Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

İstanbulda Türkiyə-Azərbaycan Ortaq Media Platformasının ilk iclası keçirilib

 

 

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) mediaforumu çərçivəsində Türkiyə-Azərbaycan Ortaq Media Platformasının ilk iclası keçirilib.

 "Xalq qəzeti" xəbər verir ki, Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev və Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fahrettin Altunun rəhbərliyi ilə keçirilən görüşdə iki qardaş ölkənin media və kommunikasiya sahələri üzrə rəsmi şəxslərlərindən ibarət nümayəndə heyətləri iştirak ediblər.

"Bir millət, iki dövlət" şüarı ilə keçirilən iclasda iki qardaş ölkənin kommunikasiya sahəsində əlaqələrinin yaxşılaşdırılması məqsədilə ənənəvi və rəqəmsal media, strateji kommuni­kasiya, eləcə də ictimai diplomatiya sahələrində əməkdaşlıq və koordinasi­yanın gücləndirilməsi, dezinformasiyaya qarşı birgə mübarizə kimi məsələlər müzakirə olunub. Türkiyə-Azərbaycan Ortaq Media Platformasının struktu­ru ilə bağlı məsələlərin də müzakirə edildiyi tədbirdə “ictimai diplomatiya”, “beynəlxalq media”, “strateji kom­munikasiya”, “təhsil”, “qanunvericilik və tənzimləmə”, "rəqəmsallaşma və beynəlmiləlləşmə" komitələrinin yaradıl­ması ilə bağlı qərar qəbul edilib.

İclasda çıxış edən Fahrettin Altun bildirib ki, 2020-ci il dekabrın 10-da prezidentlər Rəcəb Tayyib Ərdoğan və İlham Əliyevin iştirakı ilə imzalanan "Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında media sahəsində strateji əməkdaşlıq haqqında Anlaş­ma Memorandumu" ilə rəsmiləşdirilən Ortaq Media Platforması iki ölkə arasında son illər daha da inkişaf edən əlaqələrin media və rabitə sahələrində də tətbiqində çox dəyərli bir addım oldu.

F.Altun qeyd edib ki, Qarabağın işğaldan azad edilməsi zamanı kom­munikasiya və media sahələrində də sıx əməkdaşlıq əhəmiyyətli rol oynadı. Media, kommunikasiya, xalq diplo­matiyası, həmçinin dezinformasiya ilə mübarizə istiqamətləri Türkiyə-Azərbaycan əməkdaşlığında önəmli yer tutur. Ortaq Media Platforması Türkiyə və Azərbaycan mediasının qarşılıqlı əlaqəli şəkildə fəaliyyət göstərməsi, iki ölkə ictimaiyyətinin effektiv şəkildə məlumatlandırılması, qarayaxma kampaniyaları ilə mübarizədə ortaq strategiyaların hazırlanması baxımın­dan böyük bir addımdır.

Azərbaycanın Vətən müharibəsi zamanı iki qardaş ölkə arasında kommunikasiya sahəsində formalaşan əməkdaşlıqdan bəhs edən Hikmət Hacıyev bu əlaqələrin Birgə Media Platforması vasitəsilə rəsmiləşdirildiyini diqqətə çatdırıb. Media və komuni­kasiya sahələrində nümayiş etdirilən həmrəyliyin qısa zaman ərzində uğurlu nəticələr verdiyini söyləyən Prezidentin köməkçisi deyib: “Bu gün liderlərimizin səyləri nəticəsində ən yüksək səviyyəyə çatan Azərbaycan-Türkiyə münasibətlərini qorumaq, daha da inki­şaf etdirmək və gələcək nəsillərin yüz illər sonra da davam etdirməsini təmin etmək bizim tarixi borcumuzdur".

Hikmət Hacıyev sosial və beynəlxalq media platformalarında Azərbaycana qarşı aparılan dezinfor­masiyaya qarşı mübarizədə Türkiyənin təcrübəsindən istifadə ediləcəyini də vurğulayıb.

23 Oktyabr 2021 22:54 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə