Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

COVID–19 2022-ci ildə də bizimlə olacaq

 

 

Ümumdünya Səhiyyə Təşkilatı zəngin ölkələrin vaksinləri ədalətli şəkildə paylaşmadıqları üçün COVID–19 pandemiyasının 2022-ci ildə də davam edəcəyini açıqlayıb.

Təşkilatın yaydığı məlumatda qeyd edilir ki, COVID–19 pandemiyasının növbəti ildə davam etməsinin başlıca səbəbi kasıb ölkələrin kifayət qədər peyvənd əldə etmək imkanının olmaması ilə bağlıdır. ÜST-ün yüksəksəviyyəli rəhbərlərindən biri olan Bruce Aylvard açıqlamasında qeyd edib ki, vaksinlərin vurulması yoxsul ölkələrdə sürətlənmədiyi halda pandemiyanın öhdəsindən gəlmək çox çətin olacaq. Afrika qitəsindəki əhalinin cəmi 5 faizinin vaksin olunduğunu bildirən Aylvard qeyd edib ki, prosesin bu templə gedəcəyi təqdirdə pandemiya növbəti ildə də bizimlə olacaq.

Aylvard dünyanın inkişaf etmiş ölkələrindən yoxsul ölkələrə peyvəndlərin çatdırılması üçün BMT-nin dəstəklədiyi qlobal proqram olan Covax-ın öz məqsədinə çata bilməməsinə də diqqət çəkib. Zəngin ölkələrin həddən artıq çox peyvənd üçün əczaçılıq şirkətləri ilə müqavilələr bağladığını vurğulayan Aylvard şirkətlərin aşağı gəlirli ölkələrə üstünlük verməsi üçün varlı ölkələri peyvənd növbəsindəki yerlərini tərk etməyə çağırıb. Digər tərəfdən, bəzi qeyri-hökumət təşkilatları, o cümlədən Böyük Britaniyada yerləşən beynəlxalq xeyriyyə təşkilatı Oxfam Covax-ı ittiham edir. Adıçəkilən xeyriyyə təşkilatının yaydığı açıqlamada qeyd edilir ki, onların Böyük Britaniya və Kanadanın əczaçılıq şirkətləri ilə müqavilələri olmasına baxmayaraq, peyvəndlər Covax vasitəsilə öz ölkələrinə və eyni zamanda daha zəngin ölkələrə verilir.

Həmçinin, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Avropada COVID–19-a yoluxma hallarının son bir həftədə əvvəlki həftə ilə müqayisədə 7 faiz artdığını açıqlayıb. Hesabatda qeyd olunub ki, qitədə ən çox yoluxma halları Böyük Britaniya, Rusiya və Türkiyənin payına düşür. Digər tərəfdən, Latviyada yoluxma hallarının sayı son bir ayda iki yüz nəfərdən üç minə qədər artıb. Bununla bağlı Latviya hökuməti Avropada 1 aylıq karantin elan edərək məhdudiyyətləri yenidən tətbiq edən ilk ölkə oldu. Əhalinin yalnız 57 faizinin tam peyvəndləndiyini və bunun aşağı göstərici olduğunu qeyd edən Latviyanın Baş naziri Krisjans Karins qeyd edib ki, bu böhrandan yeganə çıxış yolu peyvənd olunmaqdır: "Ölkədə yenidən tətbiq edilən karantin səbəbiylə peyvənd olunanlardan üzr istəyirəm, lakin indiki halda bizim bundan başqa hələlik çıxış yolumuz yoxdur. İnsanlar tam peyvəndlənmədiyi təqdirdə gələn ilin yazında virusa yoluxacaqlar”.

Rövşən TOĞRUL,

“Xalq qəzeti”

23 Oktyabr 2021 00:49 - SƏHİYYƏ
SƏHİYYƏ

Köhnə versiyamızdan xəbərləri izlə