Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Prezidentin Qarabağa səfərləri regionun dirçəlməsinə xidmət edir

2020-ci ilin sentyabrda başlanan və noyabrda möhtəşəm qələbəmizlə yekunlaşan Vətən müharibəsi nəticəsində işğalda olan torpaqlarımız azad edildi. Bu azadlıq həsrətə, nisgilə də son qoymuş oldu. Ordumuzun rəşadəti və Ali Baş Komandanın əzmkarlığı, qətiyyəti sayəsində ərsəyə gələn bu qələbə ilə Azərbaycan xalqı tarixi ədaləti bərpa etmiş oldu.

Artıq bir ilə yaxındır ki, torpaqla­rımız işğaldan azad edilmiş, həmin bölgələrdə yeni infrastrukturun yaradılması, quruculuq, bərpa işləri geniş vüsət almaqdadır. Proseslər sürətlə gedir. Əminik ki, tez bir zamanda çiçəklənən, inkişaf edən, minalardan təmizlənən, tam təhlükəsiz torpaqlarımıza hər bir azərbaycanlı ayaq basa biləcək, köçkünlərimiz doğma el-obalarına qayıda biləcəklər. Ali Baş Ko­mandan İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın həmin bölgələrimizə artıq ənənə halını alan səfərləri hər dəfə böyük bir uğurlu layihənin təməlinin qoyuluşu ilə nəticələnir. Bununla bütün bərpa-qurucluq işlərinin dövlətin birbaşa qayığısı və nəzarəti ilə əhatə olunduğu­nu göstərən cənab Prezident bir daha sübut edir ki, tez bir za­manda Qarabağ əvvəlki şöhrətini bərpa edəcək, yenidən füsunkar yerlərimizdən birinə çevriləcək.

Bugünlərdə Prezidentin Füzuli rayonuna, sonra isə Zəngilan rayo­nuna səfərləri də artıq sözügedən ənənədən hesab olunur. Vətən müharibəsində hərbi əməliyyatların çox çətin getdiyi, xeyli şəhid və yaralılarımızın olduğu bölgələrdən biri də məhz, Füzuli rayonu idi. Ermənilər 30 ilə yaxın müddətdə bu bölgədə elə möhkəmlənmiş, elə istehkam-bərkitmə işləri aparmış­dılar ki, oranı dağıdıb keçmək, o səddi aşmaq, əslində, müşkül görünürdü. Lakin Milli Ordumu­zun rəşadəti, əzmi sayəsində ermənilərin orada qarşımıza çıxardığı bu maneə bir neçə günün içində puç oldu. Azərbaycan Silahlı Qüvvələrinin mərd, cəsur hərbçiləri düşməni Füzulidə darmadağın etdilər. Bununla Azərbaycan Füzuli şəhərinə yenidən sahib oldu.

Füzulinin işğaldan azad edilməsindən danışarkən, bir simvolik məqama da diqqət yetirilməlidir. Belə ki, bu rayonun müzəffər Ali Baş Komandan İlham Əliyevin komandanlığı ilə azad edilməsini ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə 1993-cü ilin dekabrı və 1994-cü ilin yanvarında həyata keçirilmiş uğurlu Horadiz əməliyyatının məntiqi davamı hesab etmək olar. Yeri gəlmişkən, Horadiz qəsəbəsinə şəhər statusu verilib və işğal dövründə bu qəsəbə qeyri-rəsmi olaraq Füzuli rayonu­nun mərkəzi olub.

Füzulinin azad edilməsi ilə Azərbaycan Ordusunun Şuşaya və digər işğal altında olan tor­paqlara doğru böyük zəfər yürü­şünün yeni mərhələsi başlandı. Təsadüfi deyil ki, Prezident İlham Əliyev Füzuli–Şuşa yolunu Zəfər yolu adlandırıb. Zəfər yolunun tikintisi Azərbaycanın Qarabağda və işğaldan azad edilmiş digər ərazilərimizdə başladığı sürətli və genişvüsətli bərpa, yenidənqurma və nəhəng tikinti işlərinin ilk müjdəçisi oldu. Belə bir çətin şəraitdə, sıx minalanmış ərazilərdə və keçilməz dağlıq relyefdə bu yolun bir il ərzində inşa edilməsi Azərbaycan dövlətinin qüdrətinin göstəricisidir.

Eyni zamanda, cəmi 8 ay ərzində Füzulidə müasir stan­dartlara uyğun və ən böyük təyyarələri qəbul etməyə imkan verən beynəlxalq hava limanının tikintisi də dünya təcrübəsində nadir hadisə hesab oluna bilər. Artıq Füzulinin azad olunmasından keçən 1 ildə görülmüş nəhəng işlər bu ərazinin tezliklə ölkənin aparıcı rayonlarından birinə çevriləcəyinə şübhə yeri qoymur. Füzuli o səbəbdən də önəmlidir ki, bu bölgənin işğaldan azad olunması ilə Azərbaycan özünün cənub sərhədlərinə də nəzarəti tam bərpa etdi və bu da ölkəmizin müstəqilliyinin əsas atributlarından biri kimi dəyərləndirilməlidir.

Füzuli, Cəbrayıl və Zəngilanda ziyalılar Prezidentlə görüşərkən əsas məqam onların ümidlərinin gerçəyə çevrilməsi, dövlətə, dövlət başçısına olan inam, öz ata-baba yurdlarına tezliklə baş tutacaq dö­nüşün möhtəşəm hisslərinin sözlə ifadəsi idi. Ziyalılar torpaqlarımızın azad edilməsi ilə fəxr etdiklərini, oraların yenidən qurulacağına, əvvəlkindən də yaxşı olacağına əminliyini bildirirdilər. Oktyabrın 20-də Şərqi Zəngəzur iqtisadi rayonu­na daxil olan Zəngilan rayonunun düşmənlərdən azad edilməsinin bir illiyində bu rayona səfər edən dövlətimizin başçısı bildirdi ki, bu gün həm zəngilanlılar, həm də bü­tün xalqımız üçün əbədi Zəfər günü kimi qalacaq. Çünki azad edilmiş hər bir şəhərin azad olunma günü tarixi Zəfər Günüdür. Moskvada Azərbaycan, Rusiya, Ermənistan baş nazirləri müavinlərinin növbəti dəfə görüşəcəyini bildirən ölkə rəhbəri qeyd edib ki, bizim mövqeyimiz bir daha orada səslənəcək. Zəngilanda müasir logistika-nəqliyyat mərkəzi, yük təyyarələrinin, sərnişin təyyarələrinin enib-uça biləcəyi aeroport, dəmir yolu qovşağı, avto­mobil yolları, bütün bu infrastruktur qurulacaq. Dövlətimizin başçısı deyib ki, Zəngilandan keçən Oxçu­çay təbii fəlakət zonasıdır: “Oradan götürülən analizlər göstərir ki, zəhərli maddələrin həcmi bəlkə də normanı 10 dəfə, 20 dəfə üstələyir. Biz bu çayları da təmizləyəcəyik və burada dağ-mədən sənayesi inki­şaf edəcək. Vejnəli qızıl yatağını ermənilər xarici şirkətlərlə birlikdə qanunsuz istismar edirdilər. O xari­ci şirkətlərin məhkəməyə verilməsi prosesinə start verdik”.

Prezident Zəngilan Hava Limanı və Zəngəzur dəhlizi məsələsinə də toxunaraq qeyd edib ki, sovet vaxtında Zəngilan hava limanı yox idi. Amma indi nəinki hava limanı, beynəlxalq hava limanı olacaq və Zəngilan ölkəmizin nəqliyyat-logistika mərkəzinə çevriləcək. Zəngəzur dəhlizi buradan keçir, dəmir yolu çəkilir, Horadiz-Ağbənd avtomobil yolu tikilir. Zəngəzur dəhlizinin açılması ilə bağlı son hadisələr onu göstərir ki, istədiyimizə nail oluruq. Dövlət başçımız dedi: “Biz Ordumuzu gücləndirdik, iqtisa­diyyatı gücləndirdik, beynəlxalq mövqelərimizi genişləndirdik və istədiyimizə nail olduq, tarixi ədalətə nail olduq. Bu gün sizinlə bərabər, mən dördüncü dəfədir ki, Zəngilana gəlirəm. Bu, hamımızın qələbəsidir, Azərbaycan xalqının qələbəsidir. Çünki xalqımız bu işğal dövründə əyilmədi, vəziyyətlə barışmadı, öz doğma torpaqları­nı unutmadı. Hətta bu torpaqları görməyən gənclər də bu torpaqla­rın azad edilməsi eşqi ilə yaşamış­lar və ölümə gedən də məhz onlar oldu. Birinci sırada gedən məhz o uşaqlar idi ki, işğaldan sonra dünyaya gəldilər və bəlkə də işğal dövründə onların 5-10 yaşı var idi. Yəni bu onu göstərir ki, xalqımız bu müqəddəs Zəfər Gününü gözləyirdi və bütün çətinliklərə baxmayaraq, bütün əzab-əziyyətlərə baxmaya­raq bu günü gözləyirdi və inanırdı ki, bu gün gələcək”.

Dövlətimizin başçısı deyib ki, bu təbii gözəlliyi nəzərə alaraq mü­asir, çox gözəl bir şəhər qurulacaq: “Azad edilmiş torpaqlarda birinci “ağıllı kənd” layihəsi məhz Zəngilan rayonunda həyata keçirilir. Artıq bəzi binalar hazırdır və çalışacağıq ki, gələn ilin əvvəli, bəlkə də bu ilin sonu zəngilanlıları Zəngilana köçürməyə başlayaq”.

Gördüyümüz kimi, dövlət başçısının bu günlərdə Cəbrayıla, Füzuliyə və Zəngilana səfəri siyasi, iqtisadi prosesin sürətlə getdiyi gerçəkliyini ortaya qoyur. Cənab Prezidentin müntəzəm olaraq işğaldan azad edilən ərazilərə səfər etməsi, görülən işlərin gedişatı ilə maraqlanması, yeni infrastruktur layihələrinin təməlini qoyması və buna özünün nəzarət etməsi, Prezidentin ilk növbədə həmin ərazilərdə yaşayan soydaşlarımıza, sonra isə həmin ərazilərə nə qədər önəm verdiyinin göstəricisidir. Xalqımız Prezidentin bu addımlarını görür və yüksək qiymətləndirir. Ona görə də, bu gün hər bir soydaşımız Prezidentin işğaldan azad olunan torpaqlara səfərini böyük həyəcanla gözləyir. Çünki, hər kəs bilir ki, Prezidentimizin regiona səfərləri işğaldan azad olunan Azərbaycan torpaqlarında hər dəfə hansısa böyük inkişafa hesablanan layihənin başlanğıcının qoyulmasıdır. Bu isə xalqımızı fərəhləndirir, sevindirir və bölgənin sabahına olan inamını möhkəmləndirir.

Bu gün məhz cənab Prezidentin uzaqgörən siyasəti nəticəsində Azərbaycan güclü iqtisadiyyata malik bir dövlətə çevrilməkdədir. İşğaldan azad olunmuş ərazilərimizdə aparılan abadlıq-quruculuq işləri həm də ölkəmizin iqtisadi qüdrətinin göstəricisidir. Bu gün aparılan işlər onu göstərir ki, Azərbaycan Prezidentinin bütün fəaliyyəti soydaşlarımızın işğaldan azad olunmuş torpaqlara “Böyük Qayıdışı”na töhfə verir, xalqın birliyi və Vətənin bölünməzliyinə xidmət edir.

Prezident İlham Əliyev Qarabağ və Şərqi Zəngəzur torpaqlarına səfərlərində böyük layihələrin əsasını qoymaqla yanaşı, qətiyyətli çıxış və ismarıcları ilə də düşmənə gözdağı verir, revanşist qüvvələrə baş qaldıracaqları təqdirdə “Dəmir yumruq”la əziləcəklərini bildirir. Bu gün Bakı şəhərindəki Hərbi Qənimətlər Parkında, eləcə də bu il 27 sentyabrda Prezident, Müzəffər Ali Baş Komandan və Birinci vitse-prezident tərəfindən əsası qoyulmuş Vətən Müharibəsi Memorial Kompleksində və Zəfər Muzeyində Ermənistanın məğlubiyyəti əyani şəkildə göstərilir və göstəriləcəkdir. Əgər hər hansı təxribat olarsa, Ermənistan ordusuna məxsus olan qalan arsenalın da şanlı Ordumuz tərəfindən məhv ediləcəyi, hərbi qənimət olaraq götürüləcək texnikanın Qənimətlər Parkına gətiriləcəyi heç kəsdə şübhə doğurmur. Əlbəttə, Ermənistanın başqa yolu yoxdur, istənilən təxribatdan çəkinməli, eləcə də qıcıqlandırıcı mövqe bildirmək əvəzinə sülh yolunu tutmalı, 10 noyabr Bəyanatındakı bəndlərə əməl etməlidir.

Bu gün şimal qonşumuz Rusiya ilə uzun illərdir qurulmuş dostluq münasibəti hər kəsə məlumdur. Ermənistan və onun havadarla­rının bu münasibətə kölgə sal­mağa cəhd etməsi hər zaman fiaskoya uğramışdır. Gürcüstanla qurulan müttəfiqlik və əməkdaşlıq münasibətləri də hər zaman öz uğurlu nəticəsini verir. Regionda həyata keçirilən layihələrdə birgə iştirak isə hər iki dövlətin xeyrinədir. Ümid edirik ki, hər bir dövlət legitim hüquqlarımıza hörmətlə yanaşa­caq, ölkəmizin ərazi bütövlüyü, sərhədlərinin toxunulmazlığı kimi istər beynəlxalq hüquqla təsbit edilmiş, istərsə də xalqımızın vahid məqsədi olaraq forma­laşmış məfhumlara toxunmağa cəhd etməyəcəkdir. Təklif edil­miş sülh danışıqlarının şərtlərinə Ermənistanın riayət etməsi, eləcə də Zəngəzur dəhlizinin açılma­sı prosesinin sürətləndirilməsi istiqamətində işlər görülməlidir. Bu, üçtərəfli bəyanatda öz əksini tapıb. Ölkəmiz istər qonşu, istərsə də digər dövlətlərlə yalnız dost­luq, əməkdaşlıq münasibətlərinin qurulmasının, eləcə də bütün ölkələrin bir-birinin suverenlik, ərazi bütövlüyünə hörmətlə yanaş­maq prinsipinə riayət edilməsinin tərəfindədir.

Beləliklə, Prezident İlham Əliyevin işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur tor­paqlarına səfəri regionun yenidən dirçəldilməsi və oralara həyatın bir növ yenidən qaytarılmasıdır. Bu səfərlər, əsası qoyulan nəhəng layihələr, eyni zamanda bir il əvvəl tarixi ədalətin bərpa edilməsi nəticəsində əsl sahibinə qaytarılan yurd yerlərimizin bir də heç zaman düşmən məkrinin qurbanı olmaya­cağı anlamı daşıyır.

Adil ƏLIYEV,

Milli Məclis sədrinin müavini

23 Oktyabr 2021 00:38 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə