Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

R.T.Ərdoğan: İstanbul dünyanın əsas maliyyə mərkəzlərindən birinə çevriləcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan dünən İstanbulda işinə başlayan “Regional maliyyə konfransı”nın iştirakçılarına videoformatda müraciət ünvanlayıb. Müraciətdə qarşıdakı illər ərzində Türkiyə hökumətinin maliyyə siyasətinin prioritetləri öz əksini tapıb. Bu barədə “Anadolu” agentliyi məlumat yayıb.

Dövlət başçısı bildirib ki, Türkiyə hökumətinin əsas hədəflərindən biri İstanbu­lun dünyanın maliyyə mərkəzlərindən birinə çevrilməsinə nail olmaqdır. Onun fikrincə, ən böyük meqapolislərdən biri olan İstanbulun digər maliyyə mərkəzlərindən bir çox üstün cəhətləri olacaq. Onlardan biri İstanbulun özündə ənənəvi Qərb bankçılığı ilə yanaşı, İslam bankçılığını da təcəssüm etdirməsidir.

Prezident sonra vurğulayıb ki, Türkiyə son illər yerli və əcnəbi sərmayədarların bu ölkədə sərbəst və uğurlu fəaliyyəti üçün hər cür şərait yaradıb və bundan sonra da yaradacaq. R.T.Ərdoğan bildirib ki, Türkiyə hökuməti qlobal pandemiyanın fəsadlarını minimal səviyyəyə endirmək üçün bütün vacib tədbirləri görüb. Həmin düşünülmüş tədbirlər artıq öz praktiki səmərəsini verib.

Dövlət başçısı Türkiyənin hazırkı maliyyə durumunu qlobal iqtisadiyyatla müqayisə edib. Əksər göstəricilər Türkiyənin xeyrinədir. Belə ki, dünya iqtisadiyyatı 2020-ci ildə 3,5 faiz geriləyib. Qlobal ticarət dövriyyəsinin həcmi isə 10 faizdən çox azalıb. Türkiyə hökuməti isə dünyada COVID–19 səbəbindən yaranmış çətin iqtisadi vəziyyətdən az itkilərlə çıxmağı bacarıb. R.T.Ərdoğan deyib: “Türkiyə 2020- ci ili ümumi daxili məhsulun 1,8 faiz artımı ilə başa vurub ki, bu da “Böyük iyirmilər”ə daxil olan dövlətlərin arasında ən yüksək göstəricidir. 2021-ci ildə Türkiyədə ÜDM-nin 9 faizdən çox artacağı proqnozlaşdırılır.

R.T.Ərdoğan sonda fəxrlə qeyd edib ki, ötən il Türkiyənin məhsul ixracının həcmi 212 milyard dollara çatıb. Bu, ölkənin bütün tarixi ərzində ən yüksək göstəricidir. Bu il bu rəqəmin daha da artacağı gözlənilir.

M.HACIXANLI, “Xalq qəzeti”

22 Oktyabr 2021 01:01 -

Köhnə versiyamızdan xəbərləri izlə