Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Zəngilanda bərpa-quruculuq işləri uğurla davam edir

 

 

Azərbaycan Prezidenti İlham Əliyevin işğaldan azad olunmuş rayonlarımıza səfəri son vaxtlar daha da intensivləşib. Səbəb, təbii ki, həmin rayonlarda yeni infranstruktur layihələrinə başlanılması, təməlqoyma mərasimlərinin, yaxud yeni obyektlərin açılış tədbirlərinin keçirilməsidir. Bu istiqamətdə növbəti səfər oktyabrın 20-də Zəngilan rayonuna oldu. Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva rayonda yenidənqurma, bərpa işlərinin gedişi ilə tanış oldular, ictimaiyyət nümayəndələri ilə görüşdülər.

Dövlət başçısı və Birinci vitse-prezident əvvəlcə rayonun Ağalı kəndində həyata keçirilən “Ağıllı kənd” layihəsi çərçivəsində görülən işlərlə, Zəngilan Beynəlxalq Hava Limanının tikintisi ilə, eləcə də Dövlət Sərhəd Xidmətinin Zəngilan rayonun­da yerləşən hərbi hissə kompleksində yaradılan şəraitlə tanış oldular. Onlar, eyni zamanda, “Azərişıq” ASC-nin Zəngilan Rəqəmsal Yarımstansiya­sının təməlqoyma mərasimində və “Azərenerji” ASC-nin 110/35/10 kV-luq “Zəngilan” yarımstansiyasının açılı­şında iştirak etdilər. Bu səfər, eləcə də Prezidentin bundan əvvəlki səfərləri erməni işğalından azad edilmiş rayonla­rımızda qısa müddət ərzində nə qədər böyük işlərin görüldüyünü göstərir.

Elə buradaca əlavə etmək istərdim ki, Bakıda açılmış yeni bal yarmar­kasında artıq Kəlbəcər və Laçından olan arıçıların məhsulları da satışa da çıxarılıb. Bunu görmək nə qədər qü­rurvericidir. Oxucular yəqin xatırlayırlar ki, Azərbaycan lideri bir neçə ay əvvəl Kəlbəcərə səfəri zamanı artıq rayonda arıçılıq təsərrüfatlarının fəaliyyətə başla­dığını bəyan etmişdi.

Eləcə də Ağalı kəndi. Yaxşı xatırlayı­rıq ki, “Ağıllı kənd” layihəsinin ilk təməli 2021-ci ilin aprelində Prezident İlham Əliyevin Zəngilana səfəri çərçivəsində bu kənddə qoyulmuşdu. Hazırda layihənin icrası ilə bağlı 110 hektardan çox ərazidə tikinti işləri aparılır. İnnovativ tikinti materiallarından istifadə olun­maqla tam izolyasiya olunmuş 200 fərdi ekoloji evin, ikimərtəbəli 4 qeyri-yaşayış binasının, 360 şagird yerlik məktəbin və 60 yerlik uşaq bağçasının tikintisi sürətlə davam etdirilir. Kənddə yaradı­lacaq “Ağıllı məktəb”də distant təhsilin aparılması üçün bütün imkanlar olacaq. Yeraltı kommunikasiya işlərindən içməli su, çirkab və sel suları xətlərinin qazma işlərinə başlanılıb. Park meydanında nəzərdə tutulmuş fəvvarənin ərazisində abadlıq işləri yekunlaşıb. Fəvvarədə quraşdırılacaq memarlıq abidəsi ha­zırlıq mərhələsindədir. Burada müasir şəhərsalma standartları tətbiq olunacaq. Piyada və velosiped yolları çəkiləcək. Bir sözlə, doğma yurdlarına qayıdacaq sakinlər üçün hərtərəfli şərait olacaq.

Prezidentin səfəri zamanı məlum oldu ki, Zəngilanda kənd təsərrüfatının təşkili və inkişafı ilə bağlı da bir sıra işlər görüləcək. Artıq kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə istifadə olunacaq torpaq sahələri müəyyənləşdirilib və lazımi innovativ texnikaların siyahısı hazırlanıb. “Ağıllı kənd təsərrüfatı”nda müasir suvarma sistemlərindən istifadə olunacaq. Bun­dan əlavə, “Ağıllı kənd” layihəsi üçün əkin planı hazırlanıb. Planda nəzərdə tu­tulmuş torpaq sahələrinin əkinə yararlılı­ğı qiymətləndirilib və əkin üçün hazırlığa başlanılıb.

Bundan əlavə, əkin planına əsasən, müəyyənləşdirilən 600 hektar ərazidən 412 hektarının minalardan təmizlənməsi üçün müvafiq işlər aparılıb. “Ağıllı kənd”də kənd təsərrüfatı fəaliyyətinin bərpası və inkişafı üçün müvafiq şəraitin yaradılması məqsədilə layihə çərçivəsində ictimai fermanın qurulması nəzərdə tutulur. Fermada 250 baş iribuy­nuzlu və 600 baş xırdabuynuzlu mal-qaranın saxlanması mümkün olacaq. Burada “Ağıllı idarəetmə sistemi” data və təhlil mərkəzindən həyata keçiriləcək.

Göründüyü kimi, Prezident İlham Əliyev azad olunmuş rayonlarda həyatın bərpası məsələlərini daim diqqətdə saxlayır. Onun bu və ya digər rayona səfəri isə bu işlərin daha tez və daha yaxşı görülməsinə, vaxtında başa çatdırılmasına, bununla yanaşı, həmin ərazilərin yenidən məskunlaşmasına şərait yaradır.

Qasım MƏMMƏDOV,

 Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin prorektoru

23 Oktyabr 2021 00:08 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə