Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

FHN: Lənkəran şəhərində Xəzər dənizinin sahilə yaxın sularında mina aşkarlanıb

Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 - qaynar telefon xəttinə Lənkəran şəhəri ərazisində Xəzər dənizinin sahilə yaxın sularında partlayış təhlükəli əşyanın aşkarlanması barədə məlumat daxil olub.

FHN-in mətbuat xidmətindən bildiriblər ki, məlumatla əlaqədar hadisə yerinə dərhal nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin pirotexniklər qrupu cəlb edilib.

İlk növbədə, ərazidəki insanların təhlükəsiz məsafəyə uzaqlaşdırılması təmin olunub və kənar şəxslərin əraziyə girişi müvəqqəti məhdudlaşdırılıb.

Sonra pirotexniklər tərəfindən hadisə yerinə baxış zamanı aşkarlanmış partlayış təhlükəli əşyanın partladıcısı olmayan döyüş tətbiqinə yararlı TM-57 tank əleyhinə mina olduğu müəyyənləşib. Pirotexniklər istehkamçı qarmağından istifadə etməklə minanın altında “sürpriz” qurğunun olmadığına əmin olduqdan sonra mina yerindən götürülüb və zərərsizləşdirilməsi üçün Xüsusi Riskli Xilasetmə Xidmətinin xüsusi təyinatlı avtonəqliyyat vasitəsilə ərazidən kənarlaşdırılıb.

Hadisə yerində və yaxın ərazidə əlavə axtarış zamanı başqa hər hansı təhlükəli və ya şübhəli əşya aşkarlanmayıb.

Bundan başqa, FHN-in 112 - qaynar telefon xəttinə Sumqayıt şəhərində “Azərişıq” ASC tərəfindən aparılan qazıntı işləri zamanı döyüş sursatının aşkarlanması barədə daxil olmuş məlumat əsasında nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin pirotexnikləri tərəfindən əraziyə keçirilmiş baxış zamanı aşkar olunmuş sursatın partladıcıları olmayan, lakin döyüş tətbiqinə yararlı üç ədəd F-1 əl qumbarası olduğu müəyyənləşdirilib. Qumbaralar pirotexniklər tərəfindən zərərsizləşdirilməsi üçün ərazidən götürülərək kənarlaşdırılıb.

Hadisə yerində və ona yaxın ətraf ərazidə əlavə axtarış zamanı başqa hər hansı təhlükəli və ya şübhəli əşya aşkar olunmayıb.

23 Oktyabr 2021 14:00 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Köhnə versiyamızdan xəbərləri izlə