Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan məcburi köçkünlərin qayıdışı üçün yeni model təklif edir

İşğaldan azad edilmiş torpaqlarımıza məcburi köçkünlərin qayıdışına hazırlıq işləri davam etməkdədir. Artıq Böyük Qayıdışa start verilmişdir. Cənab Prezident Cəbrayıl rayonu nümayəndələri ilə görüşündəki çıxışında dedi: “Bizim Böyük Qayıdışımız Cəbrayıldan başlamışdır”. Kəndlərimiz, şəhərlərimiz bərpa edildikcə, məcburi köçkünlərin də bu yerlərə dönməsi təmin ediləcək. Bunun üçün yeni layihələr, planlar hazırlanır.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi sədrinin müavini Fuad Hüseynov BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının İcraiyyə Komitəsinin 72-ci sessiyasında Azərbaycan nümayəndə heyəti adından çıxış edib. Dövlət Komitəsindən verilən məlumata görə, sessiya iştirakçıla­rına Ermənistanın işğalçılıq və deportasiya siyasəti, bunun nəticəsində Azərbaycanda məcburi köçürülməyə məruz qalmış 1 mil­yondan çox insan haqqında məlumat verilib. Bildirilib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə qaçqın və məcburi köçkünlərlə iş sosial sahədə həyata keçirilən dövlət siyasətinin əsas istiqamətlərindəndir, onla­rın sosial problemlərinin həllinə daim xüsusi diqqət yetirilir. Birinci vitse-prezident Mehriban Əliyeva bu kateqoriyadan olan vətəndaşlara həssas və qayğıkeş münasibət göstərir.

Diqqətə çatdırılıb ki, 2020-ci ilin sent­yabrında Ermənistanın növbəti təxribatına cavab olaraq Azərbaycan Ordusu əks-hücum əməliyyatına başlayıb. 44 günlük Vətən müharibəsində qazanılan qələbə təxminən 30 ildir davam edən bu münaqişənin həlli istiqamətində son nöqtəni qoyub. Bu qələbə nəinki ərazi bütövlüyümüz və suverenliyi­mizi bərpa edib, eyni zamanda yüz minlərlə həmvətənimizin öz doğma yurduna qayıdışı üçün zəmin yaratmışdır. Azərbaycanda artıq Dağlıq Qarabağ adlı siyasi və coğrafi yer möv­cud deyil. Prezident İlham Əliyevin imzaladığı fərmanla Qarabağ və Şərqi Zəngəzur iqtisa­di rayonları yaradılıb. Hazırda Azərbaycan dövləti qarşısında işğaldan azad olunmuş ərazilərin bərpasını, dayanıqlı inkişafını və məcburi köçkünlərin daimi yaşayış yerlərinə qayıdış və reinteqrasiyasını təmin etmək kimi şərəfli vəzifə durur. Ölkəmizin iqtisadi inkişa­fına dair əsas məsələlər “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də öz əksini tapıb.

Hazırda işğaldan azad edilmiş ərazilərdə təhlükəsizlik tədbirləri görüldüyü, infrastruktur layihələri icra edildiyi bildirilib, “ağıllı kənd”, “ağıllı şəhər” layihələrinə üstünlük veriləcəyi haqqında məlumat verilib. Eyni zamanda, nəzərə çatdırılıb ki, Ermənistan 30 ilə yaxın müddətdə işğalda saxladığı Azərbaycan tor­paqlarının geniş miqyasını, hətta hərbi təyinatı olmayan torpaqları da minalayıb. İndiyədək Ermənistan minalanmış xəritələri tam olaraq təhvil verməkdən imtina etməklə, fundamental insan haqlarını, xüsusilə insanların yaşamaq hüququnu kobud şəkildə pozur.

Bildirilib ki, Azərbaycan dövləti post-münaqişə bərpası, reinteqrasiyası və keçmiş məcburi köçkünlərin qayıdışı ilə bağlı yeni dünyəvi model təqdim edəcək. İşğaldan azad olunmuş ərazilər cənnətə çevriləcək. Yenidənqurma zamanı beynəlxalq təşkilatların dəstəyi bizim üçün mühüm əhəmiyyət kəsb edir.

Azərbaycan tərəfi miqrasiya və qaç­qın problemləri ilə bağlı götürdüyü bütün beynəlxalq öhdəlikləri ədalətli və konstruk­tiv əməkdaşlıq ruhunda yerinə yetirmək üçün ciddi səylər göstərir, BMT QAK-la və digər beynəlxalq tərəfdaşlarla əməkdaşlığı bundan sonra da davam etdirməyə hazır­dır. Azərbaycan tərəfi qaçqın və məcburi köçkünlərin könüllü, təhlükəsiz və ləyaqətli şəkildə geri qayıtması prosesini 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq BMT QAK-ın dəstəyi ilə beynəlxalq hüququn norma və prinsipləri, xüsusən də dövlətlərin su­verenliyi və ərazi bütövlüyünə hörmət əsasında həyata keçirməyi planlaşdırır.

M.MÜKƏRRƏMOĞLU,

“Xalq qəzeti”

23 Oktyabr 2021 00:53 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə