Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Vladanka Andreeva: Paris Sazişinin hədəflərinə çatmaq üçün daha iddialı vədlərə və qətiyyətli addımlara ehtiyacımız var

 

 

Paris Sazişinin hədəflərinə çatmaq üçün daha iddialı vədlərə və qətiyyətli addımlara ehtiyacımız var. AZƏRTAC xəbər verir ki, bunu BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreeva BMT Günü və Qlazqoda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi Konfransına (COP26) həsr olunmuş tədbirdə deyib.

V.Andreeva emissiya balansı­nı sıfıra aparan yolu təşviq edən 2030-cu il hədəflərinə çatmaq üçün ölkələrin milli səviyyədə müəyyən edilmiş daha böyük və iddialı töhfələr verməli olduğunu diqqətə çatdırıb.

Onun sözlərinə görə, son otuz ildə BMT iqlim dəyişikliyi ilə bağlı keçirilən konfranslara bütün ölkələri dəvət edərək vəziyyəti müzakirə edir: “Tezliklə Qlazqoda da dünya liderləri iqlim dəyişikliyi ilə mübarizəni müzakirə etmək və bu istiqamətdə görüləcək tədbirlər barədə razılaşmaq üçün toplaşa­caqlar”.

Qlobal istiləşməni dünya üçün ciddi problem adlandıran V.Andreeva vədlərin kifayət olmadı­ğını, hərəkətə keçməyin vacibliyini vurğulayıb. O bildirib ki, Azərbaycan hökumətinin beynəlxalq öhdəlikləri yerinə yetirməsi istiqamətində gör­düyü işlər təqdirəlayiqdir.

BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi iqlim dəyişikliyinin Azərbaycanda xüsusilə su sektoruna təsir etdiyini də diqqətə çatdırıb.

Ekologiya və təbii sərvətlər nazirinin müavini Rauf Hacıyevin sözlərinə görə, iqlim dəyişmələri müasir dövrün ən ciddi ekoloji çağırışlarından biridir. Nazir müa­vini bildirib ki, iqlim dəyişmələrinin təsirləri ölkəmizdə də özünü anomal hidrometeoroloji hadisələrin intensivliyinin artması ilə büruzə verir. Bu da adekvat adaptasiya tədbirlərini ön plana çəkir. Təhlükəli hidrometeoroloji hadisələrə qarşı dayanıqlığı təmin etmək məqsədilə ölkəmizdə erkən xəbərdarlıq sistemi təkmilləşdirilir.

“Azərbaycan Respublikası 1995-ci ildə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konven­siyasını, 2000-ci ildə isə Konvensi­yanın Kioto protokolunu ratifikasiya edərək qlobal iqlim dəyişmələrinin mənfi təsirlərinin yumşaldılması üzrə beynəlxalq səylərə qoşulub. Ölkəmiz Paris Sazişini 2016-cı ildə ratifikasiya edib, 1990-cı illə müqayisədə 2030-cu ilə istilik effekti yaradan qazların emissiyalarının səviyyəsində 35 faiz azalmanı hədəf götürüb. Hazırda “Milli Səviyyədə Müəyyən Edilmiş Töhfələr” sənədinə yenidən baxılmaqdadır və hədəfin daha da artırılması istisna edilmir.

İşğaldan azad edilmiş ərazilərdə “Ağıllı şəhər” və “Ağıllı kənd” ya­naşmalarının tətbiqi və yaşıl enerji zonasının yaradılması bilavasitə qlo­bal iqlim dəyişmələrinin təsirlərinin yumşaldılması üzrə təşəbbüslərə töhfə verəcək. Eyni zamanda, ölkə başçısının müvafiq sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” sənədində öz əksini tap­mış hədəflər bu sahədə beynəlxalq təşəbbüslərlə tam uzlaşır”, – deyə R.Hacıyev qeyd edib.

Böyük Britaniya və Şima­li İrlandiya Birləşmiş Krallığının Azərbaycandakı səfiri Ceyms Şarp, İtaliya Respublikasının ölkəmizdəki səfiri Klaudio Taffuri və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov çıxış edərək etimadı bərpa etmək, fəaliyyətləri gücləndirmək və Paris Sazişində verilən vədləri tam şəkildə yerinə yetirmək üçün qlobal tərəfdaşlığın vacib olduğunu qeyd ediblər.

Açılış sessiyasının ardınca hökumət, vətəndaş cəmiyyəti və özəl sektor mütəxəssislərinin, həmçinin İtaliyanın Milan şəhərində COP26 öncəsi konfransa qatılmış azərbaycanlı gənc fəalın iştirakı ilə panel müzakirələri keçirilib. Onlar COP26-nın dörd məqsədinə nail olmaq yollarına dair fikir mübadiləsi aparıblar. COP26-nın məqsədləri: 2059-cu ilədək emissiya balansını sıfıra endirmək və qlobal istiləşməni 1,5 dərəcə ətrafında saxlamaq; icmaları və təbii yaşayış yerlərini qo­rumaq; maliyyə resurslarını səfərbər etmək; məqsədlərə çatmaq üçün birgə fəaliyyət göstərməkdir.

“COP26-nın məqsədləri – çətinliklər və imkanlar” mövzusunda keçirilən panel müzakirələri zamanı çıxış edən Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva hazırda inkişaf etmiş və ya inkişafda olan ölkə olmasından asılı olmaya­raq, hər kəsin iqlim dəyişmələrinin qarşısında həssas olduğunu deyib. Bunun bariz nümunəsi kimi son onillikdə təbii fəlakətlərin sayının 5 dəfə artdığı qeyd edilib.

Xidmət rəisinin sözlərinə görə, qlobal emissiyalarda Azərbaycanın payı 0,15 faiz təşkil edir. Buna baxmayaraq, Azərbaycan iq­lim dəyişmələrinə həssas olan ölkələrdən biridir: “Bunu bizim çoxillik meteoroloji məlumatların təhlili sübut edir. Əgər 1960-2000-ci illərdə ölkədə il ərzində sel və daş­qın hadisələri 2-3 dəfə baş verirdisə, ötən il həmin hadisələrin sayı 35-ə çatıb. Bu il isə Azərbaycanda 37 sel və daşqın hadisəsi baş verib. Son iki ildə yaşadığımız quraqlıq həm iqtisadiyyat, həm də əhali üçün bö­yük problemlər yaşadıb. Bu da iqlim dəyişmələrinin fəsadlarıdır. Kənd təsərrüfatı üçün risklər artıb. İqlim dəyişmələri həm Azərbaycan, həm də digər ölkələrin dayanıqlı inkişaf məqsədlərinə çatması yolunda çətinliklər yaradır. Odur ki, bütün ölkələrin səylərini birləşdirməsinin məqamıdır”.

IDEA İctimai Birliyinin icraçı direktoru Surxay Şükürov bildi­rib ki, digər sahələrdə olduğu kimi, ekoloji sahədə də vətəndaş cəmiyyətləri, institutları ictimai nəzarət rolunu oynayırlar: “İcti­mai nəzarətin effektivliyinə biz öz təcrübəmizdə şahid oluruq. Hazır­da təşkilatın “1113 – Təbiətin təcili yardımı” qaynar xəttinə yaşıllıqların məhv olunması ilə bağlı daxil olan müraciətlərin sayı beş il əvvələ nisbətən əhəmiyyətli dərəcədə azalıb. Bu, onu göstərir ki, ictimai nəzarət işləyir və effektivdir. Deməli, şəhərimizdə qanunsuz ağackəsmə halları da azalıb. Eyni zamanda, paytaxtın Qaradağ rayonunda IDEA Heyvanlara Qayğı Mərkəzi fəaliyyət göstərir. Həmin mərkəz sahibsiz heyvanlarla məşğul olur. Vətəndaşlar və təşkilatlar mərkəzə küçə heyvanlarını gətirir. Həmçinin gün ərzində onlarla müraciət daxil olur. Bu, onu göstərir ki, vətəndaşlar və qeyri-hökumət təşkilatları bu sahədə olduqca fəaldırlar”.

Qeyd edək ki, “COP26 – hər kəs üçün parlaq gələcəyin təminatı” tədbiri dövlət qurumları, diplomatik missiyalar, özəl sektor, vətəndaş cəmiyyəti və mediadan 80-nə yaxın iştirakçını bir araya gətirib. Onlar iqlim dəyişikliyi ilə mübarizədə hökumət, vətəndaş cəmiyyəti və özəl sektorun rolunu müzakirə ediblər. İştirakçılar bir çox ölkənin pandemiyadan zərər çəkmiş iqti­sadiyyatlarını yenidən qurduğu bir vaxt “yaşıl bərpa” yollarına dair fikir mübadiləsi aparıblar.

23 Oktyabr 2021 00:26 -

Köhnə versiyamızdan xəbərləri izlə