Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Zəfər tarixinin xronikası: 24 oktyabr 2020-ci il

Həmin gün:

– Prezident İlham Əliyev Fransanın “Fi­garo” qəzetinə müsahibə verib. Dövlətimizin başçısı müsahibədə jurnalistin “Siz sentyabrın 27-də Dağlıq Qarabağa hücuma keçmisiniz və bunda siyasi məqsəd nədir?”,-sualına belə cavab verib: “Biz sentyabrın 27-də Dağlıq Qa­rabağa hərbi hücuma keçməmişik, Ermənistan Azərbaycana qarşı hərbi hücuma keçmişdir. Bu hərbi hücumun ilk saatlarında bizim mülki şəxslər və hərbi qulluqçularımız arasında qur­banlarımız olmuşdur. Bu, üç ay müddətində Ermənistan tərəfindən Azərbaycana qarşı üçüncü hərbi təxribat idi. Onlar birinci dəfə bizə Qarabağ bölgəsindən uzaqda olan Ermənistan-Azərbaycan dövlət sərhədində hücum etdilər. Beynəlxalq müşahidəçilərin yekdil rəyi ondan ibarət idi ki, Ermənistan bizə qarşı hücum etmişdir. Onlar yeni əraziləri işğal etmək istəyirdilər. Onlar bizim Ermənistanla dövlət sərhədindən bir neçə kilometr məsafədə yerləşən strateji enerji infrastrukturu üzərində nəzarəti ələ keçirmək istəyirdilər…”;

– Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ədalət və İnkişaf Partiyasının Kayseridə keçirilən konqresində deyib: “Türkiyə bu günə kimi azərbaycanlı qardaşla­rının yanında yer alıb və bundan sonra da yer almağa davam edəcək…”;

– Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib: “Ermənistanın öz ərazisindən Azərbaycan Or­dusunun bölmələrini Ermənistan-Azərbaycan dövlət sərhədinin Zəngilan, Qubadlı və Laçın rayonları istiqamətində atəşə tutma­sı növbəti hərbi təcavüz aktıdır. Bu hallar Ermənistan ərazisindən Azərbaycanın Gəncə, Mingəçevir, Kürdəmir, Siyəzən, Qəbələ, Xızı və digər şəhərlərinə, mülki insanlara və mülki obyektlərə ballistik və reaktiv raketlərlə olan təcavüzkar hücumların davamıdır…”;

– Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev rəsmi Tvitter hesabında yazıb: “Ermənistanda 15 yaşınadək uşaqların əsgər kimi işə götürülməsi və istifadəsi beynəlxalq humanitar hüquqlar - müqavilələr və qanunlar baxımından qada­ğandır və ICC tərəfindən müharibə cinayətləri kimi təyin olunur”;

Müdafiə Nazirliyi məlumat yayıb

Cəbhənin Ağdərə, Xocavənd, Füzuli, Hadrut və Qubadlı istiqamətlərində döyüş əməliyyatları müxtəlif intensivliklə davam edib. Düşmən müdafiə mövqelərimizi atıcı silahlar, minaatanlar və toplardan atəşə tutub.

Azərbaycan Ordusunun bölmələri əməliyyat planına uyğun cəbhənin müəyyənləşdirilən istiqamətlərində döyüş fəaliyyətlərini davam etdirib.

Cəbhənin Xocavənd, Füzuli və Qubad­lı istiqamətlərində mütəşəkkil müqavimət göstərə bilməyən Ermənistan silahlı qüvvələri bölmələrinə atəşlə ciddi ziyan vurulub. Düşmənin silah və sursat, yanacaq ehtiyatları anbarları sıradan çıxarılıb. Bəzi istiqamətlərdə işğalçı nizamsız qaydada mövqeləri tərk edərək geri çəkilib. Əhəmiyyətli kommuni­kasiya xətləri nəzarətə götürülüb, düşmənin bir neçə dayaq məntəqəsi dağıdılıb və vacib yüksəkliklər azad edilib.

Döyüş mövqelərini itirərək geri çəkilməyə məcbur edilən düşmən Ermənistanın Gorus rayonu istiqamətindən Azərbaycanın Qubadlı rayonunun ərazisini artilleriya atəşinə tutub.

Ermənistan tərəfinin bu təxribatı törətməkdə məqsədi Azərbaycan Ordusunu cavab tədbirləri görməyə təhrik etməkdir.

Ermənistan silahlı qüvvələri Ağdərə istiqamətindən Naftalan və Tərtər rayonlarının ərazisini yaylım atəşli reaktiv sistemlərdən atəşə tutub.

Ağdərə rayonu istiqamətində uçuş keçirməyə cəhd göstərən Ermənistan silahlı qüvvələrinə məxsus pilotsuz uçuş aparatı hava hücumundan müdafiə bölmələrimiz tərəfindən məhv edilib.

Azərbaycan Hərbi Hava Qüvvələrinin (HHQ) döyüş aviasiyası cəbhənin Ağdərə və Ağdam istiqamətlərində Ermənistan silahlı qüvvələrinin 3 tankı, 2 sığınacağı və bölüyün 4 dayaq məntəqəsini dəqiq aviasiya zərbələri ilə məhv edib.

***

Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin rəisi general-mayor Hüseyn Mahmudov Azərbaycan Respublika­sında akkreditə olunmuş xarici hərbi attaşelər və beynəlxalq təşkilatların ölkəmizdəki nümayəndələri üçün növbəti brifinq verib.

Brifinqdə qonaqlara Ermənistanın münaqişədə birbaşa iştirakı, Ermənistanın Go­rus və Qafan rayonlarından Azərbaycanın Qu­badlı və Laçın rayonlarının ərazilərinin, Ağdərə rayonunun işğal altında olan ərazilərindən Goranboy, Tərtər və Naftalan rayonlarında ya­şayan Azərbaycan mülki əhalisinin və infrast­rukturunun raket zərbələrinə məruz qalması, eləcə də humanitar atəşkəs rejiminin kobud şəkildə pozması haqqında ətraflı məlumat verilib.

Hazırda bütün cəbhə boyu döyüşlər davam edir. Qoşunlarımız əməliyyat şəraitinə nəzarət edir.

Ermənistanın dinc əhaliyə qarşı törətdiyi cinayətlərin son statistikası

Baş Prokurorluğun mətbuat xidmətinin məlumatına görə, Ermənistan ordusunun Azərbaycanın yaşayış məntəqələrini ağır artilleriya və raket atəşinə tutması nəticəsində həlak olan mülki şəxslərin sayı 65-ə çatıb. Onların 18-i qadın, 10-u uşaqdır.

Oktyabrın 4-də, 11-də və 17-də raket və ağır artilleriya hücumları nəticəsində Gəncədə 10-u qadın, 6-sı uşaq olmaqla 26 nəfər həlak olub, 138 nəfər yaralanıb. Şəhərdə mülki inf­rastruktur obyektlərinə, nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.

***

Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin saytına göndərilən məktublarda rəşadətli Azərbaycan Ordusunun cəbhədəki uğurlu əməliyyatları, torpaqlarımızın ard-arda işğaldan azad edilməsi vətəndaşlarımızda, xaricdə yaşayan soydaşlarımızda, eləcə də bir sıra ölkələrin vətəndaşlarında böyük sevinc hissi doğurduğu ifadə olunur.

“Xalq qəzeti”

24 Oktyabr 2021 09:00 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT
4 Dekabr 2021 | 23:54
Murovdağda ölməzlik zirvəsi

Köhnə versiyamızdan xəbərləri izlə