Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Zəfər tarixinin xronikası: 23 oktyabr 2020-ci il

 

Həmin gün:

– Prezident İlham Əliyev özünün rəsmi “Twitter” səhifəsində bildirib: “Müzəffər Azərbaycan Ordusu Xocavənd rayonunun Dolanar, Bünyadlı kəndlərini, Cəbrayıl rayo­nunun Dağ Tumas, Nüsüs, Xələfli, Minbaşılı, Veysəlli, Zəngilan rayonunun Vənədli və Mirzəhəsənli kəndlərini işğaldan azad etmişdir. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!”;

– Prezident İlham Əliyev “Twitter” səhifəsində yayımlanan ikinci bir paylaşımda diqqətə çatdırıb: “Müzəffər Azərbaycan Ordu­su Qubadlı rayonunun Zilanlı, Kürd Mahrızlı, Muğanlı və Alaqurşaq kəndlərini işğaldan azad etmişdir. Eşq olsun Azərbaycan Ordusu­na! Qarabağ Azərbaycandır!”;

– Prezident İlham Əliyev Milli Qəhrəman, Qubadlının azadlığı uğrunda şəhid olmuş Şükür Həmidovun atası Nəriman Həmidovla telefonla danışıb.

Dövlətimizin başçısı Şükür Həmidovun həlak olması ilə bağlı başsağlığı verib, qeyd edib ki, Şükür Həmidov hələ Aprel döyüşləri zamanı göstərdiyi şücaətə görə Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüş və Azərbaycan Prezidenti şəxsən özü ona qəhrəman ulduzunu təqdim etmiş­di. Dövlətimizin başçısı vurğulayıb ki, Şükür Həmidov bu dəfə Qubadlı rayonunun azadlığı uğrunda döyüşlərdə qəhrəmancasına vuru­şaraq şəhid olmuşdur. Prezident İlham Əliyev Şükürün doğulduğu və azadlığı uğrunda həlak olduğu Qubadlı rayonunda onun adının əbədiləşdiriləcəyini vurğulamışdır.

Nəriman Həmidov dövlətimizin başçısına təşəkkürünü bildirərək Azərbaycan xalqının Ali Baş Komandan kimi onun ətrafında sıx birləşdiyini və bundan sonra da Azərbaycan Prezidentinə dəstək olacağına əminliyini ifadə edib.

BMT Təhlükəsizlik Şurasında Ermənistan-Azərbaycan münaqişəsinə dair müzakirələr aparılıb

Prezidentin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin KİV-ə açıqlamasında bildirib: “İyirmi beş illik fasilədən sonra BMT Təhlükəsizlik Şurasında Ermənistan–Azərbaycan münaqişəsinə dair 29 sentyabr və 19 oktyabrda müzakirələr keçirilib. Təəssüf hissi ilə qeyd etmək istərdik ki, 1993-cü ildə BMT Təhlükəsizlik Şurasının Azərbaycan ərazilərinin işğalı ilə əlaqədar 822, 853, 874 və 884 saylı dörd qətnaməsinin qəbul olmasına baxmayaraq, BMT TŞ-də Ermənistan–Azərbaycan münaqişəsi ilə əlaqədar sonuncu müzakirələr 1995-ci ildə keçirilib.

BMT Təhlükəsizlik Şurasının qətnamələrində Ermənistanın Azərbaycana qarşı gücdən istifadə etməsi pislənilir, Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olduğu vurğulanır və Ermənistan qoşun­larının Azərbaycanın bütün işğal olunmuş ərazilərindən qeyd-şərtsiz və tam çıxarılması tələb olunur.

19 oktyabrda BMT TŞ-də Ermənistan-Azərbaycan münaqişəsi ilə əlaqədar keçi­rilmiş müzakirələrdən sonra TŞ-nin sədri adından bəyanat layihəsi hazırlanıb. Bəyanat layihəsində BMT TŞ-nin məlum qətnamələrinə istinad öz əksini tapmayıb. Sözügedən layihə əsasən Rusiya Federasiyası və Fransa tərəfindən hazırlanıb.

BMT TŞ-nin qeyri-daimi üzvləri olan və Qoşulmama Hərəkatının üzvü olan İndonezi­ya, Niger, Tunis, Vyetnam, Cənubi Afrika, Sent Vinsent və Qrenadin və Dominikan Respub­likası iki dəfə sükut prosedurunu pozaraq, BMT TŞ qətnamələrinə istinadın bəyanata daxil edilməsinə israr ediblər. Bununla həmin dövlətlər BMT Nizamnaməsinə, beynəlxalq hüququn norma və prinsiplərinə, BMT TŞ-nin qətnamələrinə, Bandunq prinsiplərinə, QH-nın sənədlərinə sadiqliyini növbəti dəfə nümayiş etdiriblər.

Qoşulmama Hərəkatı üzv dövlətlərinin is­rarlı və prinsipial mövqeyindən sonra haqqın­da bəhs olunan bəyanat layihəsi rəsmən geri götürülüb”.

Müdafiə Nazirliyi məlumat yayıb

Cəbhənin Ağdərə, Füzuli–Hadrut–Cəbrayıl və Qubadlı istiqamətlərində döyüş əməliyyatları müxtəlif intensivliklə davam edib. Düşmən müdafiə mövqelərimizi atıcı silahlar, minaatanlar və toplardan atəşə tutub.

Azərbaycan Ordusunun keçirdiyi əməliyyatlar nəticəsində cəbhənin Füzu­li, Cəbrayıl və Qubadlı istiqamətlərində Ermənistan silahlı qüvvələrinə ciddi zərbələr vurulub, düşmənin bir neçə dayaq məntəqəsi dağıdılıb, vacib ərazi və yüksəkliklər azad edilib.

Bütün cəbhə boyu düşmənin əsas ehtiyat­larına, hərbi infrastrukturuna bərpa olunmayan zərər vurulub. Düşmən bölmələrində döyüş texnikası, silah və sursat, ərzaq çatışmazlığı yaşanıb. Düşmən qoşunlarının idarə edilməsi praktiki olaraq itirilib. Döyüş mövqelərini qoru­maq üçün nizami ordu bölmələri çatışmadığın­dan onların əvəzinə məcburi şəkildə toplanan mülki insanlar gətirilib.

Ermənistanın Tavuş və Sisian rayonundan Qarabağa gətirilmiş şəxsi heyət döyüşlərə girməkdən imtina edib.

Ermənistan silahlı qüvvələrinə məxsus 2 pilotsuz uçuş aparatı (PUA) Azərbaycan Hava Hücumundan Müdafiə bölmələri tərəfindən aşkar olunaraq məhv edilib. Digər 2 PUA isə xüsusi texniki vasitələrlə yerə endirilib.

Ağcabədi rayonu istiqamətində uçuş keçirməyə cəhd göstərən Ermənistan silahlı qüvvələrinə məxsus daha bir taktiki pilotsuz uçuş aparatı bölmələrimiz tərəfindən məhv edilib.

Ermənistanın dinc əhaliyə qarşı törətdiyi cinayətlərin son statistikası

Oktyabrın 4-də, 11-də, 17-də raket və ağır artilleriya hücumları nəticəsində Gəncə şəhərində 25 nəfər həlak olub, 139 nəfər yaralanıb. Şəhərdə yerləşən mülki infrastruk­tur obyektlərinə, nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib. Goranboy rayonunda 7 nəfər həlak olub, 10 nəfər yaralanıb.

Sentyabrın 27-də saat 18:00 radələrində Naftalan şəhərinin Qaşaltı-Qaraqoyunlu kənd sakini Qurbanov Elbrus İsa oğlunun evinə top mərmisinin düşməsi nəticəsində bir ailənin beş üzvü məhv olub. Eləcə də Tərtər rayonun­da 16 nəfər həlak olub, 50 nəfər yaralanıb.

Bərdə rayonunda 2 nəfər, Beyləqanda 2 nəfər, Ağcabədidə 1 nəfər, Füzulidə 3 nəfər, Ağdamda isə 7 nəfər həlak olub.

Ümumilikdə, sentyabrın 27-dən oktyabrın 23-dək Ermənistan silahlı qüvvələrinin yaşayış məntəqələrimizi ağır artilleriya qurğuların­dan və raket sistemlərindən atəşə tutması nəticəsində mülki şəxslərdən 63 nəfər həlak olub, 298 nəfər isə xəsarət alıb.

Qeyd edək ki, rəşadətli Azərbaycan Ordusunun sarsıdıcı cavab zərbələri qarşı­sında sürətlə geri çəkilən düşmən beynəlxalq hüququn norma və prinsiplərini, 1949-cu il tarixli Cenevrə konvensiyaları və onların Əlavə protokollarını, BMT-nin Təhlükəsizlik Şura­sının qərar və qətnamələrini kobud şəkildə pozaraq, Azərbaycanın dinc əhalisini qəsdən hədəfə almaqla döyüş əməliyyatlarının aparıldığı bölgədən uzaqlıqda yerləşən Azərbaycan şəhərlərini və əhalinin sıx yaşadı­ğı məntəqələri intensiv atəşə tutur.

“Xalq qəzeti”

23 Oktyabr 2021 09:00 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Köhnə versiyamızdan xəbərləri izlə