Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Bundan sonra biz müzəffər xalq kimi yaşayacağıq”

 

 

Azərbaycanda heç vaxt dini, milli zəmində hər hansı qarşıdurma, anlaşılmazlıq olmamışdır. İkinci Qarabağ müharibəsi bunu bir daha göstərdi. Yəni, bütün xalqların nümayəndələri bir bayraq altında bir yumruq kimi birləşdi və bu Qələbədə Azərbaycanda yaşayan hər bir xalqın öz qiymətli və dəyərli payı var.

İlham ƏLİYEV

Azərbaycan Respublikasının Prezidenti

 

Bu günlərdə sosial şəbəkədə bir şəhid bacısının ürək sözlərini oxudum. Gənc xanım bildirib ki, cənab Ali Baş Komandan İlham Əliyevin tez-tez təkrar etdiyi iki cümlə var ki, mən o cümlələri hər gün neçə dəfə təkrar edirəmsə, bilmirəm. Birinci cümlə 44 günlük müharibədən əvvəl deyilmişdi: “Qarabağ Azərbaycandır, nida işarəsi” Fəxr edirəm ki, dövlət başçımızın son bir ildə az qala bütün tədbirlərdə təkrarladığı ikinci cümlənin yaranmasında mənim aslan qardaşımın da payı vardır: “Azərbaycan xalqı qalib xalqdır!”

Şəhid bacısı əlavə edib ki, “Azərbaycan xalqı qalib xalqdır” – deyəndə, təkcə 44 günlük müharibədə qalib gəlmiş Ali Baş Komandanımız, ordumuz, siyasətçilərimiz, diplomat­larımız nəzərdə tutulmur, dünya­dakı bütün soydaşlarımız nəzərdə tutulur. Avropadakı, Amerikadakı azərbaycanlılara da bu ləyaqət statu­sunu qazandırmış böyük sərkərdənin əsgərlərindən birinin də mənim qardaşım olduğuna görə fəxarət hissi keçirirəm.

Dövlət başçımızın bu deyimini biz də təkrar edirik: “Biz bundan sonra qalib ölkə, müzəffər xalq kimi yaşa­yacağıq və azad edilmiş torpaqları quracağıq, bərpa edəcəyik. O tor­paqlara artıq həyat qayıdır, insanlar qayıdır. Bu qayıdışı ən qısa müddət ərzində təmin etmək bu gün bizim başlıca vəzifəmizdir. Öz müraciətimi Qələbəmizin ayrılmaz hissəsi olan sözlərlə tamamlamaq istəyirəm: Qara­bağ bizimdir! Qarabağ Azərbaycandır!”

Bəli, tarixi, unudulmaz, xal­qa üzağlığı, millətə başucalığı gətirən, Azərbaycan bayrağının bütün ərazilərimizdə dalğalanmasını təmin edən, dünya konfliktoloqlarını heyrətləndirən, ermənilərin özlərini və havadarlarını mat qoyan, görkəmli hərbçilərin öyrənməyə çalışdığı bir qələbənin qürurunu yaşayırıq. Otuz il qabaq bu qələbə haqqında heç birimiz nəinki yaza, heç düşünə də bilməzdik. Otuz il bundan sonra isə bu zəfərdə payı olmuş indiki gənc hərbçilərimizin danışmağa və yazmağa çox sözü olacaq.

Yazacaqlar ki, İkinci Qarabağ müharibəsi bizim şanlı tariximizdir. Bu qələbə tarixdə əbədi qalacaq. Qeyd edəcəklər ki, Azərbaycan Silahlı Qüvvələri 44 gün ərzində düşmən ordusunu məhv edərək öz ərazi bü­tövlüyünü bərpa etdi. O illərdə ölkəyə rəhbərlik edən İlham Əliyev dəfələrlə deyirdi ki, Azərbaycan xalqı heç vaxt bu işğalla barışmayacaq. Prezident öz xalqını əmin edirdi ki, nəyin bahasına olursa-olsun, biz öz torpaqlarımızı geri qaytaracağıq. Bu, belə də oldu. Biz düşməni torpaqlarımızdan qovduq və ədaləti, beynəlxalq hüququ bərpa etdik. Prezident Azərbaycan xalqı­nın milli ləyaqətini bərpa etdi. Həmin qələbədən sonra Azərbaycan xalqı müzəffər xalq kimi yaşamağa başladı. Gələcək nəsillərimiz bugünkü sələfləri ilə fəxr edəcəklər. Çünki zəmanəmizdə Azərbaycan qalib dövlət imicini qa­zandı.

Elə bu gün də deməyə sözü­müz az deyil. Bütün dünya gördü ki, müharibə dövründə Azərbaycan xalqı ordumuzun arxasında möhkəm dayanaraq ona əlavə güc verdi. Bütün insani keyfiyyətlərdən məhrum olan ermənilərin günahsız soydaşlarımızı qırması, şəhər və kəndlərimizi dağıt­ması Azərbaycan xalqının iradəsini qıra bilmədi. Dövlət başçımızın dediyi kimi, biz hər gün irəli gedirdik, hər gün qələbə qazanırdıq, hər gün yeni uğurlar haqqında məlumatlar daxil olurdu: “44 gün ərzində bir gün də olmayıb ki, biz geriyə addım ataq. Ancaq mənfur düşmən, – baxmayaraq ki, onların əlində əlverişli mövqelər var idi, ərazinin relyefi onlara böyük üstünlük təşkil edirdi, baxmayaraq ki, 30 il ərzində 5-6 xətdən ibarət müdafiə istehkamları qurulmuşdu – geri getməyə məcbur olmuşdur. 44 günlük müharibə zamanı Azərbaycan Silahlı Qüvvələrində bir nəfər də olsun fərari olmamışdır. Ancaq Ermənistan ordu­sunda 10 mindən çox fərari olmuş­dur. Biz şəhidlərimizlə, qazilərimizlə fəxr edirik, eyni zamanda, Vətən müharibəsində qəhrəmanlıq göstərmiş hərbçilərimizlə, əsgər-zabitlərimizlə fəxr edirik. Onların qəhrəmanlığı, onların fədakarlığı heç vaxt unudulma­yacaq. Biz bütün dünyaya göstərdik ki, Azərbaycan xalqı böyük xalqdır, Azərbaycan xalqı bu ədalətsizliklə heç vaxt barışmaq fikrində deyildi”.

İndi biz cənab Prezidentin “Azərbaycan xalqı böyük xalqdır”, “Azərbaycan xalqı qalib xalqdır” ifadələrini işlətdiyi bir müraciətdən söz açırıq. Ancaq dövlət başçımız həm müharibə gedən günlərdə dünya mətbuatına verdiyi otuzdan çox müsahibədə, çoxsaylı müraciətlərində, həm də postmüharibə dövründəki çıxışlarında daim xalqa arxalandığını, xalqın isə dövlətə və orduya verdiyi dəstəyin möhtəşəmliyini dönə-dönə xatırladır. Fikrimizcə, İlham Əliyevin bütün uğurlarının təməlində onun qədirbilənliyi və baş verən prosesləri obyektiv qiymətləndirməsi dayanır. Yoxsa, cəmi 44 gün ərzində 300-dən çox şəhər və kəndin döyüş meyda­nında işğaldan azad edilməsi necə mümkün ola bilərdi?

Son nəticə isə ondan ibarətdir ki, Azərbaycan dövləti öz ərazi bütövlüyü­nü bərpa etdi, müharibə arxada qaldı. Ermənilərin və onların havadarlarının Azərbaycana təzyiq göstərmək alətinə çevirdikləri “Dağlıq Qarabağ vilayəti” birdəfəlik arxivə getdi. Prezidentin də dediyi kimi, daha Azərbaycanda “Dağ­lıq Qarabağ” adlı inzibati ərazi mövcud deyil və əgər kimsə “Dağlıq Qarabağ” adlı ölünü diriltmək istəyirsə, onu öz ərazisində diriltsin, öz ərazisində “Dağlıq Qarabağ” adlı qurum yaratsın.

Söhbət xalqın qələbəsindən, millətin nailiyyətlərindən getdiyinə görə, bu məqamda ulu öndər Heydər Əliyevin on illər əvvəl nümayiş etdir­diyi bir uzaqgörənliyi də xatırlatmaq istəyirəm. Belə ki, ümummilli lideri­mizin söylədiyi “Bir millət, iki dövlət!” tezisi Azərbaycanın öz ərazi bütövlü­yünü bərpa etmək üçün qalxdığı 44 günlük müharibə ərzində, sözün həqiqi mənasında, öz təsdiqini tapdı. Həmin günlərdə bizə ən böyük dəstək verən qardaş Türkiyə oldu.

Bu məsələni xüsusilə qabar­dan dövlət başçımız Anım Günü münasibətilə xalqa ünvanladığı müraciətdə demişdir: “Qardaş Türkiyə və qardaş türk xalqı müharibənin ilk saatlarından Azərbaycanla həmrəy oldular, Azərbaycana öz dəstəyini göstərdilər. Türkiyə rəhbərliyi və əziz qardaşım Prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən verilən açıqlama­lar bizə çox böyük siyasi dəstək oldu, bizə əlavə güc verdi və biz bunu heç vaxt unutmayacağıq. 44 günlük Vətən müharibəsi bütün dünyaya Türkiyə –Azərbaycan birliyini bir daha göstərdi”.

Ancaq təkcə Türkiyə Cümhuriyyəti deyil, mütərəqqi ölkələrin hamısı bizim haqq işimizi dəstəklədilər. Çünki söhbət regiondakı sosial-iqti­sadi inkişafa mane olan, işğal edilmiş Azərbaycan ərazilərini narkoticarət mərkəzinə çevirən, İkinci Dünya müharibəsi zamanı məhv edil­miş faşizm ideologiyasını dirildib onu bayrağa çevirən ölkənin diz çökdürülməsindən gedirdi. Azərbaycan 44 gün ərzində erməni faşizminin məhvinə nail oldu.

Bu sətirləri də elə dövlət başçı­mızın erməni faşizmini diriltməyə çalışanlara ünvanladığı xəbərdarlıqla tamamlayırıq: “Əgər biz görsək ki, erməni faşizmi baş qaldırır, əgər biz görsək ki, xalqımıza, dövlətimizə yeni təhlükə mənbəyi yaranır, heç tərəddüd etmədən erməni faşizminin başını bir daha əzəcəyik. Bunu hər kəs bilsin! Müharibənin və Qələbənin rəmzi olan “dəmir yumruq” yerindədir, bunu heç kim unutmasın!”

İttifaq MİRZƏBƏYLİ,

“Xalq qəzeti”

23 Oktyabr 2021 00:25 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə