Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycanın qələbəsini Vətənə bağlılıq, torpağa sevgi hissi təmin etdi

 Biz həmişə bir arzu ilə, bir fikirlə yaşamışdıq ki, gün gələcək, ədaləti bərpa edəcəyik, xalqımızın üstündən “məğlubedilmiş” sözünü atacağıq, qürurlu xalq kimi, müzəffər xalq kimi yaşayacağıq və bu gün gəldi. Əgər xalqımız buna inanmasaydı, əgər cəmiyyətimiz bizim o sahədəki siyasətə dəstək olmasaydı, müharibəni bu nəticələrlə başa vurmaq çox çətin olardı. Ona görə, bu, bizim hamımızın qələbəsidir, hamımızın təntənəsidir.

İlham ƏLİYEV

Azərbaycan Respublikasının Prezidenti

 

 Azərbaycan Silahlı Qüvvələri otuz il davam edən erməni iş­ğalına cəmi 44 gündə son qoydu. Bu qısa müddət ərzində döyüş əməliyyatlarının xronikasına diqqət yetirsək, parlaq qələbənin əldə edilməsinin əsasında ordumuzun əsgər və zabitlərinin peşəkarlığının, misilsiz şücaətinin dayandığını görə bilərik. Məhz bu qəhrəmanlığın məntiqi nəticəsi idi ki, “Dəmir yumruq” əməliyyatı kimi tarixə düşən döyüşlərin ilk günlərində Ermənistan ordusunun uzun illər ərzində möhkəmləndirdiyi çoxqatlı müdafiə sədləri qısa vaxtda yarıldı. Müharibənin ilk mərhələsində qəhrəman əsgər və zabitlərimiz həm cənub, həm də şimal-şərq istiqamətində düşmən mövqelərini kifayət qədər geniş cəbhədə yarmaqla Ermənistanın 30 il ərzində ya­ratdığı keçilməz “Ohanyan xətti”ni tamamilə darmadağın etdi. Bundan sonra isə Silahlı Qüvvələrimizin hücumu getdikcə gücləndi.

Azərbaycan Ordusu 27 illik atəşkəs dövründə ilk dəfə olaraq rayon mərkəzini - Cəbrayıl şəhərini işğaldan azad etdi. Cəbrayılın düşməndən təmizlənməsi hücum cəbhəsinin daha da genişlənməsinə və paralel olaraq bir neçə rayon ərazisində əməliyyat aparmaqla yanaşı, Füzuli şəhərinin yağı tapdağından qurtulmasını şərtləndirdi. Beləliklə, düşmən isteh­kamlarını canı-qanı bahasına keçən qəhrəman əsgər və zabitlərimiz işğal­çıya Azərbaycan xalqının böyüklüyünü bir daha göstərdi.

Füzuli şəhərinin azad edilməsi ordumuza əlavə mənəvi güc verdi. Azərbaycan Silahlı Qüvvələri bundan sonra böyük əzmkarlıq göstərərək xilaskarlıq missiyasını uğurla davam etdirdi. Füzuli azad olunandan 3 gün sonra Zəngilan şəhəri azad edildi, ondan beş gün sonra Qubadlı, daha sonra isə Silahlı Qüvvələrimiz Laçın dəhlizinə çıxdı.

Hərbi ekspert Ədalət Verdiyevin sözlərinə görə, ordumuz Cəbrayıl rayonundan sonra düşmənin Füzuli istiqamətində kifayət qədər ciddi re­surslar cəmləşdirməsini nəzərə alaraq, hücumlarını Hadrut istiqamətinə çevirdi. Bu yaşayış sahəsinin işğaldan azad olunması Ermənistanda daxili parçalanmanı reallaşdırdı. Çünki artıq Azərbaycan ətraf rayonların deyil, keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinə aid ərazilərin düşməndən təmizlənməsinə başladı. Əməliyyatın sonrakı mərhələlərində Cəbrayıl rayonunun bir çox yaşayış məntəqəsi azad edildi və kifayət qədər güclü müdafiə xətlərinə malik düşmən mövqeləri sıradan çıxarıldı, Zəngilan istiqamətində Azərbaycan Ordusunun hücumu üçün əlverişli şərait yaradıldı. Qubadlı istiqamətində hücumları da­vam etdirmək üçün kifayət qədər ciddi potensiala malik qoşun qruplaşmaları formalaşdırıldı.

Hərbi ekspertin bildirdiyinə görə, əməliyyatların sonrakı mərhələsi Qubadlının işğaldan xilası və qoşun­larımızın Laçın rayonunun cənubuna, yəni Laçın dəhlizinə nəzarəti təmin etməsi ilə yadda qaldı. “Dəmir yumruq” əməliyyatının sonuncu və kulminasiya mərhələsi isə Şuşanın azad edilməsi oldu. Əsl hərbi ustalıq, peşəkarlıq və qəhrəmanlıq nümunəsi göstərən Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələri bu qədim mədəniyyət paytaxtımızda düşmənin müqavimətini tamamilə qıraraq, ona ağır zərbə vurdu və şəhəri faşizm əsarətindən qurtardı.

Beləliklə, Şuşa əməliyyatının uğurla başa çatması və Azərbaycan bayrağının bu qala şəhərində dalğa­lanması müharibənin taleyini həll etdi və Ermənistan kapitulyasiya aktını imzalamağa məcbur oldu. Eləcə də üçtərəfli birgə bəyanatın imzalanma­sı ilə daha üç rayonumuz – Ağdam, Kəlbəcər və Laçın döyüşsüz və itkisiz Ermənistan tərəfindən boşaldılaraq Azərbaycana təhvil verildi.

Beləliklə, Prezident, Ali Baş Komandan İlham Əliyevin müdrik rəhbərliyi, əsgər və zabitlərimizin qəhrəmanlığı sayəsində Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində işğalçı Ermənistan üzərində son 200 ilin ən möhtəşəm qələbəsini əldə etdi.

Vətən müharibəsində döyüşçülərimizin fədakarlığı ilə Ermənistan hərbi birləşmələrinin “məğlubedilməzlik” mifi darmada­ğın edildi. Ordumuz döyüş meyda­nında işğalçının uzun illər ərzində qurduğu, keçilməz hesab edilən müdafiə xətlərini qəhrəmanlıqla yardı, Ermənistanın hava hücumun­dan müdafiə sistemi və hərbi hava qüvvələrini sıradan çıxartdı. Silahlı Qüvvələrimiz işğalçı qüvvələrə ağır zərbələr endirdi, onların çoxlu sayda canlı qüvvəsi və hərbi texnikasını məhv etdi. Belə şəraitdə, şübhəsiz ki, Ermənistan ordusunda fərariliyin miqyası təssəvvür edilməyən bir şəkildə genişləndi. Döyüş meydanında zirehli və digər texnikasını, artilleriya vasitələrini, raket sistemləri və digər silah-sursatını atıb qaçan işğalçı Ermənistan silahlı qüvvələrinin adı tarixə XXI əsrin ən fərari ordusu kimi yazıldı.

Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyab­rın 27-də Anım Günü ilə əlaqədar xalqa müraciətində bu barədə deyib: “Qırx dörd günlük müharibə zamanı Azərbaycan Silahlı Qüvvələrində bir nəfər də olsun fərari olmamış­dır. Ancaq Ermənistan ordusunda 10 mindən çox fərari olmuşdur. Biz şəhidlərimizlə, qazilərimizlə fəxr edirik, eyni zamanda, Vətən müharibəsində qəhrəmanlıq göstərmiş hərbçilərimizlə, əsgər-zabitlərimizlə fəxr edirik. Onların qəhrəmanlığı, onların fədakarlığı heç vaxt unudulmayacaq. Biz bütün dünyaya göstərdik ki, Azərbaycan xalqı böyük xalqdır, Azərbaycan xalqı bu ədalətsizliklə heç vaxt barışmaq fikrində deyildi”.

Burada diqqəti bir mühüm məqama da yönəltmək istərdik. Belə ki, İkinci Qarabağ savaşında Azərbaycan Ordusunun güc-qüdrəti, şücaəti, qəhrəmanlığı özünü həm də onda göstərdi ki, düşməndən fərqli olaraq, Silahlı Qüvvələrimiz hücum əməliyyatlarını ağır relyef şəraitində aparırdı. Başqa sözlə, işğalçı uzun illər idi ki, daha yüksək ərazilərdə yerləşmiş, burada keçilməsi çətin olan çoxqatlı istehkamlar və müdafiə xətləri ilə mövqelərini möhkəmləndirmişdi. Şübhəsiz ki, belə bir çətin şəraitdə-dağlıq, sıldırım qayalıqlarla əhatələnən ərazidə qoşunlarımızın, ağır texnikala­rımızın hərəkəti, üstünlük qazanması o qədər də asan deyildi. Bu, Azərbaycan Ordusundan peşəkarlıq, igidlik, şücaət tələb edirdi. Təbii ki, Ali Baş Komandan İlham Əliyevin müdrik siyasəti, dönməz iradəsi, müasir silah və sursatla təmin edilən ordumuzun rəşadəti, nəhayət, xalqımızın dövlət başçısının və Silahlı Qüvvələrimizin ətrafında yumruq kimi birləşməsi İkinci Qarabağ savaşında erməni faşistləri tərəfindən yaradılan bütün istehkam və qurğuları keçərək, sıldırım qayalıqları aşaraq, xalqımı­za möhtəşəm tarixi qələbə sevincini yaşatdı.

Ordumuzun Vətən müharibəsini parlaq qələbə ilə başa çatdırmasını şərtləndirən digər amil isə savaşa qədər hərbçilərimizin döyüş hazırlığı­nın gücləndirilməsi ilə bağlı tədbirlərin gerçəkləşdirilməsinin daim diqqət mərkəzində saxlanılması, irimiq­yaslı təlimlərin keçirilməsi, ordunun Ali Baş Komandanın diqqəti və səyi nəticəsində müasir silahlarla silah­landırılması, artilleriya və aviasiya­nın, eləcə də digər sahələrin inkişaf etdirilməsi oldu.

Azərbaycan Silahlı Qüvvələrinin yüksək döyüş hazırlığı və texniki üstünlükləri işğal olunmuş ərazilərdə düşmənin mühüm obyektlərini dar­madağın etməyə imkan verdi. Eyni zamanda, orduda şəxsi heyətin ruh yüksəkliyi, əsgər və zabitlərimizdəki torpaq, Vətən sevgisi, onların qələbə naminə canından-qanından keçərək misilsiz şücaətlər göstərmələri parlaq zəfərimizi şərtləndirdi. Dövlətimizin başçısı bununla əlaqədar Anım Günündə xalqa müraciətində bildi­rib: “Biz şəhidlərimizlə, qazilərimizlə fəxr edirik, eyni zamanda, Vətən müharibəsində qəhrəmanlıq göstərmiş hərbçilərimizlə, əsgər-zabitlərimizlə fəxr edirik. Onların qəhrəmanlığı, onların fədakarlığı heç vaxt unudulma­yacaq. Biz bütün dünyaya göstərdik ki, Azərbaycan xalqı böyük xalqdır, Azərbaycan xalqı bu ədalətsizliklə heç vaxt barışmaq fikrində deyildi”.

Prezident İlham Əliyev oktyabrın 17-də Füzuli rayonuna səfəri zamanı rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündəki çıxışında da bu barədə ətraflı bəhs edərək, vurğulayıb ki, İkin­ci Qarabağ müharibəsi Azərbaycanda Vətən müharibəsi adlandırılır. Çünki hər birimiz, hər bir vətəndaşımız bu günü səbirsizliklə gözləməklə yanaşı, bu günün gələcəyinə, ordumuzun parlaq qələbə qazanacağına, torpaq­larımızı düşməndən azad edəcəyinə inanırdı, eyni zamanda, öz yorulmaz fəaliyyəti ilə möhtəşəm tarixi, bu zəfəri yaxınlaşdırırdı.

Prezident, Ali Baş Komandan İlham Əliyev həm ölkə daxilində, həm də beynəlxalq tədbirlərdə bütün nitqlərində aydın, qəti mövqe nü­mayiş etdirdi: Azərbaycan xalqı bu vəziyyətlə-məğlubiyyətlə heç vaxt ba­rışmayacaq. Bəli, xalqımız ərazi bütöv­lüyü uğrunda daim əzmkar mübarizə apardı. Vətən müharibəsinin gedişində bu qətiyyət, bu iradə özünü qabarıq büruzə verdi. Bu torpaqlarda doğulma­yan, bu əraziləri görməyən gənclərimiz bu yerlər, ata-babalarının yer-yurdları uğrunda ölümə getməkdən belə qorxmadılar, çəkinmədilər. Bununla da xalqımızın böyüklüyü, müdrikliyi bir daha təsdiqini tapdı.

Dövlətimizin başçısı bütün bu məqamları ümumiləşdirərək, sözügedən çıxışında deyib: “Qələbəmizi şərtləndirən amillər nəzərə alınaraq kitablarda, məqalələrdə, elmi araşdırmalarda yazılacaq. Amma hesab edirəm ki, bunların arasında ən başlı­cası məhz əyilməz ruhumuz və vətənpərvərliyimizdir. Məhz bu bölgədə bizim cavanlarımız, cavan əsgər və zabitlərimiz ölümə gedirdilər. Bütün o mövqelərdə, o dağlıq mövqelərdə ermənilər yerləşmişdilər. Onlar orada 30 il yerləşmiş, isteh­kamlar, bunkerlər, uzunmüddətli atəş nöqtələri qurmuşdular. Biz isə, düzənlik olan yerdən o təmas xəttini keçərək, o istehkamları yararaq ge­dirdik, bizim gənclər ölümə gedirdilər. Ona görə, birinci amil vətənpərvərlik, Vətənə olan sevgi, məhəbbətdir. Bu amil bizim xalqımızı bundan sonra da yenilməz xalq kimi yaşadacaq”.

Vaqif BAYRAMOV,

“Xalq qəzeti”

24 Oktyabr 2021 00:29 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə