Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Zəngilan ölkəmizin gözəl məkanlarından birinə çevriləcək

Azərbaycan Prezidenti İlham Əliyevin işğaldan azad olunmuş rayonlarımıza səfərləri intensivləşib. Səbəb, təbii ki, həmin rayonlarda yeni infranstruktur layihələrinə başlanması, yeni obyektlərin təməlqoyma mərasimlərinin, inşasının başa çatdırılaraq açılış tədbirlərinin keçirilməsidir. Bu istiqamətdə növbəti səfər oktyabrın 20-də Zəngilan rayonuna oldu. Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva rayonda yenidənqurma-bərpa işlərinin gedişi ilə tanış oldular, ictimaiyyət nümayəndələri ilə görüşdülər.

Prezident İlham Əliyev Zəngilanın füsunkar təbiətə malik olduğunu, bura­dakı əzəmətli dağlara, yaşıl meşələrə, çaylara, xüsusən iqlimin gözəlliyinə heyran qaldığını bildirdi. Onun sözlərinə görə, Zəngilan, doğrudan da, Azərbaycanın ən gözəl guşələrindən biridir və hazırda məqsəd ermənilərin dağıtdığı rayonu yenidən qurmaq­dır. Mənfur düşmən istər Zəngilan şəhərində, istərsə də kəndlərdə, demək olar ki, bütün binaları dağıdıb. Bunu bir məqsədlə edib ki, azərbaycanlılar buraya qayıtmasınlar: “Amma biz qayıt­mışıq, şanlı ordumuz düz bir il bundan əvvəl Azərbaycan bayrağını Zəngilanda qaldırdı və düşməni bu torpaqlardan qovdu. Zəngilan azad olunandan sonra artıq yolumuz Qubadlıya açıldı və beş gün sonra Qubadlı azad olundu, ondan sonra da Laçın dəhlizinə çıxdıq. Laçın dəhlizinə çıxdıqda demək olar, düşmən də bildi ki, artıq müqavimət göstərməyin mənası qalmayıb”.

Azərbaycanın Ali Baş Komandanı bildirdi ki, indi Zəngilanın yeni dövrü başlayır və şəhərin baş planı artıq hazırlanır. Burada müasir, çox gözəl bir şəhər və kəndlər qurulacaq. Azad edilmiş torpaqlarda birinci “Ağıllı kənd” layihəsi məhz Zəngilan rayo­nunda həyata keçirilib. Aprel ayında Ağalı kəndinin təməli qoyulub. Artıq burada bəzi binalar hazırdır və yəqin ki, gələn ilin əvvəli, bəlkə də bu ilin sonu zəngilanlıları doğma yurdlarına köçürmək mümkün olacaq.

Prezident Zəngilanın azad edilməsində bütün xalqımızın, hətta bu torpaqları görməyən gənclərin böyük rolundan danışdı. Qeyd etdi ki, bu gənclər əsasən işğaldan sonra dünya­ya gəliblər və bəlkə də işğal dövründə onların 5-10 yaşı olub. Yəni, bu, onu göstərir ki, xalqımız müqəddəs Zəfər gününü gözləyib, bütün çətinliklərə, əzab-əziyyətlərə baxmayaraq, inanıb ki, bu gün gələcək.

Dövlət başçısı artıq dördüncü dəfədir ki, Zəngilana gəldiyini söylədi. Birinci dəfə dekabrda gələrək bu­radakı vəziyyətlə tanış olub. Fev­ral ayında ermənilərin dağıtdığı Bəsitçay qoruğunda çinar ağacları əkib. Aprel ayında gələndə hava limanının təməli qoyulub. İndi orada işlər davam edir, artıq zolağın tor­paq işləri hazırlanır. Sovet vaxtında Zəngilanda hava limanı olmasa da, indi burada nəinki hava limanı, hətta beynəlxalq hava limanı olacaq və Zəngilan ölkəmizin nəqliyyat-logistika mərkəzinə çevriləcək. Çünki Zəngəzur dəhlizi buradan keçir, dəmir yolu, Horadiz-Ağbənd avtomobil yolu tikilir. Prezident böyük qürur hissi ilə bəyan edib: “Zəngəzur dəhlizinin açılması ilə bağlı son hadisələr onu göstərir ki, istədiyimizə nail oluruq. Birinci mərhələdə Ermənistan tərəfi müqavimət göstərsə də, indi özləri artıq buna razılaşıblar. Burada, əlbəttə ki, yumşaq desək, bizim rolumuz az deyil. Ona görə artıq avtomobil yolu­nun açılışı məsələsi həll olunur, dəmir yolu məsələsi həll olunur… Beləliklə, Zəngilanda müasir logistika-nəqliyyat mərkəzi, yük təyyarələri, sərnişin təyyarələri, dəmir yolu qovşağı, avtomobil yolları - bütün infrastruktur qurulacaq”.

Görünən budur ki, bu gün Zəngilan yenidən qurulur, burada turizm, kənd təsərrüfatı, nəqliyyat, logistika, ətraf mühitin qorunması və əlbəttə ki, insanlar üçün şəraitin yaradılması istiqamətində işlər görülür. Əminik ki, Zəngilan çox tezliklə ölkə üzrə çox müasir və böyük əhəmiyyətə malik bir bölgəyə çevriləcək.

İbrahim İLYASLI,

Sumqayıt Şəhər Poeziya Klubunun direktoru

24 Oktyabr 2021 00:16 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə