Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Bizə bu sevinci yaşadan Ali Baş Komandana minnətdarıq

 

 

Dövlətimizin başçısı, Ali Baş Komandan İlham Əliyevin ötən il oktyabrın 20-də Zəngilan şəhərinin və rayonunun bir neçə kəndinin azad olunduğu barədə verdiyi xəbəri eşidəndə yaşadığım hissi bu gün də sözlə ifadə etməkdə çətinlik çəkirəm… Gözlərim önünə rəhmətlik atam, anam, doğmalarım gəldi… Vətən həsrəti ilə köçdülər bu dünyadan. İndi ruhları şaddır.

İyirmi səkkiz il sonra uşaqlığımın, yeniyetməliyimin, gəncliyimin keçdiyi torpağa bir azdan qayıdacağım, məskunlaşacağım gün uzaqda deyil. O günü həsrətlə, intizarla gözləyirəm. Axı ora – doğma Havalı Vətənimin bir parçasıdır, bütün xatirələrim o yurdla bağ­lıdır...

Biz Zəngilanın işğalda saxlanıldığı 27 il ərzində yaşadığımız məcburi köçkün həyatının ilk illəri sosial baxımdan çətinliklərlə üzləşsək də, sonrakı vaxtlarda mənzil-məişət şəraitimiz yaxşılaşdırıldı. Bütün problemlərimizə diqqətlə yanaşıldı. Lakin bütün bunlara baxmayaraq Vətən, yurd həsrəti bizi tərk etmədi. Başqa cür də ola bilməzdi. İnsan doğulduğu, ayaq açdığı torpağı necə yaddan çıxara bilər?! Bəli, o illərdə hamımız bir arzu ilə – öz torpağımıza qayıtmaq, orada ömür-gün sürmək istəyi ilə yaşayırdıq və bu müqəddəs arzuya qovuş­mağımıza inanırdıq. Ona görə ki, bu inamı, əminliyi bizdə cənab İlham Əliyev yaratmışdı.

Ölkə rəhbəri məcburu köçkünlərlə görüşlərində daim bildirirdi ki, biz Vətənimizin bütövlüyünə, işğaldakı ərazilərimizin azad edilməsinə mütləq nail olacağıq. Zaman yetişəndə hamı bu sözlərin səmimiliyini bildi. Bütün xalqımız Prezidentin, Ali Baş Koman­danın, müzəffər ordumuzun ətrafında sıx birləşdi, həm birliyimiz, gücümüz, hərbi-texniki təchizatımız, həm də mənəvi ruhumuzla par­laq zəfər əldə etdik.

Bir sözlə, biz Vətənə qovuşduq, Azərbaycan Prezidentinin “nəyi nə vaxt və necə etmək lazımdır” sözünün müdrikliyi­nin şahidi olduq. Bu, həm də cənab İlham Əliyevin verdiyi bütün vədləri yerinə yetirən, sözünə sadiq olan bir dövlət başçısı olduğunu təsdiqlədi.

Biz artıq köçkün deyilik, bu ağır adı daha çiyinlərimizdə daşımırıq. Əminliklə deyirəm, bu sevinci, bu xoşbəxtliyi bizə yaşadan Prezidentimizə daim minnətdarıq.

Nazim DÜNYAMALIYEV,

Zəngilanlı keçmiş məcburi köçkün, müəllim

23 Oktyabr 2021 00:20 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə