Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan müstəqil siyasət aparan ölkədir və bu yoldan heç vaxt dönməyəcəkdir

Bunu hər kəs bilir və birinci il deyil ki, müstəqil siyasət aparırıq. Qonşularımızla və bütün başqa ölkələrlə münasibətləri müstəqil siyasət əsasında qururuq. Heç kim bizim daxili işimizə qarışmasın. Biz hansı ölkə ilə hansı səviyyədə münasibətlər qururuq, bizim öz işimizdir. Axı, biz Ermənistan ilə sıx dostluq əlaqələri olan ölkələrə qarşı iddia qaldırmırıq.

İlham ƏLİYEV

Azərbaycan Respublikasının Prezidenti

 

Azərbaycan dövlətinin və Prezident İlham Əliyevin bu gün regiona sülh gətirilməsi istiqamətdə atdığı addımlar türk dünyasının iki öndərinin –Mustafa Kamal Atatürkün və Heydər Əliyevin sülh siyasətinin davamı kimi qiymətləndirilir. Belə ki, ümummilli liderimiz ordu quruculuğuna və torpaqlarımızın işğaldan azad edilməsinə mükəmməl bir hazırlıq görsə də, daim deyirdi ki, biz ərazi bütövlüyümüzü sülh danışıqları ilə həll etməyə hazırıq.

Eləcə də, təkcə türk dünyasının deyil, ümumiyyətlə, bütün mütərəqqi insanların sevərək xatırladığı, “Yurdda sülh, cahanda sülh!” tezisinin müəllifi Mustafa Kamal Atatürkün lüzumsuz, kiminsə hikkəsi əsasında başlanılan hərbi əməliyyatları cinayət adlandıran tezisi də vardır: “ Döyüş zəruri və qa­çılmaz olmalıdır, millətin həyatı təhlükə ilə qarşı-qarşıya qalmadıqca, hərbi yolun seçilməsi bir cinayətdir”.

Prezident İlham Əliyev də son 18 ildə həmin siyasi kursa sədaqətlə əməl edərək, daim sülh çağırışları səsləndirmişdir. Ancaq bu çağırışları başa düşməyənlərin başa salınması zərurəti yaranmışdı. Dövlət başçı­mız bir neçə gün əvvəl Zəngilanda səfərdə olarkən də açıq şəkildə dedi ki, biz regionda sülhə nail olmaq üçün lazım olan bütün addımları atacağıq: “Azərbaycan ictimaiyyəti bilir, bu ya­xınlarda mən demişdim ki, Ermənistan baş naziri ilə görüşməyə hazıram. O da demişdi ki, hazırdır. Yəni, bu, nəyi göstərir? Bu, onu göstərir ki, bizim gündəliyimiz artıq burada qəbul olu­nur. Bəziləri yəqin ki, bundan narahat­dır. Amma əsas odur ki, Azərbaycanla Ermənistan arasında barışıq olsun, yəni sülh müqaviləsi imzalansın. Biz bunu istəyirik. Sərhədlərin delimitasi­yası həyata keçirilsin”.

Yəni biz xoş niyyət göstəririk. Amma bu, o demək deyil ki, biz özümüzə qarşı əsassız ittihamları qəbul edəcəyik. Dövlət başçımız Cəbrayılda qəti şəkildə dedi ki, bizə qarşı əsassız ittihamlar cavabsız qalmayacaq. Biz bu ittihamları rədd edirik, qəbul etmirik və sübutlar tələb edirik: “Guya ki, Azərbaycan bu bölgələrə İsraili gətirib. Gözlərini açsınlar, görsünlər. Onlar İsraili burada harada görüblər?! Burada bir adam da yaşamır. Burada bir bina da yoxdur. Sübutlar var? Yoxdur. Sübutlar yoxdur­sa, hər kəs gərək dediyi sözlərə görə cavabdehlik daşısın. Biz imkan verə bilmərik ki, bizə qarşı kimsə əsassız iftira uydursun”.

