Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Zaman Azərbaycanın haqlı olduğunu təsdiqlədi

 

 

Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsindən sonra bəzi ölkələr və beynəlxalq təşkilatlar bu tarixi Qələbə münasibətilə rəsmi Bakını təbrik etdilər və viranəyə çevrilmiş torpaqlarımızın bərpasında iştirak etmək istədiklərini bildirdilər. Çox təəssüf ki, dövlətimizin və xalqımızın daim yaxın dost və mehriban qonşu kimi qəbul etdiyi İran İslam Respublikası bizim ərazi bütövlüyümüzün bərpasına sevinmədi. Bu, azmış kimi, Azərbaycanın yüzlərlə yaşayış məntəqəsini, çoxsaylı şəhərlərimizi yerlə-yeksan etmiş Ermənistan kapitulyasiya aktını imzaladıqdan sonra öz ordusunu bərpa etmək üçün İranın köməyindən bəhrələnməyə başladı.

Yaxın qonşumuzdan bu qeyri-səmimi hərəkətləri görəndə ulu öndər Heydər Əliyevin 2002-ci il mayın 20-də İrandan qayıdarkən jurnalistlərə verdiyi müsahibənin bir məqamı yadıma düşmüşdü: “Mən dəfələrlə demişəm və bu gün də deyirəm ki, İran bizim qonşumuz­dur. Biz İranla həm iqtisadi sahədə, həm də başqa sahələrdə çox sıx əməkdaşlıq etməliyik. Bu, həm İranın xeyrinədir, həm də bizim xeyrimizədir. Hesab edirəm ki, bunları hərəkətə gətirmək üçün bu istiqamətdə biz çox faydalı iş gördük”.

Yəni Azərbaycan tərəfi İranla dostluq və tərəfdaşlıq məsələsində həmişə səmimi olub. Hətta İranla düşmənçilik edən ölkələrdən biri hazırladığı hərbi müdaxiləni reallaş­dırmaq üçün Azərbaycan ərazisindən istifadə etmək istəyirdi. Prezident İlham Əliyev İslam təəssübkeşliyi və qonşuluq münasibətlərinə ehtiram əlaməti olaraq qəti şəkildə bəyan etmişdi ki, biz öz ərazimizdən kiməsə qarşı hərbi əməliyyatlar aparılmasına imkan verməyəcəyik. İnsafən, dövlət başçımızın bu jestini rəsmi Tehran böyük minnətdarlıqla qəbul etmişdi.

Bundan başqa, ərazilərimiz Ermənistanın işğalından azad ediləndən sonra Cəbrayıl rayonuna səfər edən Prezident İlham Əliyev Xudafərin körpüsünü “Dostluq kör­püsü” adlandırmış və həmin tarixi abidəni böyük ehtiramla ziyarət etmiş­di. İran rəsmiləri isə həmin günlərdə Azərbaycan Ordusunun diz çökdürdü­yü Ermənistana süni nəfəs verməklə məşğul idilər. Sonra qarşılıqlı ittiham­lar məsələni bir qədər də şişirtdi.

Dövlət başçımızın qətiyyəti, rəsmi Bakının tam ədalətli olduğunu dəfələrlə sübut etməsi, beynəlxalq ictimaiyyətin Azərbaycanın möv­qeyini müdafiə etməsi, eləcə də İranın əsassız iddialarını Ermənistandan başqa heç bir ölkənin dəstəkləməməsi nəticəsində indi vəziyyət xeyli yumşalmışdır. İslam Respublikasının yeni Prezidenti İranda yaşayan azərbaycanlıların nümayəndələri ilə görüşdə xatırlat­mışdır ki, qonşular arasındakı anla­şılmazlıq tərəflərin hər ikisinə ziyan gətirər. Ona görə də biz öz qonşuları­mızla əməkdaşlığı əvvəlki səviyyədə davam etdirəcəyik.

Ekspertlər yazırlar ki, hazırda İran – Azərbaycan münasibətlərində müşahidə olunan müsbət meyillər Azərbaycanın haqlı tərəf olduğunu bir daha təsdiq etdi. Azərbaycan heç bir ölkənin onun suveren hüquqlarını, ərazi bütövlüyünü pozmasına imkan verməyəcəyini bəyan etmişdi və öz mövqeyində qəti olduğunu bir daha göstərdi.

Biz nə istəyirdik? Deyirdik ki, İran iş adamlarının ermənilərin yaşadığı ərazilərlə qeyri-qanuni əlaqələrinə son qoyulsun! Təbii ki, bu məqsədlə ilk növbədə diplomatik kanallarla müvafiq mesajlar göndərilmişdi, sonra nota təqdim olunmuşdu, sonda isə bu vasitələr nəticə vermədiyinə və İran tərəfindən inkar edildiyinə görə, zəruri tədbirlərə əl atılaraq qəti addımlar atılmışdı.

Nəticədə İranın aidiyyəti or­qanlarının həmkarlar ittifaqlarına, şirkətlərə müvafiq tövsiyələr verməsi, bu problemə son qoyulacağı barədə öhdəlik götürməsi Azərbaycanın haqlı tələblərinin icra olunduğunu bir daha nümayiş etdirdi. Yəni yenə də zaman Azərbaycanın xeyrinə işlədi və dövlətimiz sübut etdi ki, heç kim onunla diktə və təzyiq dilində danışa, ona öz iradəsini qəbul etdirə bilməz.

Gənc, müstəqil Azərbaycan dövləti sübut etdi ki, nə İrandan gələn hədələr, nə də keçirdikləri hərbi təlimlər Azərbaycanı qorxuda bilər. Rəsmi Bakı bütün müstəvilərdə hər bir təzyiq və təpki cəhdinə adekvat cavab veriləcəyini öz qəti mövqeyi ilə nümayiş etdirdi.

Biz həmişəki mövqeyimizdə qalırıq. Heç kəsin daxili işlərinə qarışmırıq və bizim daxili işlərimizə müdaxilə etmək istəyənlərə də imkan verməyəcəyik!

İttifaq MİRZƏBƏYLİ,

“Xalq qəzeti”

23 Oktyabr 2021 00:35 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə