Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Xarici siyasətin möhtəşəm təntənəsi

Azərbaycan on il bundan əvvəl BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilmişdir

Bildiyimiz kimi, 1992-ci ildə BMT Baş Məclisinin 46-cı sessiyasında Azərbaycanın bu mötəbər quruma üzv qəbul olunması haqqında qətnamə qəbul edilmiş və Nyu-Yorkda – BMT-nin iqamətgahı qarşısında təşkilatın üzvünün – Azərbaycanın Dövlət bayrağı qaldırılmışdır. Ötən dövrdə qurumla əməkdaşlıq Azərbaycanın dünya birliyinə sıx inteqrasiyasını və ölkəmizin beynəlxalq mövqeyini möhkəmləndirməklə yanaşı, həm də Ermənistanın təcavüzkar siyasətini ifşa etməyə geniş imkan yaratmışdır. On il əvvəl – 2011-ci il oktyabrın 24-də, müstəqilliyinin 20-ci ilində Azərbaycan Respublikası ilk dəfə BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilmişdir.

Siyasətlə az-çox maraqlananlar yaxşı xatırlayırlar ki, həmin səsvermə gərgin keçmiş və 17 raunddan ibarət olmuşdur. Nəhayət, rəqibləri Ma­carıstan və Sloveniyanı üstələyən ölkəmiz 155 səs toplayaraq, növbəti iki il ərzində Təhlükəsizlik Şurasında qeyri-daimi üzvlük hüququ qazanmış­dır. Özü də digər namizədlərdən fərqli olaraq, Azərbaycan BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə öz namizədliyini ilk dəfə irəli sürmüşdü. Azərbaycanın bu mötəbər quruma üzvlüyü 2012-ci ilin yanvar ayından başlanmışdır.

Yenicə dövlət müstəqilliyini bərpa etmiş ölkəmizin dünyada get-gedə artan nüfuzu sayəsində Azərbaycanın səsinin ən mötəbər beynəlxalq tribunalardan gəlməsi, dövlət bayrağımızın ən ali qurumların ünvanı olan möhtəşəm sa­rayların qarşısında dalğalanması xarici siyasətimizin böyük uğuru sayılır. Təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş dövlət idarəetmə sistemi yeni əsrin əvvəllərindən Prezident İlham Əliyevin doğru-dürüst diplomatiyası sayəsində özünün ən təkmil səviyyəsinə çatmış, Azərbaycan regionda reallıq­ları diktə edən dövlət olmuşdur. Elə bu uğurların nəticəsidir ki, ölkəmiz 30 ilə qədər müddətdə ədalətli həllini tapa bilməyən Qarabağ münaqişəsini öz gücünə həll edə bilmiş və bununla da BMT Təhlükəsizlik Şurasının havadan asılı qalmış dörd qətnaməsinin icrasına nail olmuşdur. Döyüş meydanlarında göstərdiyi qəhrəmanlıqla əzəli torpaqları­mızı işğaldan azad edən rəşadətli Silahlı Qüvvələrimiz “DQR” adlı qondarma qurum yaratmış erməni separatizmini məhv edə, “böyük Ermənistan” xülyasını biryolluq heçə çıxara bilmişdir. Özü də dövlət başçımız bu zaman elə məharətli siyasi-diplomatik gedişlər etmiş, dünya ictimaiyyətinin ermənilərin guya haq­lı olmasına dair yanlış təsəvvürlərini əsaslı şəkildə elə dəyişdirmişdir ki, Azərbaycanın haqq savaşına qarşı heç bir hegemon dövlət, heç bir beynəlxalq təşkilat etiraz edə bilməmişdir.

Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası daimi fəaliyyət göstərən ali orqandır. BMT-nin Nizamnaməsinə görə, beynəlxalq sülhün və təhlükəsizliyin qorunmasında əsas məsuliyyət daşıyır. Şuranın 15 üzvü var: bunlar 5 daimi (Çin, Fransa, Rusiya, Bö­yük Britaniya və ABŞ) və 2 il müddətinə seçilən 10 qeyri-daimi üzvdür. Şuranın hər bir üzvü bir səsə malikdir. Prosedur məsələlərinə dair qərarlar Şuranın 9 üzvü səs verdikdə qəbul olunmuş sayılır. Azərbaycanın orada təmsil olunması həm dünya düzənində söz sahibi olma­ğımız, beynəlxalq idarəetmədə yaxından iştirakımız, həm də özümüzün ən önəmli problemimiz olan Qarabağ münaqişəsi barədə əsl həqiqətlərin dünyaya çatdırıl­ması baxımından çox faydalı olmuşdur. Azərbaycan bu təşkilatda sadiq olduğu ideallara, sülhə, təhlükəsizliyə, de­mokratiyaya, ədalətə xidmət nümunəsi göstərmişdir.

Prezident İlham Əliyev müstəqil Azərbaycanın BMT Təhlükəsizlik Şurasına üzv seçilməsi münasibətilə yaydığı bəyanatda bütün bu amilləri hərtərəfli nəzərə çatdırmışdır: “Dün­yada dostlarımız kifayət qədər çoxdur. Əgər əvvəlki dövrlərdə belə bəyanatlar konkret nəticələrlə təsdiqlənmirdisə, bu səsvermə verilən bütün bu bəyanatların əyani sübutudur. Dünya miqyasında 155 ölkə Azərbaycana inanır, Azərbaycana hörmət edir, Azərbaycana rəğbətlə yanaşır və Azərbaycanı dəstəkləyir. Bu qələbə Azərbaycan xalqının qələbəsidir. Bu qələbə Azərbaycan dövlətinin qələbəsidir, siyasətimizin təntənəsidir. Bu böyük qələbə münasibətilə mən öz sevincimi Azərbaycan vətəndaşları ilə bölüşmək istəyirəm. Bir daha bü­tün Azərbaycan xalqını əmin etmək istəyirəm ki, bundan sonra da ölkəmiz uğurla inkişaf edəcək, bundan sonra da qələbələrimizin sayı çox olacaqdır”.

Azərbaycan bu mötəbər beynəlxalq qurumda layiqli iştirakı ilə bir daha özünü etibarlı tərəfdaş, dost ölkə kimi təsdiq etmişdir ki, bu da dövlətimizin siyasətinin təntənəsi sayılmalıdır. 2012-ci il mayın 4-də Nyu-Yorkda Azərbaycanın BMT-yə üzv qəbul olunmasının 20-ci ildönü­mü münasibətilə cənab İlham Əliyevin adından rəsmi qəbul təşkil edilmişdir. Ölkəmizin BMT TŞ-yə sədrliyə başla­masının ardınca baş tutan bu mərasim bir daha Azərbaycanın dünya birliyində tutduğu mövqeyin möhkəm təməllər üzərində qurulduğunu göstərmiş, həmçinin bütün beynəlxalq təşkilatlarla, o cümlədən BMT ilə səmərəli əməkdaşlıq edən ölkəmizin beynəlxalq aləmdə qazandığı etimadın və dəstəyin nümayişinə çevrilmişdir. Cənab İlham Əliyev mərasimdə parlaq çıxış etmiş və çoxmillətli, çoxkonfessiyalı ölkə olan Azərbaycanda köklü islahatlar keçirildi­yini, burada bütün dinlərin və xalqların uğurla qovuşduğunu, bütün ölkələrlə tərəfdaşlıq ruhunun güclənməsi əzminin konkret addımlarda ifadə olunduğunu vurğulamışdır. Azərbaycan Prezidenti, eyni zamanda, Ermənistanın ölkəmizə təcavüzünü diqqətə çatdırmış, işğal­çıların ərazilərimizdən qeyd-şərtsiz və dərhal çıxarılması barədə BMT TŞ-in 4 qətnaməsinin kağız üzərində qaldığına təəssüf etdiyini bildirmişdir.

Azərbaycan BMT Təhlükəsizlik Şu­rasının iclasında qeyri-daimi üzv kimi ilk dəfə 4 yanvar 2012-ci ildən iştirak etmiş, mayın 1-dən etibarən isə BMT TŞ-yə sədrlik etmişdir. Azərbaycan sədrlik estafetini ABŞ-dan almış və bir ay sonra — iyunun 1-də isə sədrliyi Çinə ötür­müşdür. Azərbaycanın sədrliyi dövründə BMT Təhlükəsizlik Şurası 13 açıq, 16 qapalı iclas keçirmişdir. Bu müddət ərzində BMT TŞ-nin 2-si Sudandakı vəziyyətə, 1-i isə Qvineya-Bisaudakı hərbi çevrilişə dair olmaqla 3 qətnaməsi, habelə mətbuat üçün 7 bəyanatı qəbul edilmişdir.

Xatırladaq ki, ölkələr BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə müəyyən iri regional qruplar arasında kvota ilə seçilir. Bu statusu əldə etmək istəyən ölkənin beynəlxalq münasibətlər sistemində həmin qrupun daxilində kifayət qədər böyük nüfuza malik olması mühüm amildir. Bu mənada Azərbaycanın Təhlükəsizlik Şurasında təmsil olunması ölkəmizin beynəlxalq statusunu artırmaqla yanaşı, diplomatik sahədə də ona yeni imkanlar yaratmış­dır. Bu ali şuranın üzvü kimi, Azərbaycan müstəqillik tarixində ilk dəfə beynəlxalq gündəlikdə duran ən aktual məsələlər üzrə müxtəlif səviyyələrdə müzakirələrin və qərarların qəbul edilməsinin bilavasitə iştirakçısı olmuş və şurada üzvlüyün ya­ratdığı imkanlardan tam istifadə edərək, bir sıra vacib mövzularda öz prinsipial mövqeyini ortaya qoymuşdur.

Azərbaycan Təhlükəsizlik Şurasın­da iki dəfə – 2012-ci ilin may ayında və 2013-cü ilin oktyabr ayında sədrlik vəzifəsini həyata keçirmiş və bir sıra əhəmiyyətli mövzular üzrə müzakirələr və yüksək səviyyəli tədbirlər təşkil etmişdir. Prezident İlham Əliyevin ilk sədrlik iclasında BMT-nin keçmiş Baş katibi Pan Ki-Munun iştirakı ilə "Terror aktlarının beynəlxalq sülh və təhlükəsizliyə törətdiyi təhdidlər: Ter­rorçuluqla mübarizə üzrə öhdəliklərin yerinə yetirilməsində beynəlxalq əməkdaşlığın gücləndirilməsi" mövzu­sunda Təhlükəsizlik Şurasının yüksək səviyyəli iclası keçirilmiş və yekun sənəd kimi Təhlükəsizlik Şurası sədrinin bəyanatı qəbul olunmuşdu. Bəyanatda terrorçuluğun bütün forma və təzahürləri pislənilmiş və terrorçuluğa qarşı bütün vasitələrlə mübarizənin vacibliyi bildiril­mişdi.

Bundan əlavə, dövlətlərin ərazi bü­tövlüyü və ya siyasi müstəqilliyinə qarşı güc tətbiq etməmək prinsipi vurğulan­mış, habelə terrorçuluğun qarşısının alınması və onunla mübarizədə dinlər və mədəniyyətlər arasında hörmət və dialoqun təşviq olunması, beynəlxalq əməkdaşlığın genişləndirilməsinin əhəmiyyəti qeyd edilmişdir. Hesabatda daha sonra vurğulanırdı ki, iki il ərzində Azərbaycan BMT üzvü olan dövlətləri, BMT Katibliyi və qeyri-hökumət təşkilatları və araşdırma mərkəzləri ilə sıx əməkdaşlıq münasibətlərini daha da inkişaf etdirmiş, üzvlüyü müddətində ölkəmizin yüksək fəaliyyəti, eləcə də, hər zaman ədalət və beynəlxalq hüquqa əsaslanan prinsipial mövqedən çıxış etməsi onlar tərəfindən dəfələrlə təqdir edilmişdi.

Siyasi şərhçilərin sözlərinə görə, Təhlükəsizlik Şurasında fəaliyyəti və qazanılmış təcrübə Azərbaycanın beynəlxalq mövqelərinin gücləndirilməsi və milli maraqlarının təmin olunmasına xidmət etmişdir. Belə ki, Təhlükəsizlik Şurasında üzvlüyü dövründə dövlətimiz milli maraqlarının qlobal səviyyədə irəli aparılması istiqamətində fəal səylər göstərmiş, Ermənistanın Azərbaycana qarşı təcavüzünün müxtəlif aspektləri TŞ-nin müvafiq iclaslarında ardıcıl şəkildə diqqətə çatdırılmışdır. Bununla yanaşı, dövlətlərin suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmaz­lığı prinsiplərinə hörmət, həmçinin münaqişələr zamanı müharibə və insanlığa qarşı cinayətlər törətmiş şəxslərin məsuliyyətə cəlb edilməsinin vacibliyi ardıcıl olaraq qaldırılmış və müvafiq müddəalar Şuranın qəbul etdiyi sənədlərdə əksini tapmışdır.

Azərbaycanın uğurlarının miqya­sını göstərən daha bir vacib amil isə budur ki, SSRİ-nin süqutundan sonra müstəqillik qazanmış 15 respublikadan yalnız Ukrayna 2000-ci ildə BMT TŞ-yə qeyri-daimi üzv ola bilmişdi. TŞ-də SSRİ-nin varisi qismində daimi üzv olan Rusiya istisnadır. Hətta Türkiyə də BMT TŞ-nin qeyri-daimi üzvü olmaq üçün 50 il gözləmiş və buna yalnız 2009-cu ildə nail olmuşdu. O dövrdə Türkiyənin Baş naziri olmuş Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyev ilə görüşdə demişdi ki, Azərbaycanın bu uğuru ilə əlaqədar sevinci hədsizdir: “Azərbaycanla Türkiyə ayrılmaz qardaş və dost ölkələrdir. Biz Azərbaycanla əl-ələ, çiyin-çiynə regio­numuzda sülh və çiçəklənmə uğrunda çalışacağıq". Rusiya XİN rəsmiləri, ABŞ Dövlət Departamentinin nümayəndələri və digər dövlətlərin təmsilçiləri də Azərbaycanın TŞ-ə üzvlüyünü müsbət qiymətləndirmişlər.

... Bu yaxınlarda Prezident İlham Əliyev Qoşulmama Hərəkatının 60 illiyinə həsr edilmiş yüksək səviyyəli toplantının rəsmi açılış hissəsinə sədrlik edərək videoformatda proqram xa­rakterli çıxış etmişdir. Bildiyimiz kimi, Azərbaycan 2019-2022-ci illər üçün BMT Baş Assambleyasından sonra üzvlərinin sayına görə dünyada ikinci yerdə dayanan bu nəhəng beynəlxalq təşkilatın sədri seçilmişdir. 2019-cu il 25-26 oktyabr tarixində QH dövlət və hökumət başçılarının Bakı şəhərində keçirilən Zirvə toplantısında Azərbaycan quruma sədrliyi öz üzərinə götürmüş və fəaliyyətini tarixi Banduq prinsipləri əsasında həyata keçirəcəyini bir daha bəyan etmişdir. Ölkəmizin missiyasını layiqincə yerinə yetirdiyinin nəticəsidir ki, qurumda sədrliyimiz daha bir il müddətinə – 2023-cü ilin sonunadək uzadılmışdır.

Bəli, Azərbaycan diplomatiyasının beynəlxalq arenada möhtəşəm uğuru olan TŞ üzvlüyü dünyada mövqelərimizin daha da möhkəmlənməsində müstəsna rol oynayır. Xarici siyasətimiz hazır­da daha böyük uğurla davam etdiri­lir və Azərbaycanın regional, qlobal müstəvilərdə maraqlarının yüksək səviyyədə qorunmasını təmin edir.

Bir danılmaz həqiqət də budur ki, bu gün Prezident, müzəffər Ali Baş Koman­dan İlham Əliyev ölkəmizin ərazi bütöv­lüyünü və tarixi ədaləti bərpa etməlkə, beynəlxalq aləmdə haqq və ədalətin çarçısı olaraq qlobal lider statusuna yüksəlmişdir. Azərbaycan rəhbərinin ən qatı əleyhdarları belə bu həqiqəti etiraf edirlər.

Əli NƏCƏFXANLI,

“Xalq qəzeti”

24 Oktyabr 2021 00:58 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə