Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Tezliklə Zəngilana “Böyük Qayıdış” başlayacaq

 

 

“1993-cü il oktyabrın 30-da Zəngilan erməni silahlı qüvvələrinin işğalına məruz qalandan sonra rayonun 45 minlik əhalisi məcburi olaraq ölkənin 43 rayonunda müvəqqəti məskunlaşıb. Düşmən zəngin təbii sərvətləri, tarixi və dini memarlıq abidələri olan bu gözəl diyarı başdan-başa tarmar edib. 2020-ci il sentyabrın 27-də Azərbaycan Prezidenti, müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Silahlı Qüvvələrimizin başladığı güclü əks-hücum əməliyyatları nəticəsində, 44 günlük zəfər yürüşü ilə ulu torpaqlarımız, o cümlədən Zəngilan düşmən tapdağından azad olunub. Bu gün orada genişmiqyaslı bərpa-quruculuq işlərinin aparıldığını görmək son dərəcə xoşdur”.

Bu sözləri dövlət başçısının Zəngilanın işğaldan azad olunmasının birinci ildönümü ilə əlaqədar həmin rayona səfəri zamanı ictimaiyyət nümayəndələri ilə keçirilən görü­şünün iştirakçısı olmuş Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü Elvin Əlizadə deyib. Səfər təəssüratlarını bizimlə bölüşən gənc şair bir neçə ay əvvəl də eyni missiya ilə Zəngilanda olduğunu bildirərək vurğulayıb ki, cənab İlham Əliyevin Mehriban xanımla birlikdə azad Qarabağın rayonlarına, o cümlədən Zəngilana vaxtaşırı səfərlər etməsi, açılış və təməlqoyma mərasimlərində iştirakı, yeni tapşırıqlar verməsi, həmçinin əhali ilə səmimi görüşlər keçirməsi hər kəsin ürəyincədir. Müsahibimiz daha sonra dedi:

– Mən əslən “Ağıllı kənd” layihəsinin reallaş­dırıldığı Ağalı kəndindənəm. Zəngilan zəfərinin ildönümü günündə möhtərəm Prezidentimiz rayonumuzun perspektivi ilə bağlı bizə şad xəbərlər verdi. Bəyan etdi ki, bu ilin sonu-gələn ilin əvvəlində Ağalı kəndinə böyük qayıdış baş tutacaq. Kəndimizdə bütün işlər özünün son mərhələsinə çatıb.

Zəngilana səfər zamanı “Ağıllı kənd”də görülən işlərlə, Zəngilan Beynəlxalq Hava Limanının tikintisi ilə, Dövlət Sərhəd Xidmətinin yeni hərbi hissə kompleksində yaradılan şəraitlə tanış olan dövlət başçısı “Azərişıq” ASC-nin Zəngilan Rəqəmsal Yarımstansiyasının təməlini qoyub və çox güclü “Zəngilan” yarımstansiyası­nın açılışını edib. Prezidentin rayon ictimaiyyəti ilə görüşü də qəlbimizdə dərin izlər buraxıb. Görüşdə bildirilib ki, Silahlı Qüvvələrimizin Zəngilanı azad etməsi bir çox cəhətdən mühüm əhəmiyyət daşıyır. Ən əsası, bu, İranla dövlət sərhədlərimizin tam bərpasını reallaşdırmağa və ərazi bütövlüyümüzü təmin edən yürü­şü üzüyuxarı davam etdirməyə imkan verib. Zəngəzura gedən yolda ilk addım olan Zəngilan zəfəri igid oğullarımızın canı və qanı ilə qaza­nılıb. Bizim bu gün o yerlərə sahiblənməyimiz tükənməz qürur hissi yaradır.

Prezidentin Bəsitçay Dövlət Qoruğunun yenidən fəaliyyəti barədə imzaladığı fərman bizi çox sevindirir. Ərazilərin bərpası keçmiş məcburi köçkünlərə qayğıdırsa, bu da ana təbiətə olan diqqətin bariz nümunəsidir. Cənab İlham Əliyev rayon ictimaiyyəti ilə tanış olduq­dan sonra rayonun müəyyən yerlərinə birgə gəzintiyə çıxdıq. Sökülmüş evlərin sahibləri də bizimlə bərabər idilər. Erməni vandalizminin nəticələri insanları çox sarsıtmışdı. Təsəllimiz odur ki, tezliklə torpağın, yurdun bütün yaraları sağalacaq. Möhtərəm Prezidentimiz, müzəffər Ali Baş Komandanımız və xanımı orada bizimlə xatirə şəkilləri çəkdirdilər.

Elvin Əlizadə daha sonra Qarabağın azad­lığının şair və yazıçıların yaradıcılığına böyük təsiri barədə danışdı: “Parlaq zəfərimiz məğlub ölkənin yazarı adını bizim üstümüzdən götürdü. Daha bədbin ruhlu şeirlər deyil, nikbin və işıqlı bədii nümunələr yaradacağıq, zəfər dastanı yazacağıq. Bu, ümidin inam, inamın qətiyyət, qətiyyətinsə Qələbə ovqatına çevrilməsidir. Bütün bunlar, şübhəsiz, ədəbiyyatda da özünün layiqli əksini tapacaq”.

Əli NƏCƏFXANLI,

“Xalq qəzeti”

24 Oktyabr 2021 00:05 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə