Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Vətən sevdalı qırx dörd gün

Azərbaycan xalqı Vətən müharibəsinin başlama­sının ilk ildönümünü yaşayır. Qarabağ uğrunda 44 gün davam edən haqq savaşımız Azərbaycanın qeyd-şərtsiz qələbəsi ilə başa çatdı. Bu qələbənin arxasında isə bir neçə faktor durur. Əvvəla, Azərbaycan maliyyə və insan resursları baxımından Ermənistan üzərində çox əhəmiyyətli bir üstünlüyə malik idi. Belə ki, erməni rəsmi şəxslərinə istinadən desək, illər ərzində ermənilər eyforiyaya qapılaraq məğlubedilməz erməni ordusu xülyalarına özlərini inandırıblar və işləri-gücləri dövlət büdcəsini talamaq olub. Bu, məsələnin bir tərəfidir. Digər səbəb torpaq sevdası, Vətən qübarı­dır. Ermənidə bu, yox idi, axı olsaydı, illər ərzində daş üstünə bir daş qoyardılar.

İnsan Vətənini, özünə aid olanı nə yıxar, nə də dağıdar. Əksinə, sevər, bəsləyər, əzizləyər... Axı torpaq Tanrının insana bəxş etdiyi nemətlərdən biridir. 44 gündə Azərbaycan xalqı sübut etdi ki, insan üçün ən ali nemət torpaq­dır. Üzərində gəzmək sevdası ilə yanıb-tutuşduğun torpaq üçün gözünü qırpmadan şirin candan da keçirsən. Azərbaycan qadını illər ərzində oğlunu belə böyütdü.

Bəli, sevda dedik. Söhbət Vətən və torpaq sevdasın­dan gedir. Erməninin olmayan Vətənindən, ermənidə olmayan sevdadan… Əgər bir qarış torpaq belə ermənin olsa idi, olmayan soyqırımını illər ərzində əllərində bayraq etdikləri kimi, o torpaq­ları da səhralığa çevirməzdilər. Ola bilər ki, ermənilər maliyyə və insan resursları baxımından qat-qat aşağı idilər, lakin, görü­nür, bunlar hələ də Azərbaycan Qələbəsinin əsas amilləri deyildi. Ermənistanda fərarilik baş alıb gedirdi, amma bizim mərd oğulları­mız cəbhə bölgəsinə yola düşmək üçün növbələrə düzülmüşdülər... Azərbaycan gəncləri o qədər böyük Vətən sevdası ilə döyüş meydanına yollanırdılar ki, heç ehtiyac da olmadı ki, ölkədə tam səfərbərlik elan edilsin. Ən önəmli məsələ azərbaycanlıların mənəvi cəhətdən torpaq sevdasıdırsa, konkret olaraq, ölkəmizdə vahid dövlət idarəçiliyi strukturunun olması idi. Bunun da tək bir səbəbi var. Ermənistan illər ərzində məlum ağalarının, məchul ata-analarının, kiçik qardaş olaraq böyük, amma onlardan daha həyasız bacılarının ağzından nə cür avazın çıxmasını gözləyib, havadarlarının nəfəsi bir balaca üzərlərində kənarlaşanda ağlı başında bir dövlət adamı ortaya çıxmadı.. Azərbaycan xalqı isə tariximizin ən parlaq şəxsiyyəti olan ümummilli lider Heydər Əliyevi və onun siyasi xəttini mükəmməl şəkildə reallaşdıran Prezident, Ali Baş Komandan İlham Əliyevi yetişdirdi.

Məhz ulu öndər Heydər Əliyev tərəfindən qurulan vahid dövlət idarəçiliyi sistemi 18 il ərzində Prezident İlham Əliyev tərəfindən daha da təkmilləşdirildi. Heç şübhəsiz, vahid dövlət idarəçiliyi dediyimiz zaman bunun bünövrəsində duran xalq dəstəyidir. Hər bir dövlət adamı dövlətinə illərlə xidmət edə bilər, lakin xalqına həlledici və taleyük­lü zamanda lazım olmaq, bunun müqabilində sinəsini, sözün həqiqi və məcazi mənasında, güllə önünə, təhdid və təzyiq hədəfinə açmaq üçün də təkcə sonradan əldə olunan savad və dərin bilik deyil, təbiətin və Yaradanın sənə bəxş etdiyi şəxsi keyfiyyətlər də olmalıdır.

Möhtərəm Prezidentimiz bütün bu keyfiyyətlərə malik dövlət idarəçisidir. Məhz bu səbəbdən də xalq onu illər ərzində sorğu-sualsız, qeyd-şərtsiz dəstəklədi... Mürəkkəb coğrafi şəraitdə –yəni, kəsişən siyasi maraqların tən ortasında yerləşən Azərbaycan kimi bir dövləti idarə etmək, 44 gün ərzində “Mən xalqımdan heç nəyi gizlətmirəm, bizə qarşı böyük təzyiqlər var”– deyərək ölkə başçımızın özünün də xalqa hər müraciətində çatdırdığı kimi. O, təzyiqlərə sinə gərdi. Bu duruş mərd duruş idi. Yalanın, haqsızlı­ğın, ədalətsizliyin gözünün içinə dik baxmaq, doğrunun, haqqın yanında məğrur dayanmaq kimi. Bəli, Prezident, Ali Baş Komandan İlham Əliyev bir tərəfdən xalqının ümidlərini doğruldur, digər tərəfdən elə özünün də ifadə etdiyi kimi, hər bir sadə vətəndaşın ürəyində arzuları var idi. Məhz oğul kimi ata vəsiyyətini yerinə yetirmək. Bu gün biz məhz bu faktorlara görə fəxr və qürurla deyirik ki, indi ümummilli lider Heydər Əliyevin də, bütün şəhidlərimizin də ruhu şaddır.

Hələ SSRİ dövründə müxtəlif səviyyələrdə və fərqli yollarla Azərbaycanı siyasi səhnədən sıxışdırıb çıxarmağa, xalqımızı əzməyə cəhdlər göstərilsə də, ümummilli lider Heydər Əliyev heç zaman bu ədalətsizliklə barışma­dı... 1993-cüildə xalqın təkidli çağırışları ilə yenidən hakimiyyətə gəldiyi zaman real mənzərəni aydın görən dahi şəxsiyyət, ilk olaraq, iqtisadiyyatımızı qaldır­mağa istiqamətlənmiş “Əsrin müqaviləsi”ni reallaşdırdı. Elə bu notlar üzərində qurulan siyasi xətti əsas götürən cənab Prezident İlham Əliyev hər şeydən öncə, iqtisadi baxımdan güclü olma­ğın əhəmiyyətini vurğulayırdı. Azərbaycan tam döyüş qabiliyyətli bir ordu yaratdı. Bu baxımdan da qəhrəman əsgər və zabitlərimiz Vətən müharibəsi zamanı hərbi əməliyyatlar aparmaq motivləri baxımından heç bir halda erməni əsgərlərinə nəfəs almağa belə aman vermədilər.

Azərbaycan xalqı da 44 günlük Vətən savaşında yenidən Günəş kimi parladı. Qanı torpağa qarışan hər bir mərd oğlumuzun dünyaya gələn yeni körpəsinin səsi, nəfəsi bu Vətən torpağına qarışdıqca, bu torpaqlar üstündə qürurla gəzməyimiz üçün stimul verdi… Məhz o şəhidlərin sayəsində biz artıq bundan sonra torpaqlarımızın işğal tarixini yox, azad olunma­sını qeyd edəcəyik. Bu tarixlərin hər biri qalib Azərbaycan xalqı­nın tarixində, indiki və gələcək nəsillərin yaddaşında əbədi qalacaq.

Müzəffər Ali Baş Komandan İlham Əliyevin də haqlı olaraq bö­yük bir qürurla qeyd etdiyi kimi, Şu­şanın işğaldan azad edilməsi böyük qəhrəmanlıq, peşəkarlıq, milli ruh tələb edirdi. Azərbaycan hərbçiləri bütün bu ülvi xüsusiyyətləri nü­mayiş etdirdi. Bütün çətinliklərə baxmayaraq, “alınmaz qala” hesab edilən Şuşa alındı. Qəhrəman Azərbaycan övladları mükəmməl hərbi əməliyyat keçirərək cəsarət, rəşadət, qəhrəmanlıq, güc, milli ruh nümayiş etdirdilər. Qəhrəman hərbçilərimiz Vətən sevgisi ilə Şuşanı işğalçılardan azad etdilər və uzun fasilədən sonra noyabrın 8-də Şuşada Azərbaycan bayrağı­nı qaldırdılar. O gənclər ki, hər bir şəhərin, kəndin, bir qarış torpağın alınmasını özü üçün dünya boyda xoşbəxtlik sayırdı…

Vaxtilə Bakıda möhtəşəm Dövlət Bayrağı Meydanının açılı­şındakı çıxışında Prezident İlham Əliyev demişdir: “Gün gələcək və Azərbaycan bayrağı işğal edilmiş torpaqlarda, o cümlədən Şuşada qaldırılacaqdır”. Sözünün imzası qədər dəyərli olan Prezident İlham Əliyev bu vədinə də əməl edərək öz xalqının ümidlərin doğrultdu, qürurlu və məğrur Azərbaycan xalqının sevgisini əbədi olaraq qazandı. İndi bütün dünya bizi qürurlu, məğrur, məğlubedilməz xalq kimi tanıyır. Döyüş meydanın­da Ali Baş Komandan, diplomatiya masasında mahir və məharətli diplomat olan İlham Əliyevin timsa­lında bu sübut olundu. Ümumilikdə isə Azərbaycanın timsalında bunu dünya birliyi gördü.

Gənclərimizin məhz vətənpərvərlik ruhunda tərbiyə alması, düşmənə nifrət hissi bizi Qələbəyə apardı və Azərbaycan ta­rixi ədaləti bərpa etdi. Qələbəmizin rəmzi təsadüfən “dəmir yumruq” seçilməyib. Gənc nəsil, yaşlı, təcrübəli insanlar, xalqımız, bütün etnik qrupların nümayəndələri, bütün dinlərin nümayəndələri bir yumruq kimi birləşdilər. Bu yum­ruq, həm gücdür, həm də birlik. Bu birlik, güc bundan sonra daha da güclü olacaq. Birliyi olan, iradəli, heç nəyə baxmayan, heç kimdən çəkinməyən, milli maraqları müdafiə edən liderə malik olan ölkələr qələbə qazanırlar.

Bu gün Azərbaycan qalib xalq olaraq yenə Ermənistana sülh təklif edir. Məğlub ölkənin ayrı seçimi, yenidən müharibə etməyə də taqəti qalmayıb. Ermənistan gec-tez düz yolu tutmağa məcbur olacaq. Azərbaycanın beynəlxalq hüquq normalarına istinad­la özünümüdafiə hüququndan istifadə edərək Qarabağı işğaldan azad etməsi nəticəsində yaranan yeni geosiyasi reallıqla hər kəs barışmalıdır. Bölgədəki erməni təəssübkeşliyi çəkən məqsədli qruplaşmalar əllərində kifayət qədər təzyiq vasitəsi olduğu halda, ermənin başını tumarlamaq adətlərindən əl çəkməlidirlər.

Şəbnəm HƏSƏNOVA,

politoloq

24 Oktyabr 2021 00:03 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə