Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ağdaşda “Zəfər” musiqi festivalına yekun vurulub

Ağdaş rayonunda Vətən müharibəsində Qələbənin ildönümünə həsr olunmuş “Zəfər” musiqi festivalının 2-ci turuna yekun vurulub. Festival Ağdaş Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə baş tutub.

Ağdaş Regional Mədəniyyət İdarəsindən bölgə müxbirinə bildirilib ki, festivalın 1-ci turu bu ilin oktyabrın 11-15-də Ağdaş, Şəmkir, İsmayıllı və Sabirabadda keçirilib və bu rayonların Regional Mədəniyyət idarələrinin tabeliyində fəaliyyət göstərən ümumilikdə 25 uşaq musiqi və incəsənət məktəblərinin xalq çalğı alətləri ifaçıları və xanəndəlik ixtisası üzrə 85 şagirdi iştirak edib.

Oktyabrın 22-də Habil Əliyev adına Ağdaş şəhər uşaq musiqi məktəbində festivalın 2-ci turuna yekun vurulub. Tədbirdə Göygöl, Şəmkir, İsmayıllı, Qobustan, Zərdab, Sabirabad, Saatlı, Hacıqabul, Şirvan, Ağsu şəhər, Gədəbəy rayonu Slavyanka və Zəhmət kənd uşaq musiqi və incəsənət məktəblərinin, eləcə də Gədəbəy Aşıq Məktəbinin 2-ci tura vəsiqə qazanmış şagirdləri qatılıblar.

Festival qaliblərinin yekun qala-konserti və mükafatlandırılma mərasimi Zəfər Günü ərəfəsində Qəbələ rayon Mədəniyyət Mərkəzində keçirilməsi nəzərdə tutulub.

Qeyd edək ki, ötən il sentyabrın 27-də başlanan və Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə tarixi Qələbə ilə başa çatan Vətən müharibəsinin birinci ildönümünə həsr edilən “Zəfər” musiqi festivalı, həm də regionlar üzrə musiqi təhsilinin inkişaf etdirilməsi, xalq çalğı alətləri və xanəndəliyin təbliği, şagirdlərə ifaçılıq vərdişlərinin aşılanması, istedadlı uşaqların aşkara çıxarılması, onların dəstəklənməsi və yaradıcılıq potensialının yüksəldilməsi baxımından da əhəmiyyətlidir.

23 Oktyabr 2021 11:14 - MƏDƏNİYYƏT
MƏDƏNİYYƏT

Köhnə versiyamızdan xəbərləri izlə