 il ərzində həll edə bilmədikləri münaqişəni 44 gün ərzində aradan qaldıran, Prezident, Ali Baş Koman­dan İlham Əliyev xalqımıza dünya boyda sevinc bəxş etdi. Möhtərəm Prezidentimiz otuz ildən sonra azad edilmiş torpaqlarımıza səfərləri zamanı düşmənin yerlə-yeksan etdiyi ərazilərimizdə həyata keçiriləcək quruculuq və tikinti işlərinin yüksək səviyyədə aparı­lacağını bildirmişdi. Dölət başçımız qeyd etmişdi ki, respublikamızın müxtəlif yerlərində məskunlaşmış soydaşlarımızın doğma ata-baba yurdlarına qayıtması üçün hər cür şərait yaradılacaq. Artıq həmin ərazilərdə tikinti-bərpa işləri geniş vüsət alıb. Özü də hər bir rayon təsdiq olunmuş baş plan əsasında qurulur. Torpaqların bərpası prosesi artıq baş­lanmışdır. Sevindirici haldır ki, bir sıra xarici ölkələrin şirkətləri də bu işə qoşulublar.

Möhtərəm Prezidentimizin göstərişi ilə azad olunmuş bütün ərazilərdə görülən işlər planlı şəkildə aparılır. Uzun illər işğal altında qalmış yurd yerlərində həyatın bərpası, müasir infrastruktur layihələrin reallaşdırılması üçün bütün imkanlardan istifadə olunur. Dövlət başçımızn dediyi kimi, Qarabağı cənnətə çevirəcəyik: “Artıq bütün göstərişlər verilib. Bütün işlər görülür, planlı şəkildə görüləcək və biz bundan sonra bu torpaqlarda əbədi yaşayacağıq”.

– Dünyanı koronavirus pandemiyası və maliyyə böhranı bürüdüyü bir vaxtda ölkəmizdə nəzərdə tutulan layihələrin icra­sı, xüsusilə azad edilmiş ərazilərin yenidən qurulması səngimir.

– Mən bunu, ilk növbədə, düzgün müəyyənləşdirilmiş iqtisadi strategiya ilə əlaqələndirirəm. Ölkəmizin iqtisadi qüdrəti ildən-ilə yüksəlir. Ona görə də pandemiya və maliyyə böhranı nəzərdə tutulan layihələrin icrasına mane ola bilmir. Qeyd edək ki, erməni işğalından azad olunmuş ərazilərdə dövlətimizin başçısının birbaşa təşəbbüsü və tapşırıqları ilə “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyalarının reallaşdırılması nəzərdə tutulmuşdu. Artıq bu layihələrin də icrası yeni müstəvidə aparılır. Pandemiya şəraitində dünya iqtisadiyyatında böyük problemlərin yarandığı bir dövrdə Azərbaycan Prezidentinin təşəbbüsü dövlətimizin qüdrətini nümayiş etdi­rir. İlk “ağıllı kənd” layihəsi Zəngilan rayonunun Üçüncü Ağalı kəndində icra edilir. Layihənin icrası, əsasən, 5 komponent üzrə aparılır. Onlar yaşayış, istehsal, sosial xidmətlər, “ağıllı kənd təsərrüfatı”, alternativ enerji sahələridir.

– Dövlət başçımızın işğaldan azad edilmiş rayonlara səfərləri düşmənlərimizə göz dağıdır. Bu barədə siz necə düşünür­sünüz?

– Möhtərəm Prezidentimizin və birinci xanım Mehriban Əliyevanın işğaldan azad edilmiş rayonlara mütəmadi səfərləri, həmin ərazilərdə müxtəlif tədbirlərin keçirilməsi, dağlarda, dərələrdə Azərbaycan muğamının sədasının əks- sədası təkcə Ermənistanı deyil, onun havadarlarını da ciddi narahat edir. Bu, düşmənlərimizə və havadarlarına göz dağıdır. Dövlət başçımızın və birinci xanımın Qara­bağa növbəti səfəri zamanı Füzuli şəhərində salınacaq çoxmənzilli yaşayış məhəlləsinin təməlqoyma mərasimi keçirildi. Burada 17,8 hektar ərazini əhatə edəcək yaşayış məhəlləsi mərhələli şəkildə tikilib istifadəyə veriləcək. İlk mərhələdə 1, 2, 3 və 4 otaqlı mənzillərdən ibarət 65 mənzilli 4-5 mərtəbəli yaşayış binala­rı inşa ediləcək. Ümumilikdə, məhəllədə 2860 nəfərin yaşaması nəzərdə tutulur. Həmçinin, burada şəhər sakinləri və qonaqlar üçün 21 hektarlıq böyük meşə parkı salınacaq. Sevin­dirici haldır ki, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Füzulidə yaradılacaq mərkəzi şəhər parkında ağac əkdilər.

Füzuli Beynəlxalq Hava Limanında ya­radılan şərait və artıq ilk sərnişinlərin qəbul edilməsi qürurverici hadisədir. Hava limanın­da görülən bütün işlər beynəlxalq norma və standartlara uyğun şəkildə həyata keçirilib. Bundan əlavə, rayon ərazisində Rəqəmsal Stansiya İdarəetmə Mərkəzinin təməli qoyu­lub. Füzuli–Ağdam avtomobil yolunun tikintisi, rayonunun Dövlətyarlı kəndində “ağıllı kənd” layihəsinin icrası yenidənqurma və abadlığın təzahürüdür.

Artıq Cəbrayıl rayonunun da baş planı ictimaiyyətə təqdim olundu. Dövlət başçımız rayonda Memorial Kompleksin və şəhərin bərpasının təməl daşını qoyub. Bundan baş­qa, rayon mərkəzi xəstəxananın təməlqoyma mərasiminin, 10,5 hektar ərazini əhatə edən yaşayış məhəlləsinin təməli qoyuldu. Rayon­da ilk mərhələdə 5 bina tikiləcək və buraya 200-ə yaxın ailə, ümumilikdə 654 sakin köçürüləcək. Cəbrayıl şəhərində akademik Mehdi Mehdizadə adına tam orta məktəbin də təməli qoyulub.

960 şagirdin təhsil alacağı yeni məktəb binasında lazımi inventarla təchiz olun­muş sinif otaqları, fənn kabinetləri fəaliyyət göstərəcək. Məktəbin həyətində geniş idman meydançası tikiləcək ki, bu da sağlam nəslin yetişməsi üçün vacib amillərdəndir. Bir sözlə, doğma torpaqlarına geri dönən cəbrayıllı şagirdlər ən müasir tələblərə cavab verən təhsil ocağında oxuyacaqlar. Bundan başqa, Cəbrayıl şəhərində daha 3 məktəbin tikilməsi də nəzərdə tutulur.

Dövlət başçımızn və birinci xanımın Zəngilan rayonuna səfərləri də böyük ma­raqla izlənilib. Həmişə olduğu kimi, bu dəfə də yeni obyektlərin, yaşayış məhəlləsinin və digər müəssisələrin təməli qoyulub. Rayo­nun Üçüncü Ağalı kəndində həyata keçirilən “ağıllı kənd” layihəsi çərçivəsində görülən işlər, Zəngilan Beynəlxalq Hava Limanının tikintisi, “Azərişıq” ASC-nin Zəngilan rəqəmsal yarımstansiyasının təməlinin qoyulması, Dövlət Sərhəd Xidmətinin Zəngilan rayonunda yerləşən hərbi hissə kompleksində əlverişli şəraitin yaradılması, “Azərenerji” ASC-nin 110/35/10 kV-luq “Zəngilan” yarımstansiya­sının açılışı tarixi qələbəmizin töhfələridir. Bu töhfələrin sayı gündən-günə çoxalır. Bütün bunlar düşmənlərimizə gözdağıdır.

Müsahibəni qələmə aldı: Əliqismət BƏDƏLOV,

“Xalq qəzeti”

24 Oktyabr 2021 00:26 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə