Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Gəncə Şəhər İcra Hakimiyyətinin təşəbbüsünə bütün şəhər qoşuldu...

Gəncənin “İmamzadə” Dini Kompleksinin ətrafında ümumşəhər iməciliyi keçirilib. Gəncə Şəhər İcra Hakimiyyətinin və Kəpəz Bələdiyyəsinin təşkilatçılığı, Gəncə İctimai İştirakçılıq Məclisinin təşəbbüsü ilə Kompleksin ətrafında yerləşən qəbiristanlıq ərazisində təmizlik işləri görülüb.

İməcilikdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, idarə, müəssisə, təşkilat rəhbərləri, YAP-ın Gəncə şəhər təşkilatının könüllüləri, şəhər ictimaiyyəti və sakinlər iştirak ediblər. İməcilik zamanı kompleksin ətrafında yerləşən qəbiristanlıqda təmizlik və abadlıq işləri həyata keçirilib. Buradakı məzarların ətrafı alaq otlarından təmizlənib, daş, qum və torpaq qalıqları yığılaraq ərazidən kənarlaşdırılıb.

Bütün gün davam edən iməcilik zamanı məzarlıq ərazisində olan ağac və gül kollarına aqrotexniki qulluq göstərilib. Qeyd edək ki, işlərə Gəncə Şəhər Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin xeyli sayda canlı qüvvəsi və texnikası da cəlb olunub.

Niyazi Bayramov, eyni zamanda, Gəncə Dövlət Tarix-Mədəniyyət Qoruğunun balansında olan Qədim Gəncə Qalasına və Comərd Qəssab türbəsinə də baş çəkib. Şəhər rəhbəri inşaat tullantılarının ərazidən daşınması, yolun hamarlanması ilə bağlı aidiyyəti qurumlar qarşısında məsələ qaldırılması və kompleks işlərin icra olunması ilə bağlı müva­fiq tapşırıqlarını verib.

Qeyd edək ki, şəhərin müxtəlif ərazilərində təmizlik işlərinin aparılması bundan sonra da davam etdiriləcəkdir.

Hamlet QASIMOV,

“Xalq qəzeti”nin bölgə müxbiri

23 Oktyabr 2021 00:32 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Köhnə versiyamızdan xəbərləri izlə