Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Zəngilan Qafqazın logistika mərkəzinə çevriləcək

 

 

Prezident İlham Əliyev oktyabrın 20-də Zəngilan ictimaiyyətinin nümayəndələri ilə görüşündə bu rayona dördüncü dəfədir ki, gəldiyini bildirdi. Ölkə rəhbəri ötən il dekabr ayında burada mövcud vəziyyətlə tanış olduğunu, cari ilin fevralında səfəri zamanı ermənilər tərəfindən bir çox hissəsi dağıdılan Bəsitçay qoruğunda çinar ağacları əkdiyini, apreldə isə hava limanının təməlini qoyduğunu vurğuladı. İndiki-dördüncü səfərində isə dövlətimizin başçısı və birinci xanım Mehriban Əliyeva Zəngilanda rayonun Ağalı kəndində həyata keçirilən “Ağıllı kənd” layihəsi çərçivəsində görülən işlərlə, Zəngilan Beynəlxalq Hava Limanının tikintisi ilə, Dövlət Sərhəd Xidmətinin Zəngilan rayonunda yerləşən hərbi hissə kompleksində yaradılan şəraitlə tanış oldular, “Azərişıq” ASC-nin Zəngilan Rəqəmsal Yarımstansiyasının təməlqoyma mərasimində və “Azərenerji” ASC-nin 110/35/10 kV-luq “Zəngilan” yarımstansiyasının açılışında iştirak etdilər.

Prezident İlham Əliyev rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə dedi: “Zəngilan Beynəlxalq Hava Limanına baş çəkdim, artıq zolağın torpaq işləri hazır­lanır. Bilirsiniz ki, sovet vaxtında Zəngilanda hava limanı yox idi. Amma indi nəinki hava limanı, beynəlxalq hava limanı olacaq və Zəngilan ölkəmizin nəqliyyat-logistika mərkəzinə çevriləcək. Çünki Zəngəzur dəhlizi buradan keçir, dəmir yolu, Horadiz-Ağbənd avtomobil yolu tikilir. Zəngəzur dəhlizinin açılması ilə bağlı son hadisələr onu göstərir ki, istədiyimizə nail oluruq. Birinci mərhələdə Ermənistan tərəfi müqavimət göstərsə də, indi özləri artıq buna razılaşıblar. Burada, əlbəttə ki, yumşaq desək, bizim rolumuz az deyil. Ona görə artıq avtomobil yolunun açılışı məsələsi həll olunur, dəmir yolu məsələsi həll olunur…”.

Zəngilanın yaxın gələcəkdə ölkəmizin nəqliyyat-logistika mərkəzinə çevriləcəyini bu gün təsəvvürümüzdə canlandıranda, Qa­rabğın, eləcə də Şərqi Zəngəzurun hansı bir sürətlə inkişaf edəcəyini, bu ərazilərin gülüsta­na çevriləcəyini aydın görə bilərik.

Burada bir məsələni də xatırlatmaq istərdim. Bu gün Azərbaycanın tərəqqisində, dünya dövlətləri arasında böyük nüfuz qazan­masında respublikamızın bölgədə nəqliyyat-logistika mərkəzi kimi fəaliyyət göstərməsinin önəmli təsiri var. Xatırladım ki, Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşən Azərbaycan hazır­da regionun mühüm nəqliyyat və logistika mərkəzi kimi tanınır. Avropa İttifaqı ölkələri ilə bu sahədə uğurlu əməkdaşlıq həyata keçirilir. Ölkəmizin ərazisindən keçən Şərq-Qərb, Şimal-Cənub və Cənub-Qərb beynəlxalq nəqliyyat dəhlizləri yükdaşımalar üçün məsafə və müddət baxımından olduqca əlverişlidir. Bakı-Tbilisi-Qars dəmir yolu, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Azərbaycanın Xəzər dənizində ən böyük ticarət donanması, müasir gəmiqayırma zavodu, müasir standartlara cavab verən avtomobil yolları həmin nəqliyyat dəhlizlərinin imkanlarını daha da genişləndirir. Bu imkanlar fonunda tranzit yüklərin həcmi də getdikcə əhəmiyyətli dərəcədə artır.

Zəngilan rayonun gələcəkdə nəqliyyat-logistika mərkəzinə çevriləcəyi isə göstərir ki, Azərbaycanda tranzit yolların genişlənməsi davam edir. Bu isə son nəticədə respublika­mızın ticarət dövriyyəsinin daha da artmasına, bütövlükdə Azərbaycanın, o cümlədən regio­nun firavanlaşmasına önəmli təsir göstərəcək.

Vəkil HÜSEYNOV,

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) professoru

24 Oktyabr 2021 00:17 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə