Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

DİA-da “Cənubi Qafqaz: postmünaqişə vəziyyətinin siyasi-hüquqi aspektləri” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirilib

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası (DİA) və AMEA Hüquq və İnsan Haqları İnstitutunun birgə təşkilatçılığı ilə 44 günlük Vətən müharibəsində Azərbaycan xalqının parlaq Qələbəsinin birinci ildönümünə həsr olunan “Cənubi Qafqaz: postmünaqişə vəziyyətinin siyasi-hüquqi aspektləri” mövzusunda beynəlxalq elmi-praktik onlayn konfrans keçirilib.

DİA-dan "Xalq qəzeti"nə verilən məlumata görə, beynəlxalq konfransın açılış mərasimində Dövlət İdarəçilik Akademiyasının rektoru akademik Urxan Ələkbərov və AMEA Hüquq və İnsan Haqları İnstitutunun direktoru professor Aytən Mustafazadə çıxış ediblər. Çıxışlarda Vətən müharibəsində Azərbaycanın ərazi bütövlüyünün tam bərpası ilə nəticələnən tarixi Qələbə Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusunun rəşadəti, eləcə də dövlətimizin başçısının innovativ inkişaf strategiyasının təntənəli yekunu kimi dəyərləndirilib.

Konfrans iştirakçılarını Suxumi (Gürcüstan) Dövlət Universitetinin rektoru, Gürcüstan Pedaqoji Elmlər Akademiyasının prezidenti professor, səfir Zurab Xonelidze salamlayıb. O, Azərbaycan Respublikasının Prezidenti yanında DİA və AMEA-nın Hüquq və İnsan Haqları İnstitutu ilə həyata keçirilən əməkdaşlıq haqqında danışıb.

Tədbir iştirakçılarına professor Namiq Əliyevin elmi redaktəsi ilə “Elm və təhsil” nəşriyyatında Azərbaycan və rus dillərində çap olunmuş məqalələr toplusu təqdim olunub.

Daha sonra 9 ölkədən (Azərbaycan, Gürcüstan, İsrail, Litva, Moldova, Polşa, Rusiya, Qazaxıstan, Qırğızıstan) konfransa qatılan görkəmli alim və tədqiqatçılar hazırladıqları təqdimatlarla çıxış edərək, müzakirələr aparıblar. Müzakirələrdə Azərbaycanın 44 günlük parlaq qələbəsi, müharibənin geosiyasi nəticələri, erməni revanşizminin Cənubi Qafqazın təhlükəsizliyinə ciddi təhdid yaratması, müharibədən sonra Mərkəzi Asiya və Cənubi Qafqaz ölkələri arasında əməkdaşlıq, azad edilmiş Qarabağ ərazilərinin bərpasının geoiqtisadi perspektivləri, Zəngəzur tranzit dəhlizinin əhəmiyyəti və s. mövzularda məruzələr təqdim ediblər.

22 Oktyabr 2021 11:11 - ELM
ELM

Köhnə versiyamızdan xəbərləri izlə