Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Volfqanq Sobotka: Avstriya ilə Azərbaycan arasında ticarət əlaqələrinin genişləndirilməsi üçün hər iki tərəfdə böyük potensial var

 

 

Milli Məclisin sədri Sahibə Qafarova Yunanıstana işgüzar səfəri çərçivəsində Avstriya Respublikası parlamenti Milli Şurasının sədri Volfqanq Sobotka ilə görüşüb.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, görüşdə Sahibə Qafarova ölkələrimiz və xalqlarımız arasında əlaqələrin dərinləşməsində dövlət başçıları və hökumət rəsmilərinin qarşılıq­lı səfərlərinin və bu səfərlər zamanı imzalanan sənədlərin əhəmiyyətindən danışıb. Diqqətə çatdırıb ki, Azərbaycan Avstriya ilə ikitərəfli əlaqələrin inkişa­fında, həmçinin beynəlxalq və regional təşkilatlar çərçivəsində əməkdaşlığın genişlənməsində maraqlıdır.

Söhbət zamanı Milli Məclisin sədri Azərbaycanla Avstriya parlamentləri ara­sında əməkdaşlığın inkişaf perspektivləri barədə danışıb.

Görüşdə Milli Məclisin sədri qeyd edib ki, Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı möhtəşəm Zəfərin birinci ildönümü ərəfəsindəyik. Bir il öncə Ermənistanın 30 illik işğalına öz gücü hesabına son qoyan və ərazi bütövlüyünü bərpa edən Azərbaycan BMT Təhlükəsizlik Şurasının uzun illər kağız üzərində qalmış 4 qətnaməsinin ic­rasını təmin edib. Ötən il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatdan sonra bölgədə yeni reallıqlar yaranıb.

Milli Məclisin sədri bildirib ki, münaqişə artıq tarixə qovuşub. Hazır­da Azərbaycan gələcəyə hədəflənmiş layihələr icra edir, işğaldan azad olun­muş ərazilərimizdə sürətli bərpa və quruculuq işləri aparılır. Sahibə Qa­farova xatırladıb ki, cari ilin iyulunda Prezident İlham Əliyevin imzaladığı fərmana əsasən, Azərbaycan Respubli­kasında iqtisadi rayonların yeni bölgüsü müəyyənləşdirilib. Bu fərmana əsasən, iki yeni rayon – Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları yaradılıb. O deyib ki, 10 noyabr Bəyanatından bir ilə yaxın vaxt ötməsinə baxmaya­raq, Ermənistan hələ də minalanmış ərazilərin xəritələrini təqdim etməyib. Bu, beynəlxalq humanitar hüququn kobud şəkildə pozulmasıdır.

Söhbət zamanı Avstriya parlamenti Milli Şurasının sədri Volfqanq Sobot­ka iki ölkə arasında parlamentlərarası əlaqələri daha da inkişaf etdirmək üçün qarşılıqlı səfərlərin vacibliyini qeyd edib. O, Azərbaycanın regionda­kı iri beynəlxalq enerji və infrastruktur layihələrin həyata keçirilməsindəki aparı­cı rolu, ölkəmizin Avropanın etibarlı ener­ji tərəfdaşı qismində çıxış etməsi barədə danışıb. Diqqətə çatdırıb ki, ticarət əlaqələrinin və investisiya yatırımlarının artırılması üçün hər iki tərəfdə böyük potensial var.

Görüşdə tərəfləri maraqlandıran bir sıra digər məsələlər də müzakirə olunub.

AZƏRTAC

22 Oktyabr 2021 22:45 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə