Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Qarabağın bərpası xalqımızın və dövlətimizin qüdrətini göstərir

 

 Vətən müharibəsindəki parlaq qələbəmizdən sonra Azərbaycanın işğaldan azad edilən ərazilərində erməni vəhşilərinin törətdikləri vandal əməllər bu gün adamı dəhşətə gətirir, erməni faşizminin, vəhşiliyinin miqyası işğalçının dağıtmaq, talan etmək xislətini aydın göstərir. Ermənilərin guya qədim tarixə, zəngin mədəniyyətə malik olmaları haqqında miflərinin əsassızlığı da bu vandallıqlardan əyani şəkildə nəzərə çarpır. Onların “mədəniyyəti”, mədəni irsə barbar münasibəti yerlə-yeksan edilən yaşayış evlərinin, dağıdılan məzarların, məscidlərin fonunda açıq-aşkar görünür.

Bəli, uzun illər davam edən işğal zamanı Ermənistanın təcavüzkar siyasəti nəticəsində şəhər və kəndlərimiz tamamilə dağıdılıb, Azərbaycan xalqına məxsus daşınmaz tarix və mədəniyyət abidələri yerlə bir edilib, mənimsənilib, tarixi-mədəni təyinatına uyğun olmayan şəkildə istifadə olunaraq vandalizmə məruz qalıb. Erməni silahlı qüvvələri tərəfindən ən çox dağıdılan daşınmaz mədəni irs nümunələri İslam dini abidələri – məscidlər, türbələr və digər inanc yerləri olub. Düşmən məscidlərin içərisində ev heyvanları saxla­maqla azərbaycanlılara qarşı öz nifrətlərini ortaya qoyub.

Bütün bunları nəzərdə tutan dövlətimizin başçısı çıxışlarının birində deyib: “Bunu hansısa başqa planetdən gələn yadplanetli yox, erməni edib. Özü də Birinci Qarabağ müharibəsi dövründə yox, müharibədən sonra, məqsədyönlü şəkildə, barbar kimi, vəhşi kimi, vandal kimi, bir-bir evlərin kərpiclərini, daşları­nı söküb aparıb özləri üçün daxmalar tikiblər”.

Ermənilərin yaşayış məntəqələrimizə, maddi-mədəni abidələrimizə düşmən münasibəti, insanlıqla bir araya sığmayan vəhşi əməlləri Qarabağ və ətraf bölgələrin demək olar ki, hər qarışında nəzərə çarpır.

Əslində, beynəlxalq konvensiyalarda bəşəri cinayət kimi qiymətləndirilən bu əməllər bütün dünya mədəniyyətinə qarşı təcavüzdür. Çünki talan və məhv edilən dəyərlər nəinki ölkəmizin, həm də bütün dünya sivilizasiyası­nın misilsiz mədəniyyət nümunələridir. Buna baxmayaraq, bu cür barbarlığı, təəssüf ki, dünya birliyi uzun illərdir ki, susqunluqla qarşı­layır, biganə münasibət bəsləyir.

Prezident İlham Əliyev oktyabrın 17-də Füzuli rayonuna səfəri zamanı rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündəki çıxışında da bu barədə ətraflı bəhs edərək, bildirib: “Bu gün Füzulidə olarkən hər kəs erməni vəhşiliyinin təzahürlərini görür. Çünki Füzuli ən çox dağıntılara məruz qalmış rayondur. Bir dənə salamat kənd yoxdur, bir dənə salamat bina yoxdur. Füzuli şəhəri tamamilə yerlə-yeksan edilib. Siz yaxşı xatırlayırsınız, Azərbaycan xalqı yaxşı xatırlayır, Füzuli azad olunandan sonra bir bina tapılmadı ki, biz oraya bayrağımızı sancaq. Bayrağımız hərbi hissənin həyətində dirəkdə qaldırılmışdı. Buraya gələn hər bir insan erməni vəhşiliyini, erməni vandallığını görür və bunu artıq heç kim inkar edə bilməz…”.

Bax, elə bu vandal, barbar əməllərə görə də düşmən işğal dövründə bu əraziləri “qapalı zonaya” çevirmişdi. Hətta tapdaq altındakı torpaqlara beynəlxalq təşkilatların nümayəndələri də buraxılmırdı. Düzdür, işğal dövründə Minsk qru­punun nümayəndələri tərəfindən təşkil edilən faktaraşdırıcı missiya iki dəfə bu bölgələrdə olaraq, müvafiq məruzələr hazırlayıb. O sənədlərdə də erməni faşizminin törətdiyi cinayətlər öz ifadəsini tapıb. Amma həmin vaxt barbarlığın miqyasının bu qədər geniş, eyni zamanda, dəhşətli olması heç kimin ağlına belə gəlməyib.

Şübhəsiz ki, düşmənin torpağımı­za vurduğu bu yaralar sağaldılacaq. Amma illər, əsrlər keçsə də, belə vəhşiliklər heç vaxt unudulmayacaq, yaddan çıxmayacaq.

Artıq bir ildir ki, Qarabağ və Şərqi Zəngəzurda işğalçının dağıtdığı, xaraba qoyduğu yaşayış sahələrində genişmiqyası bərpa-quruculuq işləri gedir, bütün torpaqlarda həyat bərpa olunur.

Otuz il ərzində erməni tapda­ğı altında sızlayan ərazilərdə ti­kinti işlərinin aparılması, yaşayış sahələrinin bərpası o qədər də asan deyil. Dövlətimizin başçısı Füzuli ictimaiyyətinin nümayəndələri ilə görüşündə bu barədə deyib: “Bu pro­ses çox mürəkkəbdir. Burada düzgün planlaşdırma aparılmalı, minalardan təmizləmə işləri görülməlidir. Füzuli azad edilmiş rayonlar arasında mina­ların sayına görə ən çox çirkləndirilmiş rayondur - yüz mindən çox mina basdırılıb. Biz bütün bu işləri paralel şəkildə aparmalıyıq. Eyni zamanda, Füzuli şəhərinin baş planı, kəndlərin inkişaf konsepsiyası hazırlanıbdır. Birinci infrastruktur layihələri də məhz Füzulidə başlamışdır”.

Hazırda düşməndən təmizlənən torpaqlarda infrastrukturun yaradılma­sı, vaxtilə mövcud olmuş magistralla­rın yenidən qurulması və yeni yolların çəkilməsi mühüm önəm daşıyır. Çünki bu sahənin inkişafı şəhər və kəndlərin salınmasını, məskunlaşmanın gerçəkləşdirilməsini şərtləndirir. Ona görə də bu gün “Zəfər”, Əhmədbəyli-Füzuli Şuşa, Toğanalı-Kəlbəcər-İstisu, Kəlbəcər-Laçın, Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd, Talış-Tapqaraqo­yunlu-Qaşaltı, Xudafərin-Qubadlı-Laçın, Şükürbəyli-Cəbrayıl-Hadrut, Füzuli-Hadrut, Bərdə-Ağdam avtomo­bil yollarında tikinti işləri sürətlə aprılır.

Qarabağın bərpasında digər infrastruktur layihələrinin icrası da diqqətdə saxlanılır. Məhz bunun nəticəsidir ki, “Füzuli” yarımstansi­yası artıq istifadəyə verilib, Füzuli Beynəlxalq Hava Limanının tikintisi isə demək olar ki, başa çatıb. Prezident İlham Əliyevin Füzuliyə səfəri zamanı şəhərin və yeni yaşayış məhəlləsinin, Rəqəmsal Stansiya İdarəetmə Mərkəzinin, Dövlətyarlı kəndində yeni salınacaq “Ağıllı kənd”in təməli qoyu­lub. Şuşada da yenidənqurma ilə bağlı mühüm tədbirlər həyata keçirilib, su, elektrik təchizatı infrastrukturunun qu­rulması diqqət mərkəzində saxlanılıb.

Cəbrayılda da bərpa işlərinə başlanılıb. Dövlətimizin başçısı rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə Qarabağda bərpa-quruculuq işlərinin gedişi barədə fikirlərini bildirərək, bu məsələyə Cəbrayılda da prioritet istiqamət kimi yanaşıldığını vurğulayıb. Ölkə rəhbəri burada olduğu müddətdə artıq bir neçə layihənin icrasına start verildiyini qeyd edib. Cəbrayılın təhlükəsizliyində önəmli rol oynayacaq Dövlət Sərhəd Xidmətinin yeni hərbi hissəsinin açılı­şının reallaşdığını, “Araz Vadisi İqtisa­di Zonası”nın, birinci yaşayış binasının təməlinin qoyulduğunu, rayonun elekt­rik təchizatı üçün yarımstansiyanın is­tismara buraxıldığını, bununla yanaşı, Laçın və Kəlbəcər rayonlarında hazır­da su elektrik stansiyalarının bərpası istiqamətində tədbirlərin həyata keçirildiyini xatırladıb. Dövlətimizin başçısı daha sonra deyib: “Qarabağda artıq bir neçə stansiya işə başlayıb, o cümlədən, Tərtər rayonunda Suqovu­şan Su Elektrik stansiyaları. Mən tap­şırıq vermişəm, ermənilər tərəfindən, - onlar qaça-qaç dövründə, Kəlbəcəri, Laçını tərk edən dövrdə, - dağıdılmış stansiyaların 10-nu biz gələn il, qalan 20-dən çoxunu isə ondan sonrakı illərdə bərpa edəcəyik. Yəni, Cəbrayıl rayonunun elektrik təchizatı artıq var. Bu, əsasdır. Çünki bu olmasa, heç nə etmək mümkün olmayacaq”.

Prezident İlham Əliyevin yenicə səfər etdiyi Zəngilan rayonunda da tikinti-quruculuq işləri sürətlə aparılır. Ərazidə innovativ tikinti materialların­dan istifadə olunmaqla 200 fərdi evin inşası nəzərdə tutulur.

Zəngilanda müasir məktəb, uşaq bağçası, poliklinika tikiləcək, iş yerləri yaradılacaq, elektron idarəetmə ola­caq. Rayondakı Ağalı kəndi Qafqazda müasir standartlara cavab verən ilk kənd kimi tarixə düşəcək. Layihələrin icrasında Türkiyə, Çin, İsrail, İtaliya şirkətləri iştirak edəcək. Texnologiyalar sahəsində dünyanın ən inkişaf etmiş kompaniyalarından olan “Huawei-Azərbaycan” şirkəti Qarabağda “Ağıllı kənd” üzrə qabaqcıl texnologiyaları təmin etmək üçün ən son məhsul və texnologiyaları bölgədə yerləşdirəcək. “Ağıllı kənd” layihəsinin birinci mərhələsində Qarabağda təhlükəsiz yaşayış mühiti yaradaraq “ağıllı tədris”, “ağıllı səhiyyə” və “ağıllı kənd təsərrüfatı” sistemləri də qurulacaq.

Yeri gəlmişkən, Prezident İlham Əliyev Zəngilan rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdə diqqəti “Ağıllı kənd” layihəsinə yönəldərək, deyib: “İndi Zəngilanın yeni dövrü başlayır və şəhərin baş planı artıq hazırlanır. Bir xarici şirkət müsabiqədə qalib gəldi və hesab edirəm ki, yaxın aylarda baş plan təqdim ediləcək. Bütün bu təbii gözəllik nəzərə alınaraq müasir, çox gözəl bir şəhər qurulacaq, həmçinin də kəndlər. Siz də bilirsiniz ki, azad edilmiş bütün torpaqlarda birinci “Ağıllı kənd” layihəsi məhz Zəngilan rayonunda həyata keçirildi”.

Qarabağın bərpasının sürətlə aparılmasının təsadüfi olmadğını qeyd edən dövlətimizin başçısı deyib: “Bü­tün bu işləri görərək biz bir məqsədi güdürdük ki, keçmiş köçkünləri tezliklə öz doğma torpaqlarına qaytaraq… Ancaq hər kəs bilməlidir ki, bütün bu bərpa işləri böyük vəsait tələb edir. Yenə də deyirəm, Azərbaycan heç kimdən heç bir yardım, bir qəpik də yardım almayıb və almayacaq. Bu günə qədər almayıbsa, bundan sonra da almayacaq. Bunu öz imkanları­mız çərçivəsində edəcəyik. Mən tam əminəm ki, bütün planlarımız maksi­mum qısa müddət ərzində həyatda öz əksini tapacaq, Qarabağ və Şərqi Zəngəzur nəinki Azərbaycanın, dünyanın ən gözəl yerlərindən birinə çevriləcəkdir”.

Sonda onu da qeyd edək ki, işğaldan azad olunmuş torpaqlarda yeni infrastruktur və biznesin inkişafı layihələrinin həyata keçirilməsi digər dövlətlər, həmçinin türkdilli ölkələr üçün geniş imkanlar yaradır. Türkdilli dövlətlər içərisində Azərbaycan bu sahədə Türkiyə ilə daha çox səmərəli əməkdaşlıq həyata keçirir. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonların­da infrastruktur layihələrinin, yolların tikintisində qardaş ölkənin şirkətləri fəal iştirak edir.

Ümumiyyətlə, işğaldan azad olunmuş ərazilərimizdə turizm, kənd təsərrüfatı, dağ-mədən və hasilat sənayesi, tikinti materialları isteh­salı, alternativ enerji kimi potensial sektorların yenidən canlandırılması və ölkə iqtisadiyyatına inteqrasiya­sı, habelə bölgədə yeni nəqliyyat-logistika dəhlizlərinin formalaşdırıl­ması istiqamətində həyata keçiriləcək tədbirlər Türkiyə, eləcə də digər türkdilli ölkələr ilə əlaqələrimizin genişləndirilməsində yeni perspektivlər vəd edir.

V.BAYRAMOV,

 “Xalq qəzeti”

24 Oktyabr 2021 00:43 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə