Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Füzulinin bərpasına dövlət səviyyəsində göstərilən diqqət çox böyük inam yaradır

 

 

Hələ XVI əsrdə “Vətənimdir, Vətənim…” deyən dahi şairimiz Məhəmməd Füzulinin adının Azərbaycanın ayrılmaz parçası olan bölgələrimizin birinə qoyulmasından düz 62 il ötür. Özü də cismani olaraq 62 il ömür sürmüş, amma gözəl əsərləri ilə beş əsrdən bəri könülləri ehtizaza gətirən məhəbbət şairimizin adını yaşadan Füzuli rayonu ötən payız, oktyabrın 17-də rəşadətli Silahlı Qüvvələrimizin qəhrəmanlığı sayəsində erməni işğalından azad edilib. Vətən yenidən vətən olmağa başlayıb. Möhtərəm Prezidentimiz, müzəffər Ali Baş Komandanımız İlham Əliyevin tapşırığı ilə hazırda burada genişmiqyaslı bərpa-quruculuq işləri aparılır və doğma ocaqlarından didərgin salınmış soydaşlarımı­zın “Böyük Qayıdışı” durmadan sürətlənir.

Dövlətimizin başçısı və birinci xanım Mehriban Əliyevanın Füzulinin işğaldan azad olunmasının birinci ildönümü günündə bu rayona səfəri zamanı ictimaiyyət nümayəndələri ilə unudulmaz görüş olub. Qeyd edilib ki, 30 il işğal altında qalmış Qarabağın şəhər və kəndləri görünməz vəhşiliyin qurbanı olub, bütünlüklə xarabalığa çevrilib, təbii sərvətlərimiz talanıb, maddi-mədəni abidələrimiz dağıdılıb. Cənab İlham Əliyevin də vurğula­dığı kimi, Füzuli ən çox dağıntılara məruz qalıb, burada bir dənə də salamat bina yoxdur, rayon mərkəzi isə yerlə-yeksan olunub. Ermənilər buranı elə günə salıblar ki, əraziyə heç kəsi, hətta beynəlxalq təşkilatların nümayəndələrini də buraxmayıblar. Çünki elə olan təqdirdə onların barbar­casına törətdikləri eybəcər əməlləri – vandallıqları aləmə faş olardı.

Füzulinin timsalında görünən odur ki, azadlığına qovuşmuş ərazilərimiz baş planlar əsasında bərpa edilir, ölməz Qarabağ ruhu kəndbəkənd, elbəel özünə qayıdır. Yaxşı xatırlayırıq ki, ötən il noyabrın 16-da, Şuşanın azad olunmasından 8 gün, məlum üçtərəfli Bəyanatın (Ermənistan üçün faktiki kapitulyasiya aktının) imza­lanmasından 6 gün sonra ilk dəfə bölgəyə gələn qalib xalqın müzəffər Prezidenti cənab İlham Əliyev başlan­ğıcını Alxanlı qəsəbəsindən götürən Füzuli-Şuşa yolunun təməlini qoyub və bunu azad Qarabağda icrasına başlanan ilk layihə kimi dəyərləndirib. Sonra Füzuli şəhərində şanlı dövlət bayrağımızı qaldırıb. Erməni vəhşiliyini dəqiq səciyyələndirən və tez bir za­manda dillər əzbərinə çevrilən “Sanki bu torpaqlardan bir vəhşi qəbilə keçib” fikrini də dövlətimizin başçısı məhz orada ifadə edib. O gündən Qarabağ­da başlanan bərpa-quruculuq işləri uğurla davam edir.

Ötən ilin oktyabrında dövlət bay­rağını ucaltmağa bir bina belə tapıl­mayan Füzulidə indi artıq Beynəlxalq Hava Limanı var, baş plan təqdim olunur, yeni Rəqəmsal Stansiya İdarəetmə Mərkəzinin və böyük bir ərazini əhatə edəcək, 2860 nəfərlik sakini qoynuna alacaq yaşayış məhəlləsi kompleksinin təməli qoyu­lur. Şəhidlərin xatirəsinə yaradılacaq möhtəşəm Memorial Kompleksə xeyir-dua verilir. Düşmənin saysız-hesabsız mina basdırdığı bu yerlərin tamamilə təmizlənməsi və əvəzində yaşıl tinglər basdırılması, ulu yurd yerlərinin gül-çiçəyə qərq olması üçün zəruri addımlar atılır.

Füzuli görüşləri zamanı bu rayonun geri alınması ilə bağ­lı uğurlu əməliyyatın hərbi-siyasi önəminə diqqət cəlb olunub. Xa­tırladılıb ki, Cəbrayıl və Hadrutun ardınca keçilməz Füzuli maneəsi qəhrəmancasına dəf edilib, bundan 1 gün sonra Xudafərin kəndi alı­nıb, Azərbaycan Silahlı Qüvvələri Xudafərin körpüsünə çıxıb və orada dövlət bayrağımız ucaldılıb. Cənub sərhədlərimiz tam bərpa olunub. Təkzibedilməz fakt kimi bir daha təsdiqlənib ki, Füzulinin azad edilməsi böyük zəfərə yol açıb. Cənab İlham Əliyev bununla bağlı deyib: “Füzuli nəzarətimizə keçəndən sonra artıq Şuşa istiqamətinə getmək üçün daha geniş imkanlar açıldı. Bir daha demək istəyirəm ki, Ermənistan tərəfi burada çox güclü istehkamlar qurmuşdu, bir neçə qat istehkamdan ibarət müdafiə xətti qurmuşdu. Otuz il ərzində düşmən burada möhkəmlənirdi və bu istehkamları yarmaq, keçmək xalqı­mızın bir daha böyük qəhrəmanlığını, fədakarlığını göstərmişdir. Təbii ki, bunu görən düşmənin gözü qorxdu… Təsadüfi deyil ki, Füzuli azad olunan­dan sonra Ermənistan ordusunda fərarilik halları daha geniş vüsət aldı. Düşmən gördü ki, bizim qabağımızda dura bilməyəcək, düşmən gördü ki, ar­tıq bizim önümüz açıldı, digər şəhər və rayonlarımızın azad edilməsi məsələsi qaçılmazdır”.

Cənab İlham Əliyev Füzulinin alınmasının bizə əlavə güc verdiyini beləcə konkret faktlarla əsaslandırıb. Fərəhli haldır ki, məhz Füzulidən üç gün sonra Zəngilan şəhəri azad edilib, ondan beş gün sonra Qubad­lı alınıb, ordumuz Laçın dəhlizinə çıxıb və beləliklə, müharibənin taleyi heç kəs üçün sirr olaraq qalmayıb. Dövlət müstəqilliyimizin bərpasının ildönümü ərəfəsində yazılan bu qəhrəmanlıq səhifəsi şanlı tariximizi daim bəzəyəcək. Elə Qarabağın baş tacı olan Şuşaya ilk elektrik enerjisi xəttinin də məhz Füzulidən çəkilməsi işıqlı Zəfər yolunun başlanğıcına ünvan olmaq baxımından bu bölgənin dəyərini artırır.

İctimaiyyət nümayəndələri ilə görüşdə o da iftixarla vurğulanıb ki, Vətən müharibəsində böyük Qələbənin ilk təməl daşı da məhz Füzulidə qoyulub. Zəfər xroni­kası xatırladır ki, müharibənin ilk günündə – sentyabrın 27-də Füzulinin Qaraxanbəyli, Qərvənd, kənd Hora­diz, Yuxarı Əbdürrəhmanlı kəndləri və Cəbrayılın Böyük Mərcanlı və Nüezgər kəndləri azad edilib. Yəni zəfər missiyamız məhz Füzuli rayonundan başlanıb.

Prezident İlham Əliyev görüşdə bildirib ki, Füzuli azad edilmiş rayonlar arasında minaların sayına görə ən çox çirkləndirilmiş rayondur – burada yüz mindən çox mina basdırılıb. “Biz bütün bu işləri paralel şəkildə aparmalıyıq. Eyni zamanda Füzuli şəhərinin baş planı, kəndlərin inkişaf konsepsiya­sı hazırlanıbdır. Birinci infrastruktur layihələri də məhz Füzulidə başlamış­dır”.

İşğal dövründə düz 12 dəfə Füzulidə olmuş, köçkünlərlə görüşərək onlara torpaqları mütləq qaytaraca­ğını vəd etmiş və sözünün üstündə duraraq bütün ərazilərimizi işğaldan azad etmiş möhtərəm Prezidentimiz, müzəffər Ali Baş Komandanımız indi də “Böyük Qayıdış”ı daha da sürətləndirməklə bağlı beləcə əməli addımlar atır. Dövlət başçısı tərəfindən Qarabağın hava qapısı elan olunan Füzuli şəhəri yenidən göz önündə canlanır. Düşmənin tamamilə dağıt­dığı, viran etdiyi şəhər növbəti illərdə 50 min sakini olan yaşayış məntəqəsi kimi istifadəyə veriləcək. Müasir stan­dartlar və memarlıq xüsusiyyətlərinə uyğun inşa ediləcək, Füzuli işğaldan azad olunan ərazilərimizdə ikinci ən böyük şəhər olacaq. Şəhəri əhatə edən yüksəklikdə Bayraq meydanı yaradılacaq. Camaat yenidən doğma yurd-yuvasına qovuşması ilə fəxr edəcək, orada ən bəxtəvər günlərini yaşayacaq. Zəfər parkına gəzməyə çıxan füzulililər qürurla deyəcəklər ki, ermənilər bu yerlərdən bizi müvəqqəti olaraq çıxarsalar da, Qarabağ ruhunu buradan didərgin sala bilməyiblər.

Füzulidən seçilmiş deputat Vüqar Bayramov Prezidentlə görüşdə deyib ki, hələ 1993-cü ildə ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıt­ması füzulililərin taleyində həlledici rol oynayıb. Məhz dahi şəxsiyyətin inamı, qətiyyəti sayəsində 1994-cü ildə Füzuli rayonunun 21 kəndi, eləcə də strateji əhəmiyyət daşıyan Horadiz qəsəbəsi işğaldan azad olunub. Daha sonra Horadiz şəhər statusu alıb və bu gün Azərbaycanın ən inkişaf etmiş şəhərlərindən biridir. Artıq Füzuli Beynəlxalq Hava Limanı istisma­ra hazırlanır. Bu, dünyada ən qısa müddətdə inşa edilən aeroportlardan biridir. “Bütün bunlar ondan xəbər verir ki, Sizin rəhbərliyinizlə işğaldan azad olunmuş ərazilərimizə çox qısa zamanda həyat gələcək. Sizin də qeyd etdiyiniz kimi, Qarabağ tezliklə cənnətə çevriləcək”.

AMEA-nın İqtisadiyyat İnstitutunun nəzdində postmünaqişə ərazilərin bərpası elmi mərkəzinin rəhbəri Akif Musayev isə deyib ki, cənab İlham Əliyevin Ali Baş Komandanlığı ilə Azərbaycan Ordusu ötən payız əsl zəka müharibəsi apardı və layiqli qələbə qazandı, dünya hərb tarixində yeni səhifə açdı: “Eyni zamanda, Siz indiyə qədər haqsız olaraq Azərbaycana qarşı formalaşmış ədalətsizliyə son qoyaraq, informasiya müharibəsində qələbə qazandınız. Həmçinin diplomatiya sahəsində qalib gəldiniz və erməni faşizminin havadar­larının nə dərəcədə ədalətsiz mövqe tutduğunu dünyaya bəyan etdiniz. Müharibədən, qələbədən bir ilə yaxın vaxt keçib. Bu müddətdə burada görülən işlərin miqyası, intensivli­yi, sürəti onu göstərir ki, çox yaxın vaxtlarda bu strateji hədəfə də Sizin ali rəhbərliyinizlə nail olunacaq, əhali öz doğma yurdlarına qayıdacaq”.

Sonra Prezidentin tapşırığına əsasən, repatriasiya potensialının proqnozlaşdırılması və effektiv təşkili ilə bağlı aparılan araşdırmalardan söz açılıb. Bildirilib ki, ilkin nəticələrə görə, bölgəni məcburi tərk etmiş əhalinin böyük əksəriyyəti geriyə qayıtmaq əzmindədir və bu prosesi səbirsizliklə gözləyir. Füzuli əhalisi də bu qurucu­luq prosesində yaxından iştirak edərək öz töhfəsini vermək arzusundadır və bu, belə də olacaq.

Möhtərəm Prezidentimiz İlham Əliyevi tez-tez müqəddəs Qarabağ torpağında görməkdən çox sevincli və qürurlu olan füzulililər doğma ocaqla­rında olmalarının, müqəddəs yurdun azadlığının bir illiyini qeyd etmələrinin ali səbəbkarına minnətdarlıqlarını bildiriblər.

Əli NƏCƏFXANLI,

 “Xalq qəzeti”

24 Oktyabr 2021 00:20 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə