Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Dövlət siyasətinin mərkəzində vətəndaş və onun rifahı durur

 

 

Azərbaycan yeni sosial islahatlar paketi ərəfəsindədir. Artıq Prezident İlham Əliyev oktyabrın 16-da imzaladığı “Əhalinin sosial rifahının qorunması sahəsində əlavə tədbirlər haqqında” sərəncamla bunun anonsunu vermiş oldu. Sərəncamda bildirilir ki, ölkə əhalisinin rifahının yaxşılaşdırılması aparılan sosial-iqtisadi siyasətin mühüm prioritetlərindən biridir. Son illərdə bu istiqamətdə ciddi irəliləyişlərə nail olunmuş, əhalinin sosial müdafiəsinin gücləndirilməsi, sosial ödənişlərin, əməkhaqlarının artırılması istiqamətində ardıcıl addımlar atılmışdır.

Bu məqsədlə 2019-cu ildə iki sosial islahat zərfi qəbul olunaraq icra edilmiş, müavinət və təqaüdlərin məbləğinin orta hesabla 92 faiz, əmək pensiyasının minimum məbləğinin 72 faiz, minimum əməkhaqqının 92 faiz, dövlət büdcəsindən maliyyələşdirilən qurumlarda işləyənlərin əməkhaqlarının orta hesabla 50 faiz artırılması təmin edilmişdir. Görülmüş tədbirlər nəticəsində 2018-ci ilin əvvəli ilə müqayisədə orta aylıq nominal əməkhaqqının məbləğində 39 faiz, əmək pensiyalarının orta məbləğində 60 faiz, sosial müavinətlərin orta məbləğində 2 dəfə, Azərbaycan Res­publikası Prezidentinin təqaüdlərinin orta məbləğində isə 2,2 dəfə artım əldə olunmuşdur.

2021-ci ildə ölkəmiz COVID–19 pandemiyasının yaratdığı sarsıntı­ları geridə qoyaraq, inamlı şəkildə iqtisadi bərpa yoluna qayıtmışdır. Bu, dünya miqyasında pandemiyaya qarşı peyvəndlərin ərsəyə gətirilməsi, ölkəmizdə isə insanlarımızın bu xəstəlikdən qorunması istiqamətində dövlət tərəfindən əhatəli və effektiv sosial-iqtisadi tədbirlərin, xüsusilə genişmiqyaslı peyvəndləmə kam­paniyasının keçirilməsi, həmçinin 2020-ci ildə əhalinin sosial baxım­dan həssas qruplarına maliyyə və sosial dəstək göstərilməsi, eləcə də pandemiyadan zərər çəkmiş iqti­sadi sahələrdə fəaliyyət göstərən sahibkarlara, qurumlara vergi və bank-kredit güzəştlərinin verilməsi sayəsində mümkün olmuşdur. Bunun­la yanaşı, qeyd olunmalıdır ki, dünya iqtisadiyyatında bərpa meyillərinin güclənməsi müşahidə olunmaqda­dır. Lakin dünya miqyasında iqtisadi fəallığın bərpası və məcmu tələbin artması templərinin vaxtilə dayandı­rılmış istehsal, nəqliyyat-logistika və təchizat güclərinin iqtisadi dövriyyəyə qaytarılması sürətini xeyli üstələməsi beynəlxalq bazarlarda bir çox əmtəələrin qiymətlərinin əhəmiyyətli dərəcədə qalxmasını şərtləndirərək yeni çağırışlar yaratmışdır.

Bu vəziyyət ölkəmizə idxal olunan əmtəələrin, o cümlədən bir sıra ərzaq məhsullarının qiymətlərinin artımına səbəb olur və nəticə etibarilə sosial baxımdan ən həssas əhali qruplarının rifah halına mənfi təsir göstərir.

Beynəlxalq bazarlardakı proseslərin ölkədaxili qiymətlərə sirayət etməsinin ölkə əhalisinə, xüsusilə həssas əhali qruplarına mənfi fəsadlarını yumşaltmaq və əhalinin sosial müdafiəsini gücləndirmək məqsədilə Nazirlər Kabinetinə tapşırılır ki, əməkhaqlarının, əmək pensiyalarının və sosial müavinətlərin, təqaüdlərin və digər sosial ödənişlərin məbləğlərinin artırılmasının təmin edilməsi ilə bağlı Azərbaycan Res­publikasının 2022-ci il dövlət büdcəsi layihəsində müvafiq tədbirlərin əks etdirilməsi üçün təkliflərini hazırla­yıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.

Gözlənilir ki, Prezidentin yeni sərəncamı ilə sosial ödənişlərdə ciddi artımlar təmin ediləcək. Vətəndaş rifa­hının təminatı və həssas qrupların so­sial müdafiəsi Prezident İlham Əliyevin siyasətində başlıca istiqamətdir. Cənab Prezident bu və ya digər rayonda ictimaiyyətin nümayəndələri ilə görüşlərində də daim bildirib ki, Azərbaycan vətəndaşının rifahının yüksək dərəcədə təmin olunması dövlətin başlıca vəzifəsidir.

Qeyd etməliyik ki, Prezident İlham Əliyevin imzaladığı “Əhalinin sosial rifahının qorunması sahəsində əlavə tədbirlər haqqında” sərəncam əhalinin, xüsusilə həssas qruplardan olan vətəndaşların sosial rifahının qorunmasını təmin edir. Sərəncam beynəlxalq bazarlardakı proseslərin ölkədaxili qiymətlərə sirayət etməsinin ölkə əhalisinə mənfi fəsadlarının yumşaldılması və əhalinin sosial müdafiəsinin gücləndirilməsi məqsədi daşıyır. Beləliklə, aztəminatlı əhali təbəqəsi üçün kommunal tariflərin dəyişdirilməsi onların gəlirlərinin artı­rılması istiqamətində atılan addımlarla uzlaşdırılır.

Bu məqsədlə Nazirlər Kabineti əməkhaqlarının, pensiya və sosial müavinətlərin, təqaüdlərin və digər so­sial ödənişlərin məbləğlərinin artırılma­sı ilə bağlı təkliflər hazırlayaraq dövlət başçısına təqdim edəcək.

Sosial ödənişlərdə növbəti artımları nəzərdə tutan bu sərəncam vətəndaş rifahının təminatı və həssas qrup­ların sosial müdafiəsinin Prezident İlham Əliyevin siyasətində başlıca istiqamət olduğunu bir daha təzahür etdirir. Bu sahədə islahatlar xüsusilə son illərdə inqilabi xarakter alıb. Sosial islahat paketləri nəticəsində müavinət və təqaüdlərin, pensiya və əməkhaqlarının ciddi şəkildə artımı təmin edilib, yeni sosial təminat növləri təsis olunub.

2018-ci ilin əvvəli ilə müqayisədə ölkəmizdə orta aylıq nominal əməkhaqqı məbləği 39 faiz, əmək pensiyalarının orta məbləği 60 faiz, so­sial müavinətlərin orta məbləği 2 dəfə, Prezidentin təqaüdlərinin orta məbləği 2,2 dəfə artıb. Son üç ildə ölkəmizdə xalis minimum əməkhaqqının xalis orta aylıq əməkhaqqına olan nisbəti 2018-ci ildəki 26,5 faizdən 2020-ci ildə 38 faizə yüksəlib, bu da aşağı gəlirli vətəndaşlarımızın rifahının artırılma­sı, layiqli əməkhaqqı hədəflərinə nail olunması və həmin nisbətin Avropa Sosial Xartiyası normalarına uyğun­luğunun təmin edilməsində ciddi irəliləyişdir.

Ümumilikdə, son üç ildə ölkəmizdə fərman, sərəncam, qanun kimi ibarət olmaqla qəbul edilən 900-dən çox normativ-hüquqi akt əhalinin sosial rifahın yaxşılaşdırılmasına xidmət edib və sosial təminat növləri üzrə ödəniş alanların sayı 160 min nəfər artaraq 2,4 milyonu ötüb.

“Əhalinin sosial rifahının qorunma­sı sahəsində əlavə tədbirlər haqqında” yeni sərəncam ölkəmizdə sosial inki­şafın davamlı xarakter almasını, sosial ödənişlərdə ciddi artımları təmin edən islahatların növbəti mərhələsinə keçidi təmin edir və ümumilikdə 1 milyon 800 min nəfərədək vətəndaşımızın rifahı­nın daha da yaxşılaşmasına xidmət edəcək.

Təbii qaz və elektrik enerjisi üzrə taarif tənzimlənməsi ilə paralel olaraq maaşların yüksəldilməsi istiqamətində atılan addımlar tariflərdəki artımları kompensasiya etmək baxımından ciddi addımdır, dövlət siyasətinin mərkəzində vətəndaşın, onun rifahının durduğunu bir daha nümayiş etdirən amildir.

Hazırda Prezidentin sərəncamının icrası istiqamətində davamlı işlər aparılır. Bununla bağlı artıq bir sıra nazirliklər atılacaq addımlar haqqında ölkə ictimaiyyətinə ilkin məlumatlar veriblər. Maliyyə Nazirliyi­nin məlumatında deyilir: “Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən aidiyyəti dövlət qurumları ilə əlaqələndirilmiş şəkildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin imzaladığı 16 okt­yabr 2021-ci il tarixli “Əhalinin sosial rifahının qorunması sahəsində əlavə tədbirlər haqqında” Sərəncamdan irəli gələn tapşırıqların 2022-ci ilin dövlət büdcəsi layihəsində əks etdirilməsi üçün müvafiq təkliflərin hazırlanması üzrə işlərə artıq başlanılıb”.

Maliyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Mais Piriyevin sözlərinə görə, bununla əlaqədar 2022-ci ilin dövlət büdcəsinin gəlir və xərclərinə baxılır, əməkhaqlarının, əmək pensiyalarının və sosial müavinətlərin, təqaüdlərin və digər sosial ödənişlərin məbləğlərinin artırıl­masının maliyyə təminatının yara­dılması ilə bağlı məsələlər nəzərdən keçirilir. Dövlət büdcəsi layihəsinə müvafiq düzəlişlərin edilməsi ilə bağlı təkliflər ən qısa müddətdə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim olunacaqdır.

Prezident İlham Əliyevin 16 oktyabr 2021-ci il tarixli sərəncamı ilə bağlı Əmək və Əhalinin Müdafiəsi Nazirliyinin oktyabrın 18-də yaydığı məlumatda isə bildirilib ki, sənəd sosi­al ödənişlərin artırılması istiqamətində növbəti mühüm addımın atılmasına imkan verir. Sərəncamın icrası olaraq əmək müqaviləsi ilə çalışanların böyük qisminin əməkhaqları artırıla­caq. Həmçinin minimum əməkhaqqı alanların da məvacibləri yüksəldiləcək. Bu islahat 1 milyonadək işçini əhatə edəcək.

Pensiya və sosial müavinət artımı ilə bağlı tədbir isə 450 min şəxsə mü­vafiq sosial ödənişin artırılmasına im­kan verəcək. Təqaüd artımı istiqaməti tələbələrin rifahına dəstək məqsədi daşıyır. Təqribən, 130 minədək tələbənin təqaüdündə artım olacaq.

Sərəncamın icrası ilə sosial ödəniş artımı aztəminatlı əhali kateqoriyasına aid ailələri də əhatə edəcək.

Onu da qeyd edək ki, Dünya Ban­kının bu günlərdə açıqladığı Avropa və Mərkəzi Asiya regionu üzrə yenilənmiş proqnozda bu il Azərbaycan iqtisa­diyyatının 5 faiz, 2022-ci ildə 3,1 faiz, 2023-cü ildə isə 2,7 faiz yüksələcəyi göstərilir. İnanırıq ki, gözlənilən iqti­sadi artım postpandemiya dövründə dövlətimizin yeni sosial layihələr həyata keçirmək istiqamətində imkan­larını genişləndirəcək.

Paşa ƏMİRCANOV, “Xalq qəzeti”

22 Oktyabr 2021 00:28 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə