Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azad edilmiş bölgələrimizə ali diqqətin nümayişi

 

 

Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın son günlərdə Cəbrayıl, Füzuli və Zəngilan rayonlarına səfərləri, rayon ictimaiyyəti nümayəndələri ilə görüşləri regionun inkişafına dövlətin ali diqqətinin bariz nümunəsidir. Bu səfərlər, eyni zamanda, həm iqtisadi, həm də mənəvi-siyasi baxımdan müstəsna önəm daşıyır. Ötən il məhz oktyabr ayında şanlı ordumuz tərəfindən Hadrut qəsəbəsinin, Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı rayonlarının erməni işğalından azad edilməsi müasir tariximizə yeni əlamətdar günlərin yazılması ilə nəticələnib. Bu əlamətdar günləri həmin rayonların ictimaiyyət nümayəndələri ilə birgə qeyd edən dövlətimizin başçısı bununla dünyaya bir daha göstərir ki, Azərbaycan xalqının birliyi sarsılmazdır. Bu fikirləri Milli Məclisin deputatı, professor Aqiyə Naxçıvanlı bildirib.

Deputat qeyd edib ki, bu gün Fü­zuli, Cəbrayıl və Zəngilan rayonların­da, eləcə də, o rayonların kəndlərində aparılan ifrastrukturun yenilənməsi prosesi, bərpa və quruculuq işləri Azərbaycan dövlətinin iqtisadi qüdrətinin, iqtisadi inkişaf konsepsi­yasının mövcudluğunun göstəricisidir. Hələ işğal dövründə də Prezident İlham Əliyev Azərbaycan xalqına müraciətlərində, keçmiş köçkünlərlə keçirdiyi görüşlərdə hər dəfə deyirdi ki, biz nəyin bahasına olursa-olsun, torpaqlarımızı azad etməliyik və əgər lazım olsa, güc tətbiq etməklə öz torpaqlarımızı geri qaytaracağıq. Biz həmin günləri, dövlət başçısının bu fikirlərini yaxşı xatırlayırıq. Bəli, belə də oldu. Hər dəfə olduğu kimi, dövlətimizin başçısı bu vədinə də əməl etdi. Nə işğal dövründə, nə də müharibə dövründə bütün təzyiqlərə, bəyanatlara baxmayaraq, Azərbaycan Prezidentinin polad iradəsinin, xalqı­mızın yenilməz əzminin qarşısında heç bir qüvvə dayana bilmədi. Şanlı Azərbaycan Ordusu erməni işğalçı qoşunlarını darmadağın etdi və bütün dünyaya xalqımızın böyüklüyünü nü­mayiş etdirdi. Dövlətimizin başçısının dediyi kimi, bu şanlı qələbə çoxəsrlik Azərbaycan tarixində əbədi yaşaya­caqdır.

Bu gün Zəngilan, Füzuli, Cəbrayıl şəhərləri və kəndləri sürətlə bərpa edilir. Dövlət başçısı Zəngilana səfəri zamanı da qeyd etdi ki, burada mü­asir logistika-nəqliyyat mərkəzi, yük təyyarələri, sərnişin təyyarələri, dəmir yolu qovşağı, avtomobil yolları, inf­rastruktur qurulacaq. İndi Zəngilanın yeni dövrü başlanır. Şəhərin baş planı hazırlanır. Bir xarici şirkət müsabiqədə qalib gəldi və hesab edirəm ki, yaxın aylarda baş plan təqdim ediləcək. Dövlətimizin başçısı deyib ki, burada təbii gözəllik nəzərə alınaraq müa­sir, çox gözəl bir şəhər qurulacaq. Azad edilmiş torpaqlarda birinci “ağıllı kənd” layihəsi məhz Zəngilan rayonunda həyata keçirilir. Artıq bəzi binalar hazırdır və çalışacağıq ki, gələn ilin əvvəli, bəlkə də bu ilin sonu zəngilanlıları Zəngilana köçürməyə başlayaq.

Həqiqətən də ötən bir ilə nəzər saldıqda, bu istiqamətdə böyük işlərin görüldüyünün şahidi oluruq. Heç bir şübhə ola bilməz ki, azad edil­miş bütün torpaqlarda həyat bərpa olunacaq, vətəndaşlar öz doğma ocaqlarına qayıdacaqlar. Bir il ərzində Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dövləti çox genişmiqyaslı quruculuq işləri ilə, eyni zamanda, şəhər və kəndlərimizin bərpası ilə də məşğul olub. Birinci infrastruktur layihələri də məhz Füzulidə başlamış­dır. Yeri gəlmişkən, dövlətimizin baş­çısı və birinci xanım oktyabrın 17-də Füzuliyə səfər çərçivəsində Rəqəmsal Stansiya İdarəetmə Mərkəzinin və çoxmənzilli yaşayış məhəlləsinin təməlqoyma mərasimlərində iştirak etdilər.

Xüsusi qeyd etmək lazımdır ki, Azərbaycanın iqtisadi qüdrətini və xalqımızın yaradıcı ruhunu nümayiş etdirən ən bariz nümunələrdən biri də cəmi 8 ay ərzində inşa edilmiş Füzuli Beynəlxalq Hava Limanı­dır. Dövlətimizin başçısının Füzuli ictimaiyyəti ilə görüşü zamanı etdiyi çıxışında dediyi kimi, bəlkə də dünya praktikasında, dünya tarixində belə qısa müddət ərzində, minalanmış ərazidə beynəlxalq hava limanları tikilməmişdir.

Professor əlavə edib ki, işğaldan azad edilmiş ərazilərdə aparılan quruculuq işlərinin bütün keçmiş məcburi köçkünlərin tezliklə öz doğma torpaqlarına qayıda bilmələri üçün həyata keçirildiyi və bu günün Azərbaycan Prezidentinin həmin ərazilərə etdiyi hər səfəri ilə bir daha təsdiqini tapır: “Bu gün işğaldan azad edilmiş ərazilərdə görülən bütün işlər yalnız bir məqsəd naminə – keç­miş köçkünlərin tezliklə öz doğma torpaqlarına, dədə-baba yurdları­na qayıda bilmələri üçün həyata keçirilir. Azərbaycan Prezidentinin həmin ərazilərə mütəmadi səfərləri, dövlətimizin başçısının öz əli ilə qoyduğu hər bir təməl daşı isə həmin günü daha da yaxınlaşdırır. İstər Zəngilan, istərsə də digər bölgələrimiz erməni vandalizmindən, işğalçı qüvvələrin törətdikləri vəhşiliklərdən çox zədə almış, xeyli dağıntılara məruz qalmışdır. Hətta Zəngilanda elə kəndlər var ki, onlar tamamilə məhv edilmişdir. Elə təkcə bununla bir daha əmin olmaq mümkündür ki, erməni faşizminin mahiyyəti, məzmunu nədir. Təəssüf ki, 27 illik işğal dönəmində dünya birliyi ermənilərin bu cinayətlərinə göz yumdu, ikili standart­lar sərgiləməkdən belə çəkinmədi. La­kin Azərbaycan Ordusu 27 ildən sonra BMT-nin qətnamələrini təkbaşına icra edərək, öz torpaqlarını düşmən tapdağından azad etdi. Şübhəsiz ki, Ermənistan işğal etdiyi Azərbaycan ərazilərində həm hərbi, həm də insanlıq əleyhinə cinayətlər törədib və bütün bunlara görə mütləq beynəlxalq məhkəmələrdə cavab verməlidir”.

Təqdim etdi:Anar ƏLİ,

 “Xalq qəzeti”

23 Oktyabr 2021 00:52 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə