Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Vətənini canından əziz tutanlar unudulmur

 

 

O, sözün əsl mənasında qəhrəman idi. Onu tanıyanlar deyirlər ki, Şükür Həmidov harada olurdusa, qələbə qaçılmaz idi. Şücaəti və mərdliyi ilə gənclərə örnək olan əfsanəvi Milli Qəhrəmanımızın ən böyük arzusu işğal altındakı torpaqlarımızı azad görmək və dədə-baba yurdu olan Qubadlıda şanlı bayrağımızı ucaltmaq idi. Müzəffər Ordumuzun zəfər yolu doğma rayona yaxınlaşarkən igid zabit atası ilə telefonla danışmışdı. Nəriman müəllim oğluna demişdi ki, Qubadlıya gedəndə dizlərini yerə qoyub Nağıllı bulaqdan doyunca su içərsən. Şəhidin oğlu Nurlan isə atasının Qubadlıda şəhid olmaq istədiyini və buna nail olduğunu bildirib. Nurlan deyib: “Arzu edirik ki, torpaqlarımız tamam alınsın, atamın və bütün şəhidlərin qanı yerdə qalmasın”.

Hardan başlamışdı bu qəhrəmanın həyat yolu? Haqqinda çəkilmiş “Lələtəpə yüksəkliyi” filmi bu yola aydın işıq salır. Bildirilir ki, Şü­kür Nəriman oğlu Həmidov 1975-ci il aprelin 1-də Qubadlı rayonunun Armudluq kəndində anadan olub. Həmin kənddə orta məktəbin 8-ci sinfini bitirdikdən sonra Cəmşid Naxçıvanski adına hərbi liseyə daxil olub. Daha sonra Bakı Birləşmiş Ali Hərbi Komandirlər Məktəbində təhsilini davam etdirib. 1995-ci ilin iyun ayında ilk hərbi rütbəsini alaraq Naxçıvanda yerləşən hərbi hissələrin birində taqım komandiri kimi xidmətə başlayıb. Orada mayor hərbi rütbəsinədək yüksəlib.

2006-cı ildə Silahlı Qüvvələrin Hərbi Akademiyasına daxil olub. Akademiyanı bitirdikdən sonra cəbhə bölgəsində yerləşən hərbi hissələrin birində bölmə komandiri kimi xidmətini davam etdirib. Sonra müxtəlif vəzifələrdə xidmət edərək, hərbi hissə koman­diri vəzifəsinədək yüksəlib.

Prezident İlham Əliyev və Birinci vitse-pre­zident Mehriban xanım Əliyevanın Qubadlıya səfərləri çərçivəsində hərbçilərimiz qarşısında çıxışı zamanı ölkə başçısı demişdir: “Oktyabrın 25-də Qubadlı şəhərinin azad edilməsi bizim qələbəmizi yaxınlaşdırdı. Qubadlı uğrunda şiddətli döyüşlər gedirdi, şəhidlər vermişik. Onların arasında Qubadlı rayonundan olan Milli Qəhrəman Şükür Həmidov öz doğma diyarı uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olmuşdur”.

Əlbəttə, qələbə qurbansız olmur. Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda gedən müqəddəs savaşda həyatını qurban verənlər arasında Milli Qəhrəman, polkovnik Şükür Həmidov da var idi. O, doğma Qubadlının işğaldan azad edilməsinə iki gün qalmış – oktyabrın 22-də şəhidlik zirvəsinə yüksəldi. Heyif ki, qəhrəmanımız o günü görə bilmədi.

Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyul­muş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamları ilə Şü­kür Həmidov ölümündən sonra "Zəfər" ordeni , "Füzulinin azad olunmasına görə", "Cəbrayılın azad olunmasına görə", "Qubadlının azad olunmasına görə" medalları ilə təltif edildi. Qəhrəmanın iki övladı yadigar qaldı.

Şəhidlərimizin qanı yerdə qalmadı. Polkov­nik Şükür Həmidovun uğrunda canını qurban verdiyi Qubadlı şəhəri işğaldan azad edildi.

Şükür Həmidov 2016-cı il aprelin 2-dən 5-dək baş verən Aprel döyüşlərində Cəbrayıl rayonu istiqamətində yerləşən "Lələtəpə" stra­teji nöqtəsinin alınması zamanı fərqlənmiş və buna görə də Prezident İlham Əliyevin 20 aprel 2016-cı il tarixli sərəncamı ilə “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülmüşdür. 2016-cı il mayın 10-da isə Müdafiə naziri Zakir Həsənovun əmrinə əsasən Şükür Həmidova vaxtından əvvəl növbəti "polkovnik" hərbi rütbəsi verilmişdir. Hərbi rütbə ona mayın 10-da Lələtəpə istiqamətindəki səngərdə təqdim edilib.

Prezident İlham Əliyev Şükür Həmidovun doğulduğu və azadlığı uğrunda həlak ol­duğu Qubadlı rayonunda onun adının əbədiləşdiriləcəyini bildirmışdir.

M.MÜKƏRRƏMOĞLU,

“Xalq qəzeti”

23 Oktyabr 2021 00:35 -

Köhnə versiyamızdan xəbərləri izlə