Dövlət başçımızın nümayiş etdirdi­yi qətiyyət və konkretlik öz nəticəsini göstərməkdədir. Belə ki, Azərbaycan rəhbərliyinin bu şəkildə açıq və sərt danışmasına səbəb olan insanlar səhv etdiklərinin fərqinə vara biliblər. Bildirilir ki, hazırda İran – Azərbaycan münasibətlərində müşahidə olunan müsbət meyillər Azərbaycanın haqlı tərəf olduğunu bir daha sübut edib. Bəyan etdiyimiz kimi, Azərbaycan heç bir ölkənin onun suveren hüquqlarını, ərazi bütövlüyünü pozmasına imkan verməyəcəyi barədə dediklərini günün reallığına çevirir.

Azərbaycan Prezidenti bizə əsassız ittihamlar irəli sürənlərə qarşı əsaslı arqumentlərlə danışır: “Ermənistanın nə qədər havadarı var, İkinci Qarabağ müharibəsi bunu göstərdi. Görün, bu gün Ermənistanı dəstəkləyən nə qədər ölkə var. Yəni, biz bu ölkələrlə düşmən olaq? Yox. Bu, ölkələrin suveren hüququnu biz qəbul edirik. Onların suveren işidir. Bəli, haradasa daxili aləmimizdə bundan narahat ola bilərik, bizi incidə bilər, xüsusilə yaxın olan ölkələr Ermənistanla münasibətlərdə xüsusi canfəşanlıq edəndə. Amma biz bunu heç vaxt dilə gətirmirik. Biz hər bir ölkənin suveren hüquqlarına hörmətlə yanaşırıq və tələb edirik ki, bizim su­veren hüquqlarımıza hər kəs hörmətlə yanaşsın, bizim daxili işlərimizə müdaxilə etməsin”.

Bizi narahat edən məqamlar təkcə əsassız ittihamlar deyildi. Həm də İran iş adamlarının ermənilərin yaşadığı ərazilərlə qeyri-qanuni əlaqələrə son qoymasını tələb edirdik. Ancaq hədə, təhdid, şantaj yolu ilə deyil, diplomatik kanallarla İran tərəfinə müvafiq mesaj­lar göndərilmişdi. Sonra nota təqdim olundu, sonda isə, bu vasitələr nəticə vermədiyinə və İran tərəfindən inkar edildiyinə görə, zəruri tədbirlərə əl atılaraq qəti tədbirlər görülmüşdü.

Nəticədə İranın müvafiq orqanla­rının həmkarlar ittifaqlarına, şirkətlərə tövsiyələr verməsi, bu problemə son qoyulacağı barədə öhdəlik götürülməsi Azərbaycanın haqlı tələblərinin icra olunduğunu bir daha nümayiş etdirdi.

Fikrimi daha da əsaslandırmaq üçün Azərbaycan – İran münasibətlərində kimin nə qədər səmimi, kimin isə qeyri-səmimi oldu­ğunu nümayiş etdirən bir faktı yada salmaq istəyirəm. Belə ki, bu il yanva­rın 25-də Azərbaycan Prezidenti İlham Əliyev İran İslam Respublikasının xarici işlər naziri Məhəmməd Cavad Zərifi qəbul edirdi.

Dövlət başçımız qonşu ölkənin baş diplomatına dedi: “İlk növbədə, ikitərəfli əlaqələrimizi, onların səviyyəsini, inkişaf tempini, nailiyyətləri və yeni planları yüksək qiymətləndirdiyimi bildirmək istərdim. Əlbəttə ki, biz işğaldan azad edilmiş ərazilərin yenidən qurulmasında iştirak edəcək şirkətlər arasında İran şirkətlərini görməyə çox şad olarıq. Bu, təbiidir, çünki dediyim kimi, yalnız dost ölkələr bizim tərəfdaşımız olacaq. Sözsüz ki, İran şirkətlərinin bizə yaxın yerləşməsi, logistika və böyük təcrübə kimi üstünlükləri var”. Yəni siyasi fəaliyyətində tam səmimi olan tərəf digər tərəfə sırf dost kimi əl uzatdı.

İndi isə Cavad Zərifin dediklərinə nəzər salaq: “Sizi və Azərbaycan xalqını ərazilərinizi azad etməyiniz münasibətilə təbrik etmək istərdim. Ölkəniz və region baxımından bu qələbə Sizin rəhbərliyiniz və Azərbaycan xalqının mətanəti sayəsində mümkün olmuşdur. Ümid edirik ki, bu, region dövlətləri ara­sında dinc və normal münasibətlərin başlanğıcı olacaqdır. Mən Sizin “3+3” əməkdaşlıq formatı təklifinizə uyğun olaraq, regionun 6 ölkəsini ziyarət edəcəyəm, yəni 5 üstəgəl İran. Sizin sülhlə bağlı təqdim etdiyiniz baxı­şınızın müzakirəsi və onun reallığa çevrilməsini təmin etmək üçün çalışa­cağam, çünki region ölkələrinin bir-biri ilə əməkdaşlıq edə bilməsi hamımızın maraqlarına uyğundur”.

Bəs nəticədə nə oldu? İran sübut etdi ki, qətiyyən sülh istəmir və əksinə, işğalçı, məsciddə donuz saxlayan, bütün məscidləri dağıdaraq daşlarına qədər satan Ermənistanı dirçəltməyə çalışır. Özü də bütün dünyanın gözü qarşısında. Təbii ki, Azərbaycan tərəfi bu boyda haqsızlığa, riya­karlığa, ikiüzlülüyə və müsəlman təəssübkeşliyinin hansısa maraqlara satılmasına dözə bilməzdi və dözmədi.

Rəsmi Bakı təkcə İrana deyil, Ermənistanın bütün havadarlarına başa saldı ki, heç kim onunla diktə və təzyiq dilində danışa, ona öz iradəsini qəbul etdirə bilməz. Hamı gördü ki, İrandan gələn hədələr, sərhədlərimizdə keçirilmiş hərbi təlimlər Azərbaycanı qorxutmadı, ölkəmiz bütün müstəvilərdə hər bir təzyiq və təpki cəhdinə adekvat cavab veriləcəyini öz qəti mövqeyi ilə nüma­yiş etdirdi.

Təbii ki, İran öz hikkələrini yığışdır­maq, geri çəkilmək əlamətləri nümayiş etdirdi. Bu isə Ermənistana böyük zərbə oldu. Yəni İrəvan rəsmiləri üçün­cü tərəflərin dəstəyi ilə Azərbaycanın suveren ərazilərinə müdaxilə etmək imkanından məhrum oldular. Ona görə də əvvəllər Rusiyanı xəyanətdə ittiham edən bəzi erməni siyasətçi və ekspertləri indi də İranı “ağ yuyub, qara sərirlər” ki, guya Tehran İrəvana verdiyi vədlərin arxasından qaçır. Həqiqət isə ondan ibarətdir ki, Teh­ran öz vədlərindən yox, beynəlxalq ictimaiyyətin haqlı qınağından qaçır.

Bütün bunlar Azərbaycan Prezidenti İlham Əliyevin qətiyyətli, cəsarətli, prinsipial, milli maraqla­ra hesablanmış siyasətinin məntiqi nəticəsidir. Prezident İlham Əliyev bir daha sübut etdi ki, Azərbaycanın milli maraqları onun üçün bütün məsələlərdən üstündür və heç bir qüvvə onu geri çəkilməyə məcbur edə bilməz.

İttifaq MİRZƏBƏYLİ,

 “Xalq qəzeti”

24 Oktyabr 2021 00:09 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə